İlham Əliyev: Bu gün gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edən sənədlər də imzalanacaq

42-ciparalel.az
"Bu vəziyyət beynəlxalq məsələlərin həllinə yeni yanaşmalar tələb edir".
Son illərdə ölkələrimiz arasında çox etimadlı münasibətlər səviyyəsi yaranıb, bu münasibətlər çox uğurla inkişaf edir. Bu gün biz sizinlə nə işlər görüldüyünü və nə etməyi planlaşdırdığımızı müzakirə etdik. Bu barədə Minskdə Azərbaycan və Belarus prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşündə prezident İlham Əliyev bildirib.
Prezident bildirib ki, iki ölkə arasında münasibətlər həqiqətən ən yüksək səviyyədədir: "Siz tamamilə haqlısınız, biz buna nail olmaq üçün uzun yol keçmişik. Lakin 10 ildən bir qədər çox əvvəl başlanmış bu cür fəal əməkdaşlıq illərində, mənim fikrimcə, bir-birimizi müxtəlif vəziyyətlərdə artıq yetərincə sınamışıq. Münasibətlərimizin möhkəmliyini, etibarlılığını sınamışıq və heç vaxt bir-birimizi naümid qoymamışıq. Buna görə, biz bu gün bir-birimizə inanırıq və sənədlərin altındakı imzalarımız kimi, sözlərimiz də böyük sanbala malikdir.

Prezidentlərin mətbuata birgə bəyanatı
İlham Əliyev bildirib ki, bu gün gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edən sənədlər də imzalanacaq: "Lakin əsas odur ki, biz bir sıra məsələlər barəsində razılığa gəlmişik. Biz sevinirik ki, Belarus uğurla inkişaf edir. Sizin qeyd etdiyiniz kimi, indi çətin zamandır. İqtisadi böhrana siyasi böhran, bir sıra ölkələrdə isə hərbi-siyasi böhran da əlavə olunur. Biz qarşıdurma dövründə yaşayırıq. Təbii ki, bu vəziyyət beynəlxalq məsələlərin həllinə yeni yanaşmalar tələb edir. Bax, bu cür şəraitdə Belarusda mövcud olan ictimai-siyasi sabitlik uğurun əsas göstəricisidir, habelə bu uğurun davam edəcəyinin rəhnidir. Biz, sizin dostlarınız kimi, buna çox şadıq.
Belarus bizim üçün dost, qardaş dövlətdir. Əminəm ki, bu səfərdən sonra münasibətlərimiz daha sürətlə inkişaf edəcək".
Görüşdə elm, yüksək texnologiyalar, maşınqayırma sənayesi, beynəlxalq təşkilatlarda və digər sahələrdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.