Azərbaycan və Ermənistan liderləri “zorakılıq hallarını müzakirə ediblər”

İsveçrədə İlham Əliyev və Serj Sarkisyanın təkbətək görüşü prezidentlərə mövqelərini dəqiqləşdirmək imkanını vermiş oldu, beynəlxalq vasitəçilər Bern şəhərində başa çatan danışıqlardan sonra bəyan ediblər.
ATƏT Minsk Qrupu həmsədrləri tərəfindən yayımlanan açıqlamada deyilir ki, tərəflər təmas xəttində baş verən zorakılıq hallarını müzakirə edərkən mülki əhali arasında itkilərlə bağlı xüsusi narahatlıq izhar ediblər.
"Prezidentlər təmas xətti və Azərbaycan-Ermənistan sərhədi boyunca zorakılığın azaldılması və onların araşdırma mexanizminə dair təkliflərlə bağlı həmsədrlərin davam edən fəaliyyətini dəstəkləyiblər”, ATƏT saytındakı bəyanatda qeyd olunur.
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri prezidentlərin təkbətək danışıqlarının bir saatdan çox davam etdiyini bildirib. James Warlick bu barədə özünün Twitter hesabında yazıb.
İlham Əliyevlə Serj Sarkisyanın ayrıca görüşündən sonra danışıqlara Minsk qrupunun həmsədrləri və xarici işlər nazirləri də qatılıb.
Şənbə günü Berndə prezidentlərlə İsveçrənin xarici işlər naziri Didier Burkhalter də görüşüb.
İsveçrə Xarici İşlər Nazirliyi bildirir ki, zirvə görüşünə ev sahibliyi etsə də, Ermənistan və Azərbaycan arasındakı müzakirələrə qatılmayıb.
İlham Əliyevlə Serj Sarkisyan sonuncu dəfə 2014-cü ildə görüşüblər.