Erdoğan: əgər qaçaqmalçılıq iddiaları isbat olunarsa, istefa verəcəm

Rusiyanın Müdafiə Nazirliyi Türkiyə prezidenti Recep Tayyip Erdoğanın ailəsini, özünü İslam Dövləti (İD) adlandıran qrupla birbaşa neft alverində ittiham edib.
Moskvada jurnalistlər üçün keçirilən brifinqdə müdafiə nazirinin müavini Anatoli Antonov deyib ki, Türkiyə "oğurluq” Suriya və İraq neftinin ən böyük alıcısıdır.
Cənab Erdoğan əgər qaçaqmalçılıq iddiaları isbat olunursa, istefa verəcəyini vəd edib.
Türkiyə noyabrın 24-də Rusiya təyyarəsini Suriyanın hava məkanında vurmaqla gərginliyin yaranmasına səbəb olub.
"Əldə olan məlumata görə, ölkənin ən yüksək siyasi rəhbərliyi, prezident Erdoğan və onun ailəsi bu cinayətkar bizneslə birbaşa əlaqəlidirlər” – cənab Antonov brifinqdə deyib.
Müdafiə Nazirliyi, iddia olunduğuna görə İD-in nəzarətində olan ərazidən Türkiyəyə gedən neft avtosisternlərini göstərən peyk şəkillərini nümayiş etdirib.
Avtosisternlərin, Türkiyədəki neftayırma zavodları da daxil, üç istiqamətdə hərəkət etdiyi və neftin bir hissəsinin üçüncü ölkələrə daşındığı iddia olunub.
Rusiya deyib ki, əlində olan sübutun hələlik "yalnız bir hissəsini” açıqlayıb.
Moskva artıq iddia edib ki, Türkiyə İD-in neft alverindən mənfəətlənib.
Bazar ertəsi cənab Erdoğan rusiyalı həmkarından bu iddialar üçün sübut tələb edib. O deyib ki, iddialar həqiqət olsa, istefaya gedəcək.
"Əgər belə bir ittiham doğrulsa, bunu mənim xalqımın nəcabəti də tələb edir, mən bu postda qalmayacağam. Lakin mən sual edirəm, cənab Putin, sən qalacaqsanmı?” – Türkiyə prezidenti deyib.
Rusiya və Türkiyə, təyyarənin vurulması ilə bağlı bir-birilə əlbəyaxa söz güləşindədir.
Ötən həftə Moskva Türkiyə vətəndaşları üçün vizalı gediş-gəliş rejimi tətbiq etməyə başlayıb, Ankara ilə ticarəti məhdudlaşdırıb.