İzzət Bağırov: “Kişilərin saç boyamasına pis baxmıram”

{title

42-ciparalel.az
 

"13 yaşımdan meydandayam. O yaşda artıq populyar müğənni idim. Baxıb mənə deməyiblər ki, bu deyəsən oxuyandı. Axşam çıxış etmişəm, səhər hamı məni göstərib, deyib ki, bax, İzzət Bağırovdur. Artıq 26 ildir, səhnədəyəm”.  Bu fikirləri APA TV-nin "Səhər zəngi” verilişinin qonağı, müğənni İzzət Bağırov deyib.


40 yaşında olduğunu xatırladan müğənni, tamaşaçıların sosial şəbəkələrdə yazdıqlarına münasibət bildirib: "Yaşımı heç zaman gizlətmirəm. Başqalarına mesaj atıram. Kişilərin yaşlarını gizlətməyini anlamıram. Bir neçə gün öncə "İnstaqram” səhifəmdə yazmışdılar ki, "sən dindarsan, saçını niyə boyayırsan?”. İnsanlar verdikləri sualın fərqinə varmırlar. İslamda saç boyamaq haram deyil. Həm də mən heç zaman saçımı boyamamışam. Hələ ki, saçım ağarmayıb. Təki, saçım tökülməsin. Bu problemdir, amma çarəsi var, saç əkdirmək olar, buna pis baxmıram. Mən sənət adamıyamsa, saç əkdirəcəm. Burnunu düzəltdirənlərə də pis baxmıram. Bu hər kəsin şəxsi işidir. Bizim insanlar şəxsi həyata müdaxilə etməyi sevirlər”.  

 

"Xanımlar dostluqda daha sadiqdirlər”

 

İzzət Bağırov illərlə sənətdə olmasına baxmayaraq, gördüyü işlərdən az qazanc əldə etdiyini bildirib. O, bu illər ərzində 19-a yaxın albomunun çıxdığını açıqlayıb və bildirib ki, 100-ə qədər mahnısını bu albomlara daxil etməyib: "Arada fasilə verdim, 6 il albom hazırlamadım, çünki mənası yoxdur. Son albomum bu il çıxıb. 18 mahnıdan ibarətdir, adı "Ey dost”dur. 400-500 ədəd hazırlatdım, satışa çıxarmadım. Hamısının pulunu verdim ki, kim istəsə, ona hədiyyə edəcəyəm. Amma gördüm ki, satışda var. O alboma 20 min manat xərcləmişəm. Mahnıların alınması, aranjeman, studiya xərcləri və s. Amma qazancım olmadı”.

 

Müğənni eyni zamanda repertuarında müxtəlif üslublarda mahnılar olduğunu qeyd edib:"Xalq, bəstəkar, türk mahnıları, eyni zamanda öz yazdığım mahnıları ifa etmişəm. Bəzi mahnıları fərqli aranjeman etdirmişdim, amma qabarıq yox, məsələn, diskoteka tərzində etməmişdim. Mahnıları qəribə formaya salınmasını sevmirəm”. Əməkdar artist cari ildə görülən işlər barədə də məlumat verib: "Gec ailə qurmuşam, çünki başım işə qarışmışdı. Silsilə konsertlər vermişəm. 5-6 illik fasilədən sonra yenidən sentyabrın 18-də Yaşıl Teatrda konsert verdim. Əvvəllər hər il martın 8-i çıxış edərdim, amma artıq bir neçə ildir ki, Rafael və Coşqun martın 1-dən 8-ə kimi Heydər Əliyev Sarayında konsert verirlər. Buna görə də vaxtı dəyişməyə məcbur oldum. Ümumiyyətlə, bu il çox işlər görmüşəm. 5 klip çəkdirmişəm. Yeni albomum işıq üzü görüb. Həmçinin, yeni mahnılar da var”.

 

İzzət Bağırovun sözlərinə görə, xanımlar dostluqda daha sadiqdirlər. Buna görə də dostlarının arasında əks cinsin nümayəndələri daha çoxdur: "Dostlarımın əksəriyyəti xanımlardır. Bu tamaşaçıya qəribə gəlir. Oğlanlarla dostluq edə bilmirəm. Konsertimdən öncə hamısının üstündən xətt çəkdim. Qısqanclıq etdilər. Heç biri zəng etmədi. Ən ucuz biletdən belə almadılar. Mən dəfələrlə dedim ki, heç kimə bilet verməyəcəyəm. İstəyən varsa, mənə zəng vursun”.