Mübariz Qurbanov: "Bu gün ölkədə mövcud dini sabitlik, təhlükəsizlik mühiti nail olduğumuz ən böyük uğurlardandır"

{title

-Azərbaycan güclü ictimai-siyasi sabitliyin təşəkkül tapdığı ölkələrdəndir. Belə olan halda siz ölkəmizdə dini sabitlik və təhlükəsizlik mühitini necə dəyərləndirirsiniz? Və sizcə sabitliyi şərtləndirən nədir?

-Azərbaycan bu gün ictimai-siyasi sabitliyinə görə təkcə region ölkələri arasında deyil, hətta birsıra dünya ölkələrindən müsbət mənada fərqlənir. Bu özünəməxsusluğu həm güclü dövlət quruculuğunun, həm də xalqımızın əsrlər boyu yaşatdığı ümumi mental dəyərlərin təzahürü kimi səciyyələndirmək olar. Məhz bu baxımdan Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədəki dini konfessiyalar arasında dözümlülük, tolerantlıq mühitinin qorunub saxlanılması sahəsində gördüyü işlərin əzəmətini bir daha dərk edirik. Ulu Öndərin məqsədyönlü fəaliyyəti nəticəsində dini etiqad azadlığına təkcə sözdə yox, həm də praktikada geniş imkanlar yaradıldı və dövlət, sözün həqiqi mənasında, vicdan azadlığının təminatçısı oldu.

Xalqımız tarixən ölkədə yaşayan müxtəlif dinlərə və məzhəblərə mənsub insanların dostluğunun, qardaşlığının möhkəmləndirilməsinə, sülh və əmin-amanlıq mühitinin yaradılmasına çalışmışdır. Bu humanist ənənəni həm xalqımız, həm də dövlətimiz bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirir. Respublikamızda sinaqoq və kilsələr məscidlərlə yanaşı fəaliyyət göstərir, insanlar dini ayinləri sərbəst yerinə yetirir, ölkə rəhbərliyi səviyyəsində müxtəlif konfessiyalara bayram günlərində təbriklər ünvanlanır. Bir sözlə, dövlət vətəndaşların bütün hüquq və azadlıqlarını, o cümlədən dini etiqad azadlığını tam təmin etmək üçün çalışır və hesab edirəm ki, bu gün ölkədə mövcud dini sabitlik, təhlükəsizlik mühiti nail olduğumuz ən böyük uğurlardandır.

-Bəllidir ki, bəzi qruplar Azərbaycanda dini zəmində xaos və qarşıdurma yaratmağa cəhd edirlər. Bu barədə düşüncələrinizi bilmək istərdik...

-Azərbaycanın inkişafını, sabitliyi istəməyənlər olduğu kimi, ölkədəki sabit dini durumu gözü götürməyənlər də mövcuddur. Belə insanlar dini öz şəxsi, qrup yaxud xarici maraqların alətinə çevirməklə neqativ fəaliyyətlərə yol verirlər. Onlar insanların saf dini duyğularından istifadə edərək, öz məkrli məqsədlərini həyata keçirmək üçün hər vasitəyə əl atırlar. Din pərdəsi adında gizlənərək cəmiyyətdə dözümsüzlük, fanatizm və radikalizimin baş qaldırmasında, insanlar arasında münasibətlərin kəskinləşməsində, ictimai asayişin pozulmasında maraqlı olurlar.

Ancaq bu gün həmin qüvvələrin təsir imkanları dövlətin müvafiq strukturlarının həyata keçirdiyi tədbirlər nəticəsində çox zəifləmişdir. Onlar indi kiçik qruplar şəklində fəaliyyət göstərməyə üstünlük verirlər. Təbii ki, belə qruplar xarici mənbələrə arxalanır, oradan maliyyələşdirilir, istiqamətləndirilirlər. Lakin onların fəaliyyəti dövlət tərəfindən tam nəzarət altına götürülmüşdür.

Onlar bir şeyi dərk etməlidirlər ki, ölkəmizdə ənənəvi islami dəyərləri var və bundan sonra da həmin dəyərlər mövcud olacaqdır. Ölkəmizə kənardan gətirilməyə cəhd edilən radikal dini cərəyan və təriqətlərə imkan verilməyəcəkdir. Tarixi kökü olmayan qrup və təriqətlər burada özünə yer tapa bilməyəcəklər. Biz onlara qarşı qəti, kəskin mübarizə aparırıq və bundan sonra da aparacağıq.

 

- Azərbaycanda dindən müəyyən siyasi məqsədlər naminə istifadə etməyə çalışanlara və bu kontekstdə dağıdıcı fəaliyyət göstərənlərə qarşı mövqeyiniz...

- Dindən siyasi maraqlar naminə istifadə yol verilməzdir. Çünki din Tanrı ilə ünsiyyət vasitəsi olaraqinsan ruhaniyyətinin ali mənəvi, nəcib duyğularını özündə ehtiva edən mahiyyətdədir. Siyasi oyunlara alət edilən din isə əsl missiyasını, mahiyyətini itirmiş olur. Tarixçi kimi deyə bilərəm bəşər sivilizasiyasının keçdiyi dövr bizə göstərir ki, dinin siyasiləşməsi bir çox halda cəmiyyətin fərdləri arasında münasibətləri kəskinləşdirir, ictimai gərginlik və təlatümlər yaradır.Bu gün dünyada gedən proseslərə nəzər saldığımızda bunun əyani şahidi oluruq.Əslindədinin siyasi məsələlərə qarışmaması, onun fəaliyyəti üçün daha müsbət zəmin yaradır. Belə ki, din siyasi ideologiya çərçivəsindən uzaq olduqda daha sərbəst fəaliyyət göstərir.

Ona görə də, dünyəvi dövlət olaraq Azərbaycanda dindən siyasi məqsədlər naminə istifadə etməyə çalışanlara və dağıdıcı fəaliyyət göstərənlərə qarşı birmənalı olaraq imkan yaradılmayacaq. Mövcud qanunvericiliyə görə din və dini qurumlar dövlətdən ayrıdır. Azərbaycanda din əsasında yaradılmış siyasi partiya və birliklərin fəaliyyətinə ehtiyac yoxdur. Qanunvericiliyimizdə göstərilmişdir ki, dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak etmir və onlara maliyyə yardımı göstərmirlər.

- Dini zəmində münasibətlərin tənzimlənməsi üçün hansı tədbirlərin görülməsi məqsədəmüvafiqdir?

- Ümumiyyətlə ideoloji sahədə maarifləndirmə tədbirləri əsas görülməlidir. Ola bilər ki, onun nəticəsi qısa müddətdə görünməsin, ammadaha sonra effektiv və qalıcı təsirini göstərəcək. Din də ideoloji sahə olduğundan maarifləndirmə tədbirlərini gücləndirmişik. Dövlət Komitəsi ötən müddətdə ölkəmizin bütün regionlarında dini sahə ilə bağlı aktuallıq kəsb edən mövzularda ictimaiyyətlə, dindarlarla silsilə konfranslar, seminar-treninqlər, dəyirmi masalar təşkil etmişdir.Maarifləndirməni mətbu orqanlar və nəşrlər vasitəsilə də həyata keçiririk.

Dövlət Komitəsi digər dövlət qurumları ilə də qarşılıqlı əməkdaşlıq şəraitində maarifləndirmə tədbirlərini gücləndirmişdir. Xüsusilə Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıilə tədbirlər planı və əməkdaşlıq haqqında memorandumlar imzalanmış və icrasına başlanılmışdır. Tədbirlər əsasən dini radikalizm və ekstremizmə qarşı mübarizə, zərərli dini cərəyanların yayılmasının qarşısının alınması ilə bağlıdır. Təbii ki, maarifləndirmə ilə yanaşı, inzibati tədbirlər də davam etdiriləcəkdir.

 

-Milli Məclisdə qanunvericiliyə - qanunlara müəyyən dəyişikliklərin edilməsi ilə bağlı hansı təkliflər irəli sürülmüşdür?

-Hazırkı dövrdə dini sahə ilə bağlı qanunvericilik bazası kifayət qədər təkmil mahiyyət daşıyır. Təbii ki, zərurət yarandığı təqdirdə müəyyən əlavə və dəyişikliklər olunmalıdır. Bu baxımdan Dövlət Komitəsi ehtiyac duyduğu zaman dini sahə ilə bağlı qanunvericliklə əlaqədar təkliflərlə çıxış etmək imkanına malikdir. Amma hazırda hər hansı təklif irəli sürülməyib.

-Mübariz müəllim, komitə rəhbəri kimi ölkədə dini durumu necə dəyərləndirirsiniz? Ölkədə bu sahədə hansı problemlər var? Yaxın müddətdə hökumətə bu problemlərlə bağlı hansısa təklifləriniz olacaqmı?

 

-Yenə o fikrə qayıdıram ki, Azərbaycanda din sahəsindəki durum sabitdir. Dövlət ilə dini icmalar arasında münasibətlər yüksək səviyyədə qurulub, qarşılıqlı əlaqələr qanun çərçivəsində inkişaf etdirilir, geniş miqyasda maarifləndirmə işi aparılır, tolerantlıq prinsiplərinə uyğun olaraq, müxtəlif dini konfessiyalar arasında mehriban münasibətlər davam etdirilir. Bundan başqa, dövlət dini icmalara göstərdiyi qayğını günü-gündən artırmaqdadır. Böyük tarixə malik dini abidələrimizin təmir və bərpası davam etdirilir, dini ayinlərin icrası üçün yüksək şərait yaradılır.

Bir sözlə, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və ölkə başçısı, Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi din siyasəti nəticəsində dövlət-din münasibətləri beynəlxalq hüquq normalarına uyğun tənzimlənir, dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir, ölkədəki tolerantlıq mühiti qorunub saxlanılır.

Bütün bunlarla yanaşı,dövlət birmənalı şəkildə ölkədəki etiqad azadlığından sui-istifadə edərək xalqımızın yüzillər boyu formalaşmış tolerantlıq ənənələrinə xələl gətirilməsinə, dini siyasiləşdirənlərin, insanları radikallığa çağıran qüvvələrin pozuculuq fəaliyyətlərinə yol verməyəcəkdir.

 
Mehriban Məmmədzadə