Palçıq vulkanlarından niyə faydalanmırıq? - ARAŞDIRMA

{title

 

"Palçıq vulkanının tullantılarındakı müxtəlif süxurlar lazımlı mikroelementlərlə - bor, manqan, vanadium, mis, litium və sairə, vulkan suları isə yod, bor, bromla zəngindir. Vulkan palçığı müalicəvi preparatdır və təbabətdə geniş istifadə olunur. Azərbaycandakı bəzi vulkanların palçığı öz tərkibinə görə Naftalan nefti ilə uyğun gəlir. Azərbaycandakı vulkanların palçığı yerin təkindən yer səthinə çıxdığı üçün ekoloji cəhətdən çox təmizdir və heç bir antropogen təsirə məruz qalmır”.

 

Bunu 42-CiParalel.Az-a AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, professor, əməkdar elm xadimi Adil Əliyev deyib.

 

O bildirib ki, vulkan gili keyfiyyətli keramzit xammaldır, inşaatda istifadə olunur, gillərdən silikat kərpic də hazırlanır: "Vulkanlar çox dərin təbii kəşfiyyat quyusu adlanır, yerin dərin qatlarında yerləşən neft və qaz yataqlarının axtarışında neftçi geoloqlara kömək edir. Bundan başqa, palçıq vulkanlarının fəaliyyəti zəlzələlərlə də genetik əlaqədardır. Böyük dərinliklərdən çıxan, ekoloji təmiz vulkan palçığı biostimuliyalacı təsirə malik kimyəvi mikroelementlər və üzvi maddələrlə zəngindir. Biz keçən əsrin 70-80-ci illərində tibb elmləri doktoru Fəridə Əfəndiyeva və başqa mütəxəssislərlə birgə tədqiqatlar apararaq vulkan palçığının balneoloji xassələri və geokimyəvi xüsusiyyətlərini öyrənib ölkənin 15-dən çox tibbi müəssisəsində vulkan palçığı ilə müalicə praktikasını tətbiq etmişdik. Vulkan palçığı özünün müstəsna yüksək balneoloji xassələrinə görə bir çox xəstəliklərin - hərəkət aparatı, oynaqlar, onurğa sütunu, periferik - əsəb sistemi, dəri, mədə-bağırsaq traktı, şəkər diabeti, aterosklerozun müalicəsi, eləcə də ginekologiya, urologiya və xüsusilə kosmetologiyada istifadə olunması üçün zəruridir. Çox təəssüf ki, hazırda bu palçıqdan istifadə olunmur. Bunu xüsusi vurğulamaq istəyirəm. Ötən əsrin 80-ci illərində həkimlər üçün palçıq vulkanlarının xəritələrini tərtib etmişdim. Məsələn, Şamaxı rayonunda olan bütün palçıq vulkanları müalicəvi əhəmiyyətlidir.