Bir ildən sonra quldur dəstə tutuldu

Xaçmazda iş adamını qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə başlayıb.
42-Ciparalel.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Belə ki, sözü gedən aktda qeyd edilib ki, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq, Xaçmazda quldurluq, oğurluq cinayətləri ilə məşğul olub. Həmçinin rayon sakini Nəzakət Hacıyevanın evinə girərək, onu zəhərləyib öldürüb, evdən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili qadının meyiti ilə birlikdə yandırıblar.
Topdan satış mərkəzi sahibi olan İlqar Məmmədov da dəstənin qurbanlarından biri olub. Belə ki, evindən 289 min manat pul və qızıl-zinət əşyaları götürmək üçün quldur dəstə üzvləri İlqar Məmmədovu da bıçaqlayaraq qətlə yetirmişlər.
Onlara Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), 181-ci (quldurluq) və s. maddələri üzrə ittiham verilib.
İttihama münasibət bildirən Qalib Kərimov özünün qismən təqsirli bilib. Firudin Axverdiyev və Vüsal Rüstəmov isə özlərini təqsirli bilməyib.
Məhkəmədə ifadə verən Qalib Kərimov deyib ki, Nəzakət Hacıyevanın epizodu üzrə hadisədə iştirak etməyib: "Həmin hadisəni mən törətməmişəm. Zorla boynuma qoyulub. Guya mən Nəzakəti kolbasa-çörəyinə zəhər qataraq öldürüb, evindən oğurluq etmişəm. Bunu elə Firudin deyib. Ona görə də mən İlqarın epizodunda onun olduğunu demişəm. Halbuki, İlqar Məmmədovun epizodu üzrə mənlə Vüsal olub. Yəni Firudin məni ilişdirdi. Orda-burda deyirdi ki, Qalibin üstünə başqa da ölüm işi qoyacam. İstintaq aparılan zaman müstəntiq dedi ki, Nəzakəti də sən öldürmüsən. Mən də acığa düşüb, Firudinin də İlqar Məmmədovun öldürülməsi epizodunda iştirak etdiyini dedim".
Təqsirləndirilən şəxs qeyd edib ki, İlqar Məmmədovun evinə oğurluq məqsədilə giriblər: "2012-ci ildə həmin evdən oğurluq etmişəm. Orada saxlanıb həbs edilmişdim. İndi isə fikirləşirdim ki, məni tanımaz. Hadisə baş verən gün Vüsalla oturub içmişdik. Getdik İlqarın evinə. Məqsəd əvvəlcədən həmin yerə baxmaq idi. Kameraların hardan çəkdiyini müşahidə edəcəkdim ki, sonra oğurluğa girəndə bilim. Evi ilə ticarət yeri bitişik idi. Həmin yerə müştəri kimi girdim. İlqar məni tanıdı. Dedi, mən onun evindən oğurluq etmişəm. Başladı məni söyməyə. Bu zaman soyuducunun yanından bıçağı götürüb, ona bir neçə zərbə vurdum".
Qeyd edək ki, qətl hadisəsi keçən il iyunun 16-da Xaçmazda baş verib.