Almaniya səfiri Sumqayıtda olub

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Mixael Kindsqrab Sumqayıt şəhərində olub.
Mixael Kindsqrab Sumqayıt şəhəri İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və bələdiyyə sədri Sultan Əsədovla görüşüb. Görüşdə Azərbaycanın üçüncü böyük şəhərinin inkişafı və gələcək perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Mixael Kindsqrab Sumqayıt Paralimpiya idman kompleksində Azərbaycan milli paralimpiya idman komandasının məşqçiləri ilə də görüşüb.
Səfir BASF Caspian şirkətini ziyarət edib. BASF Caspian şirkətinin baş direktoru Serkan Selçuk şirkət haqqında məlumat verib. Şirkətin istehsal etdiyi məhsullardan və Azərbaycandakı fəaliyyətindən danışan direktor qeyd edib ki, 2017-ci ildən etibarən BASF konserni Azərbaycanda inşaat kimya məhsullarının istehsalı ilə yanaşı digər sahələrdə, xüsusilə kənd təsərrüfatı kimyası, neft kimyası, məişət kimyası məhsullarının satışını reallaşdırmağı nəzərdə tutub.
Səfir görüşün ikinci hissəsində müasir avadanlıqlarla təchiz olunmuş istehsalat sahəsinə və həmçinin bu avadanlıqlar vasitəsilə istehsal edilən hazır məhsullara baxış keçirərək zavodun cari istehsal vəziyyətini və potensial imkanlarını yüksək dəyərləndirib.