Azərbaycanın İpək Yolundan faydalanmaq imkanı: ÜTT-ə üzvlük və Rusiya ilə rəqabət

{title

42-ciparalel.az
 

Azərbaycan prezidenti İlham Əliyev Çinə bu həftə rəsmi səfərində İpək Yolu üzrə iqtisadi zolağın yaradılması təşəbbüsünü dəstəklədiyini diqqətə çatdırıb və əlavə edib ki, Azərbaycandan keçəcək yol Çin mallarının Avropaya çatdırıla biləcəyi ən qısa yol ola bilər.

"Azərbaycan qədim İpək Yolu üzərində yerləşir. Çin mallarının ölkəmizdən Türkiyəyə, oradan da Avropaya çıxarılmasında respublikamız əlverişli coğrafi mövqeyə, infrastruktur imkanlarına malikdir,” cənab Əliyev deyib.

Təhlilçilər Azərbaycanın qərb və şərq arasında tranzit yolunun artırılmasıyla bağlı müxtəlif fikirlər - Azərbaycanın nəqliyyat və gömrük sistemində islahat aparmağı, Ümumdünya Ticarət Təşkilatına üzv olmağı irəli sürür.

ABŞ-ın Miçiqan Universitetində iqtisadi tədqiqatlarla məşğul olan iqtisadçı Zöhrab İsmayıl hesab edir ki, Azərbaycan özünün dəmir yolları, avtomobil yollarını yenidən qurmaqla və müasirləşdirməklə, gömrük sistemində islahat aparmaqla, Xəzər dənizində nəqliyyat imkanlarını genişləndirməklə Qərb və Şərq arasında tranzit rolunu dəfələrlə artıra bilər.

"Çox təəssüf ki, son 10 ildə 80 milyardan artıq neft pulları xərclənsə də, bunlar edilmədi”, o deyir.

Şimali Dakota Dövlət Universitetinin maliyyə professoru Fariz Hüseynli də nəqliyyat yollarının beynəlxalq standartlara uyğunlaşdırılması və gömrüklə bağlı fikirlərlə razılaşır.

Əks halda, onun sözlərinə görə, "Hind okeanından keçərək birbaşa Qırmızı dənizdən Avropaya gedən daha ucuz dəniz nəqliyyatı" ilə rəqabət ortaya çıxa bilər.

18 illik nəticəsiz danışıqlar

İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, ilk növbədə Azərbaycan Ümumdünya Ticarət Təşklatına (ÜTT) üzv olmalıdır ki, tərəflər arasında güvən yaransın.

Zöhrab İsmayıl da ÜTT üzvlüyünü priotitet hesab edir.

"Hazırda Azərbaycan dövlətinin bütün bu modernləşməni və islahatları aparmaq üçün maddi resurları yetərli deyil. Amma düşünürəm ki, xarici investisiya imkanlarından yararlanmaq olar.”

Xarici işlər nazirinin müavini, ÜTT ilə danışıqlarda bilavasitə məsul şəxs Mahmud Məmmədquliyev bir müddət öncə mətbuata açıqlamasında bildirdi ki, zəruri sənədləri təqdim olunmadığı üçün Azərbaycanın təşkilata üzvlük məsələsi uzanır.

İqtisadçı Cəfərliyə görə, ÜTT üzvlüyü gömrük və vergilərdə, məhkəmə sistemində bəlli islahatlar tələb edir. "Azərbaycan ÜTT ilə 1997-ci ildən danışıqlar aparır, amma ortada nəticə yoxdur. Gürcüstan və Ermənistan 10 ildən çox, Rusiya 2 ildir, Qazaxıstan isə bu ildir ÜTT-ə üzvdür.”

Yüklər üçün tarif

Nəqliyyat şəbəkəsinin inkişafı və multi-modal blok qatar - "Silk Wind” vasitəsilə yüklərin daşınmasının təşkili üçün birgə fəaliyyət prinsipləri haqqında memorandum hələ 2012-ci ildə imzalanıb. Bu təşəbbüsü ilk dəfə Qazaxıstan irəli sürmüşdü.

Politoloq İlqar Vəlizadə deyir ki, "Silk Wind” layihəsinin məqsədi gömrük orqanlarının və iştirakçı ölkələrin operatorları arasında ilkin informasiya mübadiləsi sistemi ilə multimodal qatar nəqliyyat marşrutunun yaradılmasıdır.

Layihədə iştirak edən ölkələr onun çərçivəsində yüklərin daşınması üçün bir tarif təqdim etməyi planlaşdırırlar. İlk sınaq bu ilin avqust ayında test edildikdən sonra artıq konsorsiumda müvafiq strukturların mövcud əməkdaşlığı barədə qərar qəbul edilib.

Politoloq hesab edir ki, Özbəkistan və Türkmənistan kimi ölkələr üçün Rusiya coğrafi yerləşmə baxımından qonşu sayıla bilməz. Bu ölkələr üçün Rusiyanın da mütləq iştirakını təmin edəcək marşrutlar tapmaqdan çox öz aralarında nəqliyyat sahəsində əməkdaşlıq qurmaq daha vacibdir.

"Layihənin aktuallığı məhz bu iştirakçıların fəaliyyəti ilə mümkündür. Yalnız bir marşrut var ki, effektivliyi zaman ərzində nümayiş olunacaq. Bu şərtlər altında, Rusiya iqtisadi baxımdan daha sərfəli marşrut, sağlam rəqabət təmin etmək üçün alternativ logistika yolları təklif edə bilər,” Vəlizadə vurğulayır.

Sovet dövründə yalnız bir nəqliyyat qovşağı mövcud olub – Moskva və bütün nəqliyyat marşrutları ona bağlanırdı. İndi fəal parallel sxemlər həyata keçirilir, əvvəl mövcud olmayan avtomobil və dəmir yollarının yeni sistemi sıralanır. Bu regional ticarət və iqtisadi əlaqələrin müasir xarakterinə müvafiq yeni mövcud marşrutları tamamlayır.

Rusiya-Azərbaycan: rəqib?

Cəfərli əlavə edir ki, İpək Yolunun böyük mal dövriyyəsi Azərbaycandan keçsə, tranzit məsələlərindən hər il 100 milyon dollara yaxın vəsait qazana bilər, bir şərtlə ki, yükdaşıma dövriyyəsi ildə 8-10 milyon ton olsun.

"Tək maneə yüklərin bərələrlə daşınması ola bilər ki, bu da vaxt itkisinə gətirib çıxaracaq və mal dövriyyəsi zəifləyəcək.”

Cəfərli bu məsələdə Rusiyanın Azərbaycana əsas rəqib olacağını deyir.

"Bərələr məsələsi müasir standartlarla həll olunmasa, zaman itkisindən irəli gələrək bəzi şirkətlər məhz Rusiya üzərindən keçən marşruta üstünlük verəcəklər. Bu da Azərbaycanın gələcəkdə nəzərdə tutulmuş gəlirlərinin azalmasına gətirib çıxaracaq.”

İpək yolu tarixdə Avropa ilə Asiya arasında yüklərin daşınmasında çox böyük rol oynayıb. Sovetlər İttifaqının süqutundan və Cənubi Qafqaz, Mərkəzi Asiya ölkələri dövlət müstəqilliyi əldə etdikdən sonra onun bərpası mümkün olub.

Azərbaycan Avropa İttifaqının TRASECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Koridoru) Proqramının hazırlanması və yaradılmasının təşəbbüskarı olan 8 ölkədən biridir.