Laricani: İranı Azərbaycanın daxili işiylə əlaqələndirmək "yanlışdır"

"Azərbaycanla dostluq əlaqələrimiz var. Azərbaycan qardaşımız və qonşu dövlətdir. Mən də eşitmişəm ki, bəzi saytlar Azərbaycanın daxili məsələlərini İranla əlaqələndirir. Bu, yanlışdır", cənab Laricani Parlament iclasından sonra jurnalistlərə deyib.
Noyabrın 26-da paytaxtdan kənarda, islamçı şiələrin yaşadığı Nardaranda polislə yerli sakinlər arasında baş vermiş toqquşmada ikisi polis olmaqla 6 nəfər həyatının itirib.
Azərbaycan dünyəvi dövlət olsa da, Nardaranda dindarlar İrana rəğbətilə seçilir.
Hazırda qəsəbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri və Baş Prokurorluq tərəfindən aparılan xüsusi əməliyyat davam edir.
Nardaranda xüsusi əməliyyat keçirən qurumlar Azərbaycanın Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluqdur. Onların birgə yaydığı məlumata görə, əməliyyat prezident İlham Əliyevin nəzarəti altındadır.
Məlumatda bildirilir ki, DİN Daxili Qoşunlarının və nizami polis hissələrinin xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub və müəyyən edilmiş yerlərdə postlar qoyulub.
Məlumata görə, çərşənbə axşamı səhər saatlarından başlayan əməliyyatın məqsədi "ölkə vətəndaşlarının hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması"dır.
Gərginliyin tarixi
Nardaran sakinləri tez-tez İranda keçirilən İsrail, Böyük Britaniya və ABŞ-a qarşı nümayişlərə aksiyalarla dəstək verir.
- 2002-ci ildə qəsəbədə keçirilən İslamçıların aksiyasında bir nəfər öldürülüb, 16 nəfər yaralanıb. Hökümət qiyamın "xarici qüvvələr" tərəfindən təşkil edildiyini və sakinlərin qanunsuz yolla silah-sursat əldə etdiyini bildirib. Müxalifət isə məsələni hökümətin iqtisadi problemləri həll edə bilməməyi ilə əlaqələndirib.
- 2004-ci ildə Nardaranda ABŞ-ın İraqda hərbi əməliyyatlarına qarşı aksiya keçirilib.
- 2006-ci ildə təxminən 1000 nəfər sakin Nardaran sakini Bakı şəhərinin mərkəzində nümayiş keçirib, kənd sakini Ramiz Həsənov həyatını itirib.
- 2006-cı ilin noyabrında sakinlər yazıçı Rafiq Tağıya qarşı aksiya keçirib və onun barəsində "ölüm hökmü" çıxarıb. Cənab Tağı 2011-ci ildə öldürülüb.
- 2010-cu ildə Nardaran sakinləri Təhsil Nazirliyinin məktəblərdə hicab taxılmasına qarşı qoyduğu qadağa əleyhinə aksiya keçirib.
- 2012-ci ildə Avroviziya 2012 Mahnı Müsabiqəsi zamanı AzTV bildirib ki, hökümət İranın dövlət telekanalının 2 əməkdaşını və 20-ə yaxın nardaranlını saxlayıb. Bundan sonra Təhlükəsizlik nazirliyi bildirib ki, onlar Azərbaycana gələn xaricilərə hücum planlaşdıran Hezbollah qruplaşmasıyla əlaqədə olmaqda şübhəli hesab edilib. Hərçənd bu məlumat sonradan yerli mediada təkzib edilib.