ABŞ: Suriya sülh planı “həlledici mərhələ”dir

ABŞ dövlət katibi Suriya münaqişəsinin dinc yolla nizamlanması üzrə BMT planını "həlledici mərhələ” adlandırıb.
John Kerry deyib ki, plan "müharibə ilə sülh arasında... həqiqi seçim” imkanı verir.
Suriyaya dair qətnamə BMT Təhlükəsizlik Şurasında yekdilliklə dəstəklənib.
Münaqişənin həlli üzrə plan danışıqların cədvəlini təsdiqləyərək 6 ay ərzində milli birlik hökumətinin qurulmasını nəzərdə tutur.
Müxalifət və hakimiyyət arasında danışıqlar 2016-ci ildə başlamalıdır.
BMT qətnaməsində Bəşər əl-Əsədin gələcək rolu barədə məlumat verilmir. Qərb ölkələri onun getməsini tələb edir.
Prezident Barack Obama deyib ki, Bəşər əl-Əsəd əksər suriyalıların gözündə legitimliyini itirib və münaqişəni dayandırmaq naminə vəzifəsini tərk etməlidir.
Prezident əl-Əsəd vəzifədən getməyəcəyini deyib.
2011-ci ildən bəri davam edən münaqişə nəticəsində 250 mindən artıq adam həlak olub. 11 milyon suriyalı isə didərgin düşüb.