Rusiya Xəzər dənizindən bomba yağdırdı

{title

42-ciparalel.az
 

Müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məruzə edib.

Rusiya donanması İŞİD terrorçu qruplaşmasının Suriyadakı mövqelərinə növbəti dəfə Xəzər dənizindən raket zərbələri endirib.

Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məruzə edib.

Şoyqunun sözlərinə görə, Rusiyanın Xəzər dənizindəki donanmasından terrorçuların Raqqa, İdlib və Hələb şəhərlərindəki hədəflərinə 18 qanadlı raket zərbəsi endirilib.

Müdafiə naziri bildirib ki, zərbələr nəticəsində hədəflər hamısı tamamilə məhv edilib.

Rusiyanın Xəzər donanması bundan əvvəl də Suriyadakı İŞİD mövqelərini bombardman etmişdi. Oktyabrın 7-də Rusiya Suriya ərazisini Xəzər dənizindən bombaladığını açıqlamışdı.

Şoyqu elə həmin gün də bu barədə Putinə məruzə etmişdi.

"İŞİD-in mövqelərinə Rusiya Federasiyası hərbi gəmilərinin Xəzər dənizi akvatoriyasından endirdiyi zərbələr yüksək səviyyədə dəqiq silahlardan istifadə olunmaqla həyata keçirilib və bütün hədəflər məhv edilib", - Şoyqu bildirmişdi.

Müdafiə naziri onu da qeyd etmişdi ki, Rusiya qırıcıları Suriya ərazisini Xəzər dənizindən bombalayıb: "Silahlılara zərbələr endirmək üçün təyyarələrdən başqa, oktyabrın 7-də səhər Xəzər donanmasının gəmilərindən də istifadə olunub. 4 raket gəmisi 11 hədəfə 26 qanadlı raket zərbəsi endirib".

Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüş

Rusiya qırıcıları Suriya ərazisini sentyabrın 30-dan bombalayır. Rusiya Suriyada əməliyyatları Su-25 və Su-24M təyyarələri ilə həyata keçirir.

Rusiyanın rəsmi açıqlamasından əvvəl də Qərb və Rusiya mətbuatlarında Suriya ərazisinin Xəzər dənizindən bombaladığı barədə məlumatlar yayılmışdı. Rusiya qırıcılarının uçuş marşrutunun Azərbaycan, Xəzər dənizi, İran və İraq üzərindən keçdiyi göstərilir. 

Rusiyanın İŞİD-i məhv edəcəyini qarşısına məqsəd qoyduğu bir vaxtda NATO, Ərəb dövlətləri, Avropa İttifaqı və digər dövlətlər buna etiraz edir. Onlar Rusiyanın İŞİD mövqelərini deyil, Bəşər Əsədə qarşı döyüşən müxaliflərin ərazilərini bombaladığını deyirlər.

Rusiya həmçinin Türkiyənin hava sərhədlərini pozmaqda günahlandırılır.
 
Rusiya donanmasının oktyabrın 7-də endirdiyi zərbələr