Azərbaycan və İsveç Xarici İşlər Naziri Stokholmda görüşdülər

{title

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveç Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri xanım Marqot Vallström ilə görüşüb.

42-Ciparalel.az xəbər verir ki, görüş iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsi və gündəlikdə olan məsələlərin müzakirəsi, o cümlədən yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsinə diqqətlə yadda qalıb. Bu il Azərbaycan ilə İsveç arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edilməsi isə məmnuniyyətlə vurğulanıb.

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi yolları da müzakirə edilib və bu xüsusda İsveç şirkətlərinin Azərbaycanda fəaliyyəti təqdir olunub, qarşılıqlı sərmayələrin artırılmasının vacibliyinə toxunulub. Tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması üçün geniş potensialın olduğunu qeyd ediblər.

Elmar Məmmədyarov Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri haqqında məlumat verib və xüsusilə, Cənubi Asiya ilə Şimali Avropanı birləşdirən Şimal-Cənub dəmir yolu xəttindən İsveçin də faydalana biləcəyini diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan son danışıqlar prosesinə toxunan nazir Elmar Məmmədyarov güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdlərinin qəbuledilməz olduğunu deyib. İsveçin də ATƏT-in Minsk qrupunun üzvlərindən biri olduğunu bildirən Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktı əsasında münaqişənin həlli və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün Minsk qrupunun bütün üzvlərinin töhfəsinin vacib olduğunu vurğulayıb. O, Avropa İttifaqının Qlobal Təhlükəsizlik Strategiyasında təsbit olunduğu kimi dövlətlərin suverenliyi və ərazi bütövlüyü kimi təməl prinsiplərə sadiqliyin bütün münaqişələrə münasibətdə qeyri-seçimli əsasda, vahid və birmənalı şəkildə ifadə olunmasının vacibliyini ifadə edib.