Türkiyə-Rusiya qarşıdurmasının hansı riskləri var?

Vladimir Putin hazırkı Türkiyə rəhbərliyi ilə anlaşmanın çətin olduğunu deyib.
"Dövlətlərarası səviyyədə mən münasibətlərin yoluna qoyulması perspektivlərini görmürəm, amma humanitar səviyyədə bu mümkündür. Hərçənd ki, biz burada da məhdudiyyətlər tətbiq etməyə məcburuq”.
Suriya siyasəti barədə
Vladimir Putin Suriyadakı Rusiya bazasına ehtiyac olub-olmadığı barədə danışıb.
"Mən bilmirəm orda [Latakiyada], bizə baza lazımdır, ya yox? O bir strukturdu axı, ora pul yatırmaq lazımdır. Bəziləri, o cümlədən bizdə də, bazaya ehtiyac olmadığını hesab edirlər. Mən buna əmin deyiləm”.
Rusiya lideri deyib ki, orta mənzilli raket vasitəsilə vəzifələri yerinə yetirmək mümkün olduğu üçün daimi hərbi bazaya ehtiyac sualı yaranır.
"Müvəqqəti baza – fəqrli məsələdir. Orada kök salmağa gəldikdə isə bilmirəm bu lazımdı ya yox.”

Vladimir Putin Suriya münaqişəsinin tənzimlənməsi üzrə BMT qətnaməsinin hazırlanmasını nəzərdə tutan ABŞ təşəbbüsünü prinsip etibarilə dəstəklədiyini bildirib.
Lakin o deyib ki, Suriyada hakimiyyət formasını və ölkənin kim tərəfindən idarə olunacağını Suriya xalqı müəyyən etməlidir.
Sentyabr ayında Suriyada hərbi hava qüvvələrini yerləşdirən Rusiya, Bəşər əl-Əsədə müxalif qüvvələri hədəfləyir.
İqtisadiyyat
Mətbuat konfransında iqtisadiyyatla bağlı məsələləri şərh edən rusiya lideri böhranın zirvə nöqtəsinin arxada qaldığını deyib.
Onun sözlərinə görə neft qiymətləri düşsə də istehsal və kənd təsərrüfatı sahəsində kiçik artım müşahidə olunur.
Bununla yanaşı Vladimir Putin iqtisadiyyatın çətin dövrdən keçdiyini etiraf edib.
"Bizim iqtisadiyyat neft və qaz qiymətlərindən asılıdır. Biz Brent markalı neftin 100 dollar olacağını gözləyirdik - o isə 50-ə çatdı", - deyən prezident enerjidaşıyıcılarının qiymətlərinin yenidən düşdüyünü qeyd edib.
Cənab Putinin mətbuat konfransları adətən uzun müddət davam edir. Onların gedişatında Rusiya lideri tez-tez, sərt və "bəzəkli" ifadələrdən istifadə edir.
Ukrayna
"Biz heç vaxt deməmişik ki, orda [Ukrаynada] hərbi sahə ilə bağlı müəyyən məsələlərin həlli ilə məşğul olan adamlar yoxdu. Lakin bu, orda nizamlı qoşunların mövcud olması demək deyil”.
Əsirlərin dəyişdirilməsi barədə danışan Vladimir Putin deyib ki, hər iki tərəfdə saxlanılan adamların dəyişdirilməsi mühüm əhəmiyyət daşıyır.
"Prezident Petr Poroşenkonun dediyi kimi hamını hamıya dəyişdirmək lazımdır”.
Putinin sözlərinə görə Rusiya münaqişənin kəskinləşməsində yox, həllində maraqlıdır.
Prezident Putinin mətbuat konfransında toxunduğu başqa mövzular:
- Prezident Putin Sepp Blatter-i tərifləyərkən deyib ki, idman sahəsində göstərdiyi xidmətlərə görə FİFA rəhbəri Nobel Sülh mükafatı ilə təltif olunmalıdır.
- Putin ölkəsinin "rəqabət prinsipini məhv edən dopinq” əleyhinə olduğunu deyib. Onun sözlərinə görə bu sahədə qanunvericiliyi pozanlar cəzalandırılmalıdır.
- Rusiya lideri qızlarının Rusiyada yaşadığını deyib və onların "siyasət və biznesdə” iştirak etmədiyini vurğulayıb.