Bilal Ərdoğan İŞİD-lə heç bir əlaqəsinin olmadığını bildirib

42-ciparalel.az
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan İŞİD-lə işbirliyi haqqında xəbərləri təkzib edib.
O, nə özünün, nə də ailəsinin İŞİD-in nəzarətində olan torpaqlarda qeyri-qanuni neft ticarəti ilə əlaqəsi olmadığını bildirib.
Bilal Ərdoğanın belə bir açıqlama verməsinə səbəb Rusiyanın onu terrorçularla iş görməkdə ittiham etməsi olub. Hətta Rusiyanın Müdafiə Nazirliyi bununla bağlı dəlillərinin olduğunu da deyirdi.
Rusiya rəsmiləri İŞİD-in il ərzində neftlə ticarətdən təxminən 2 milyard dollar qazandığını və həmin neftin əsas istehlakçısının məhz Türkiyə olduğunu vurğulayırdılar.
Bundan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanı eyni cinayətdə - terrorçularla işgüzar əlaqələr qurmaqda ittiham edib. "Bizim dəlillərimiz var və biz onları dünyaya təqdim edəcəyik", - deyən prezident Rusiyanın bu biznesdə maraqlarını müdafiə edən şəxs olaraq Georq Həsvani adlı suriyalı iş adamını göstərib.