Azərbaycanı özünə çəkən qüvvələr

{title

42-ciparalel.az
 

    Azərbaycan Türkiyənin maraqlarını nəzərə almalıdır.
Rusiya ilə Türkiyə arasında münasibətlərin gərginləşməsi bütün Qafqaz regionuna təsir edir. Dünya ekspertləri bu iki ölkə arasında müharibənin başlayacağı ehtimalını da istisna etmir.

Türkiyənin F-16 qırıcısının Rusiyanın SU-24 hərbi təyyarəsini vurmasından sonra dövlət rəsmiləri bir-birini sərt tənqid edib. Rusiya Türkiyəyə qarşı sanksiyalar tətbiq edib, türk şirkətlərinin ölkədəki fəaliyyətini məhdudlaşdırıb. Lakin bu gərginləşən münasibətlər təkcə iki ölkə arasında qalmaqalla məhdudlaşmır. Bütün bu hadisələr fonunda Həm Rusiya, həm də Türkiyənin ən çox diqqətdə saxladığı ölkə hər ikisi ilə normal qonşuluq münasibətləri olan və əməkdaşlıq edən Azərbaycandır.

Son hadisələrdən sonra isə bir-birini sərt tənqid edən Rusiya və Türkiyə Azərbaycanla bağlı bəyanatlar verir, ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını ifadə edir.

Məsələn, bu yaxınlarda Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyə Böyük Millət Məclisində hökumət proqramını açıqlayarkən bildirib ki, Türkiyə Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi üçün əlindən gələni edəcək.

"Dağlıq Qarabağ başda olmaqla Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün əlimizdən gələni edəcəyik", - deyən Davudoğlu həmçinin qeyd edib ki, 64-cü hökumət proqramında Türkiyənin Azərbaycanla münasibətlərinin daha da yaxşılaşdırılması məsələsi də var.

Rusiya isə öz növbəsində Türkiyə ilə narazılıqdan sonra Yaxın Şərqə silah-sursat, texniki avadanlıq daşınmasında quru yola ehtiyac olduğunu açıqlayıb. 

Rusiya ilə İranı birləşdirə biləcək mümkün variantlar arasında da Azərbaycandan keçən iki dəhlizin adı çəkilib. Bunlardan biri Dağıstan və Azərbaycandan keçən avtomobil yolu, digəri isə Rusiya ilə İranı Azərbaycandan keçməklə birləşdirən dəmir yoludur. Ümumiyyətlə, Rusiya ilə Türkiyə arasında bu gərginlik bütün Qafqaz regionu üçün əlverişsizdir. Bundan başqa, Rusiya dünyada, Yaxın və Orta Şərqdə stabilliyi pozan əsas amillərdən birinə çevrilməkdədir.

Rusiya özünün bu bölgədəki strateji üstünlüyünü təmin etmək üçün müxtəlif yollar axtarır. O yollardan biri də tranzit xətlərinin açılmasıdır. Lakin bu zaman tranzit ölkələrin də mövqeyi nəzərə alınmalıdır. 

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli ANS PRESS-ə açıqlamasında bildirib ki, bu tranzit xətlərinin böyük hissəsi Gürcüstan və Azərbaycandan keçir. "Lakin Azərbaycanın bu məsələyə razı olub-olmaması Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə münasibətindən asılıdır", - deyən Qabil Hüseynli istənilən halda Türkiyənin maraqlarının da əhəmiyyətini vurğulayıb. "Azərbaycanın hansı addımı atmasından asılı olmayaraq, Türkiyənin maraqları nəzərə alınmalıdır", - deyə o əlavə edib.

Qabil Hüseynli - keçmiş dövlət müşaviri, politoloq


Bir sözlə, Azərbaycanın coğrafi mövqeyini və əhatə olunduğu ölkələri nəzərə alsaq, deyə bilərik ki, ölkə üçün hər zaman və istənilən çevrələrdən - cənubdan, şimaldan təhlükə var. Bununla belə Azərbaycan istər Rusiya, istər İran, istərsə də Ermənistan istisna olmaqla digər qonşu ölkələrlə normal münasibətlər yarada, əməkdaşlıq qura bilib. 

Lakin bütün bunlara baxmayaraq, bilmək lazımdır ki, Rusiyanın siyasətini proqnozlaşdırmaq çox çətindir. Bundan başqa Azərbaycan Rusiyanın dünya ölkələri, o cümlədən Türkiyə ilə münasibətlərini nəzərə alaraq, hər iki ölkə ilə münasibətlərdə çox ehtiyatlı olmalıdır.