Rusiya ilə mübahisədə Türkiyə öz müttəfiqlərinə üz tutur

Türkiyə rəsmiləri "dost paytaxtlara” səfərlər edərək Rusiya ilə enerji və ticarət əlaqələrinə yeni alternativlər axtarırlar.
Belə əlamətlər də var ki, Moskva və Ankara arasında münasibətlərin qırılması, Türkiyənin Avropa ilə əlaqələrə daha geniş baxışının yaranmasına yol açır.
Yeni təchizatçılar
Türkiyə Qətərlə bu ölkədən maye qazın idxalı üçün saziş imzalamağa hazırlaşır. Bu xəbərdən az əvvəl Rusiyanın Türkiyəni cəzalandırmaq məqsədilə bu ölkəyə qaz ixracını qışın ortasında kəsə biləcəyinə dair məlumatlar gəlirdi.
Türkiyə prezidenti Recep Tayyip Erdoğan dekabrın 1-də Dohada olub və bəyan edib ki, iki ölkə arasında əməkdaşlığa dair saziş imzalanıb.
Türkiyə bundan əvvəl də qeyri-müntəzəm əsasda Qətərdən qaz alırdı, lakin indi bu ixracın müntəzəmləşdirilməsi üçün yeni sazişə ehtiyac vardı.
Türkiyənin iqtisadiyyat naziri Mustafa Elitaş deyib ki, Türkiyə Rusiya qazından asılılığını minimuma endirməyə çalışır.
Hazırda Türkiyə ona lazım olan qazın 60 faizini Rusiyadan idxal edir. Rusiyanın dövlət şirkəti "Gazprom” öz müqavilə öhdəliklərinə sadiq qalacağını elan etsə də, Türkiyə alternativ təchizatçılar axtarır.
Azərbaycan
Bu arada, dekaberın 3-də Türkiyənin baş naziri Ahmet Davutoğlu Azərbaycana səfər edərək prezident İlham Əliyevlə görüşüb.
İki ölkə arasında ənənəvi olaraq yaxşı münasibətlər var və Azərbaycan Türkiyə ilə həmrəylik nümayiş etdirir.
Rusiya Türkiyədən gələn yük maşınlarının sərhəddə dayandırılması sərəncamını verdikdən sonra, Azərbaycan Türkiyə malları üçün Mərkəzi Asiyaya gedən yolu açıb. Azərbaycan həmçinin Türkiyəyə enerji nəqlində 40 faizlik güzəşt təklif edir.
Baş nazirin Azərbaycana səfəri əsnasında daha bir mühüm addım atılıb və Transanadolu (TANAP) qaz kəməri tikintisinin sürətləndirilməsi niyyəti səsləndirilib. Bu kəmər Azərbaycan qazını Avropaya çıxarmalıdır.
Davutoğlu bildirib ki, bu kəmərin tikintisi sürətləndirilərək və 2018-ci ildən əvvəl başa çatdırılmalıdır.
Bu elanla eyni gündə, Rusiyanın energetika naziri Aleksandr Novak "Türk axını” qaz kəməri layihəsinin təxirə salındığı barədə bəyanat vermişdi.
TANAP kimi, "Türk axını” kəməri də Rusiya qazını Avropaya çıxarmalı idi. Bu layihəni Vladimir Putin 2014-cü ildə, özünün Ankara səfəri zamanı elan etmişdi. Bu layihə, Avropa qaydalarına uyğunsuzluğuna görə dayandırılmış "Cənub axını” layihəsinə alternativ olmalı idi.
Türkmənistan enerji ilə zəngin daha bir türkdilli ölkədir və Recep Tayyip Erdoğöan bu ayın 11-12-də Aşqabada səfər etməldiir.
Avropa İttifaqı ilə yeni isnişmə
Enerji sazişlərindən əlavə, belə görünür ki, Türkiyə dünya səhnəsindəki uzunmüddətli strategiyasına düzəlişlər edə bilər.
Cənab Erdoğanın cənab Putinlə yaxın münasibətləri, Ankaranın Avropaya yönəlik siyasətdən uzaqlaşması kimi qiymətləndirilirdi.
1987-ci ildən bəri Avropa İttifaqına üzvlük niyyətlisi olan Türkiyə son bir neçə il ərzində üzvlük danışıqlarında çox az irəliləyə bilib və Erdoğan heç də gizlətmirdi ki, Türkiyə Avropaya alternativ axtarışındadır.
Bəzi məlumatlara görə o, 2013-cü ildə Putindən ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv edilməsini rica etmişdi. 1991-ci ildə yaradılmış bu Avrasiya qrupuna Çin, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan daxildir.
Lakin indi siyasət küləyinin istiqaməti dəyişib və Türkiyə ilə Avropa ortaq maraqlar naminə münasibətlərini canlandırmasğa çalışırlar.
Noyabrın 29-da imzalanmış sazişə əsasən, Türkiyə 3 milyard avro kompensasiyanın və üzvlük danışıqlarının bərpasının müqabilində Avropa İttifaqına qaçqın axınının dayandırılmasında kömək etməyə boyun olub.
Türkiyənin "Hürriyyet” qəzeti yazır ki, Avropa İttifaqı Ankara ilə üzvlük danışıqlarında yeni fəslin başlanğıcını elan edib.
Aİ Komissiyasının rəhbəri Jean-Claude Juncker danışıqların beş sahəsi üzrə hərəkət vədində bulunub. Bunlar enerji, ədliyyə və təməl haqlar, ədalət, azadlıq və təhlükəsizlik, təhsil və mədəniyyət, xarici təhlükəsizlik və müdafiə siyasətləri sahələrdir.
Xarici təhlükəsizlik və müdafiə sahəsi hər iki tərəf üçün xüsislə mühümdür, beləki siyasətlərin müəyyən edilməsinə imkan yaradır. "Hürriyyet” yazır ki, Suriyada davam edən münaqişə, Türkiyə ilə Aİ arasında münasibətlərin hər iki tərəf üçün nə dərəcədə həyati olduğunu göstərib.
Yerli media xəbər verir ki, Türkiyə hökuməti həmçinin daha inteqrasiyalı partnyorluq naminə Avropa İttifaqının tələblərinə cavab istiqamətində addımlar atmağa başlayıb. Buna sübut olaraq qeyd edilir ki, cənab Davutoğlu Aİ islahatlarının icrasına zəruri olan qanunvericilik işinə baxılması üçün dekabrın 11-də islahat hərəkət qrupunun iclasını keçirəcək.