Putinin Türkiyə ilə toqquşması Minsk və Bakını həyəcanlandırıb

{title

42-ciparalel.az
 

BBC Rus xidmətinin Minsk müxbiri Tatyana Melniçuk Azərbaycan prezidenti İlham Əliyevin Belarus paytaxtına ötən həftəsonu yer almış "plandankənar” səfəri barədə təhlil yazıb.

Müxbir qeyd edir ki, bir çox təhlilçilərin bu səfər ətrafında qurduqları mülahizələr bu və ya digər şəkildə Moskva ilə Ankara arasında Su-24 təyyarəsinin vurulması ilə əlaqədar yaranmış gərginliklə bağlıdır.

Təhlilçilər sual edirlər: "Türkiyəyə hörmət bəsləyən İlham Əliyev Donbas sülhməramlısı Lukaşenkonun yanına görəsən Moskva və Ankaranı barışdırmaq üçün gəlməyib ki?..”

"Qardaş Rusiya”, "dost Türkiyə”

Məqalədə belə bir məqama da diqqət yetirilir ki, bu səfər ərəfəsində Belarus-Rusiya İttifaq dövlətinin dövlət katibi Qriqori Rapota bəyan etmişdi ki, Rusiya, Ukrayna və Qərbi Avropa arasında dialoqlar üçün meydan olan Belarus, Yaxın Şərqdə yaranmış vəziyyətlərə həsr olunmuş danışıqlara da ev sahibliyi edə bilər”.

Melniçuk həmçinin Belarus Xarici İşlər Nazirliyinin Türkiyə-Rusiya münasibətlərinə həsr olunmuş bəyanatına da diqqət yetirir. Bəyanatda Rusiya "qardaş”, Türkiyə isə "dost” ölkə adlandırılırdı.

Müxbirə maraqlı gələn bir də bu olub ki, Belarus televiziyası adətinə xilaf olaraq İlham Əliyevlə Aleksandr Lukaşenkonun görüşünü canlı yayımlayıb.

Bu görüş zamanı Belarus lideri çox maraqlı bəyanatla çıxış edib: "Dünyanın başına hava gəlib. Görürsünüz də, nələr baş verir? Və biz bu təlatümlü dünyada yaşamalı, dəqiq desəm, salamat qalmalıyıq. Biz bir birimizdən möhkəm yapışmalıyıq ki, bü gün dünyada mövcud olan təhlükələrin öhdəsindən gələ bilək”.

Minsk və Bakı öz haylarındadır

"Belarus xəbərləri”nin siyasi təhlilçisi Aleksandr Klaskovski deyir ki, "Bakı Ankara ilə Moskva arasında vasitəçi olmaq istərdi və Türkiyənin baş naziri də bu xüsusda nəsə bəzi bəyanatlar verib. Elə Lukaşenko da Rusiya-Ukrayna münaqişəsindən aldığı sülh çələnglərinin sayını artırmaq istərdi”.

"Amma zənnimcə, bu gün Bakını da, Minski də düşündürən budur ki, Moskva və Ankara arasında yaranmış bu qəfil münaqişədən özləri mümkün qədər az ziyan çəksinlər”.

Belarus eksperti inanmır ki, belə barışdırıcılıq prosesi Kremldən asılı olan keçmiş respublikalara həvəla olunsun.

"Əgər Moskva və Ankara barışığa getsələr, burada başlıca faktor bu iki ölkənin siyasi iradəsi olacaq, - deyib Klaskovski, - Amma siyasi iradə olmadıqca, nə Lukaşenko, nə də Əliyev kömək edə bilməyəcəklər...”

Digər tərəfdən təhlilçi bunu da əlavə edib ki, bu münaqişədə NATO, onun üçün nə qədər xoşagəlməz insident olsa da, Ankaranı dəstəkləyib. Amma Rusiya belə bir dəstəyi heç kimdən, hətta KTMT və Avrasiya İttifaqı üzrə müttəfiqlərindən də ala bilməyib.

Təhlilçi deyir ki, keçmiş sovet respublikaları ya heç bir çəkisi olmayan bəyanatlar veriblər, ya da sadəcə susublar.

Cavabsız sual

Məqalədə Belarus və Azərbaycan arasında iqtisadi bağlardan da söhbət açılır, lakin dərhal vurğulanır ki, bu bağlar o qədər də sıx və intensiv deyil. Minsk və Bakı arasında ticarət dövriyyəsi cəmi 330 milyon dollar təşkil edib.

Məhz buna görə də görüş zamanı əsas diqqət iki ölkə arasındakı siyasi fikir birliyinə yönəlib.

İlham Əliyev deyib ki, Belarus və Azərbaycan çətin vaxtlarda bir birinin yanında olmaq əzmlərini nümayiş etdiriblər və heç vaxt bir birlərini darda qoymayıblar”.

Təhlilçi Roman Yakovlevski isə belə bir incəliyə diqqət yetirib ki, Əliyev Minskdə olarkən Azərbaycanda havadan müdafiə qüvvələri və təyyarəçilər guya yüksək hazırlıq vəziyyətinə gətirilib.

O, "bu, bir təsadüfdürmü” sualını verir, lakin bu sualın cavabını özünün də bilmədiyini etiraf edir.