BMT: Azərbaycan işgəncələrlə bağlı yüzlərlə ittihamı araşdırmayıb

{title

42-ciparalel.az

Birləşmiş Millətlər Təşkilatının yeni hesabatında deyilir ki, son bir neçə ildə Azərbaycan təcridxanalarında işgəncələrin olduğu barədə yüzlərlə ittihamlara baxmayaraq, hökümət onların birini də araşdırmayıb, Human Rights Watch bildirib.

İşgəncələr Əleyhinə Komitənin Azərbaycana dair dördüncü hesabatında hökümət "ədalətsiz saxlanılmış" insan haqları müdafiəçilərinin azad edilməsinə çağrılıb.

BMT-nin İşgəncələr Əleyhinə Komitəsi Azərbaycanda işgəncə və pis rəftara dair məlumatları noyabrın 11 və 12-də araşdırıb və dekabrın 9-da hesabatı çap edib. Eyni gündə hökümət 16 ay həbsdə saxlanılan məşhur insan haqları müdafiəçisi Leyla Yunusu azad edib.

BMT-nin hesabatı ilə bağlı BBC Azərbaycancaya danışan Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü Bəxtiyar Sadıqov ittihamları rədd edib.

Həbsxanada pis rəftar

"Hökümət insan haqları müdafiəçilərini bir-bir həbs edib və onlara pis rəftar barədə iddiaları inkar edir,” Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Rachel Denber deyib.

"BMT-nin İşgəncələr Əleyhinə Komitəsi hökümətə aydın şəkildə bildirib ki, hökümət insan haqları müdafiəçilərini azad etməli və həbsxanada onlara qarşı pis rəftar hallarını araşdırmalıdır."

Komitə son illərdə hüquq-mühafizə orqanlarına edilən yüzlərlə işgəncə şikayətlərinin heç birinin araşdırılmaması və bir nəfərin belə istintaqa cəlb edilməməsindan narahat olduğunu bildirib.

Hesabatda həmçinin insan haqları müdafiəçiləri- Leyla və Arif Yunus, İlqar Məmmədov, İntiqam Əliyev, Məhəmməd Əzizov, Rəşadət Axundov və Rəşad Həsənovun həbsi və onlara qarşı pis rəftardan "dərin narahatlıq" bildirilib.

Azərbaycana qarşı ittihamlarla razılaşmayan deputat Bəxtiyar Sadıqov deyir ki, o BMT-nin konkret faktları malik olduğuna inanmır.

"Mən qətiyyən razı deyiləm. Azərbaycanda son vaxtlar penitensiar sistemdə çox ciddi islahatlar aparılıb. Bütövlükdə bu sahədə şəffaflığa böyük diqqət yetirilib."

Deputat əlavə edib ki, Azərbaycan "hətta Arif Yunus, Leyla Yunus kimi çox ciddi maddələrlə ittiham olunaraq, təqsirləri sübut olunmuş və cəza çəkən insanlara humanistlik göstərdi, onları ev dustaqlığına dəyişib."

Komitə Azərbaycana dair digər problemləri də sadalayıb: məhbusların öz seçimi ilə vəkillərlə görüşə bilməməsi, məhkəmə və vəkillərin azad olmaması, insan haqlarıyla bağlı çalışan bir neçə vəkilin kollegiyadan xaric edilməsi.

Saxlanılanların hüquqları, məişət zorakılığı, məhbuslara psixoloji və tibbi yardım göstərilməsi sahəsində qəbul edilmiş qanunlar Azərbaycanın atdığı bəzi pozitiv addımlar kimi hesabatda yer alıb.

Azərbaycan İşgəncələr Əleyhinə BMT Konvensiyasına 1996-cı ildə qoşulub.