İlham verən fransız qadın: sadəliklə çılğınlığın vəhdətində…

Son illər moda ikonalarının sayı durmadan artır. Bir çox dünya ulduzu dəb ilahəsi kimi xatırlanmaq üçün dəridən-qabıqdan çıxır. Yadda qalmaqdan ötrü qeyri-adi tərz yaratmağa çalışırlar. Moda dünyasının nüfuzlu simaları isə əmindir ki, əsrlər keçsə, trendlər dəyişilsə belə, fransız qadınının zərif və nəcib görkəmi dəbdən düşməyəcək. Sizi bilmirəm, amma "fransız qadını” - deyəndə gözümün qarşısına aktrisa Marion Katiyar gəlir. Elə ona görə də,42-ciparalel.az-ın "Onların stili”layihəsində bu dəfə məhz 31 yaşlı aktrisanın stilindən bəhs edəcəm. Sərçə kimi kövrək və ürkək Hər an ağlayacaqmış kimi baxan gözlər… Marion Katiyar daha öncə bir çox nüfuzlu rejissorun imzası olan filmdə rol alsa da, ulduz 2007-ci ilin istehsalı olan "La Môme” ("Sərçə”) filmi ilə parlayıb. Əfsanəvi müğənni Edit Piafın həyatından bəhs edən bu filmdəki performansı ilə "ən yaxşı aktrisa” nominasiyasında "Oscar”a layiq görülüb. Beləliklə, karyerasında ən əmin addımı atıb. Kino tarixçisi Devid Tomson qəzetlərdən birinə verdiyi açıqlamada Katiyarın performansını belə dəyərləndirib: "Filmdəki mahnıları o ifa etmirdi. Ancaq hansımız bunun fərqinə vardıq? Katiyarı əvəzsiz edən hər an ağlayacaqmış kimi baxan gözləridir”. Cazibədar ulduz sonrakı illərdə Hollivudun ən məşhur simaları ilə birgə layihələrdə yer alıb. O, 2009-cu il istehsalı olan "Public Enemies” adlı filmdə Kristian Beyl və Conni Depp, eyni ildə çəkilən "Nine” filmində isə Nikol Kidman, Penelope Kruz, Sofi Loren kimi məşhur simalarla birgə işləmək şansı əldə edib. Marion məşhur rejissor Kristofer Nolanın ən sevimli aktrisasıdır. Aktrisa onun 2010-cu ildə ərsəyə gətirdiyi "Inception” adlı filmində Leonardo Di Kaprio ilə birgə kamera qarşısına keçib. Kristofer Nolan 2012-ci ildə isə "Batman ‐ The Dark Knight Rises” adlı filmdə Mariona önəmli rollardan birini həvalə edib. Bir müddətdir ki, səs-səmiri çıxmayan Marion ötən il "Macbeth” filmi ilə hər kəsi bir daha özünə heyran edib. Genetik istedad, yoxsa nüfuzlu ər? Marion aktrisa ana ilə pantomim sənətçisi atanın övladıdır. O, hələ 5 yaşında olarkən filmə çəkilirdi. Uşaqlığı musiqili tamaşalarda keçib. Gələcəkdə aktrisa olacağını xəyal edərək böyüyüb. Belə görünür ki, Marionun istedadı genetikdir. Buna baxmayaraq, kino tənqidçilər arasında onu sərt tənqid edənlər də var. Hətta bu qədər populyarlaşmasının səbəbi də həyat yoldaşı Qiyom Kane ilə əlaqələndirilir. Qiyom Kane fransız aktyor, rejissor və ssenaristdir. Buna baxmayaraq, daha çox rejissor kimi tanınır. Hətta deyərdim ki, ölkənin nüfuzlu rejissorlarındandır. Qiyom ilə Marion 14 il əvvəl tanış olmalarına və bir sıra filmdə əməkdaşlıq etmələrinə baxmayaraq, bir-birlərinə aşiq olduqlarını yalnız 2007-ci ildə açıqlayıblar. Bəlkə də, bir-birini sevdiklərini uzun müddət gizli saxlamaları Qiyomun evli olması ilə əlaqədardır. Ancaq hər halda Qiyom Marionla yaşamağı seçib. 2011-ci ildə cütlüyün bir övladı da olub. Sadəliklə çılğınlığın vəhdətində… Marion Katiyar şıq və dəbli görünmək istəyən onlarla qadına ilham verən dəb ilahələrindəndir. O, kazual və klassik stildə geyinməyi xoşlayır. Sadəlik onun devizi olsa da, çılğınlığın sərhədlərində gəzməyi də bacarır. Belə ki, onu dəbdəbəli gecələrdə düz, detalsız libasla görmək mümkünsüzdür. Geyimində mütləq xüsusi detal, diqqətçəkən rəng keçidləri və ya pulcuqlar, biserlər olur. Boyunu olduğundan daha uzun göstərmək üçün uzun, yarıqlı libaslar geyinir. Sinə və kürək dekoltesini də çox xoşlayır. Quyruqlu, qat-qat ətəkli libasları sevir. Əsasən, solğun rənglərə, xüsusilə də mavi, bej, çəhrayının çalarına üstünlük versə də, içindəki seksual qadını nümayiş etdirməkdən də geri qalmır. Ona görə də, Marionu tez-tez qırmızı, narıncı, göy, sarı kimi diqqətçəkən rənglərə bürünmüş halda görürük. Qara və ağ isə hər şıq xanım kimi Marionun da xilaskarıdır. Aktrisanı qırmızı xalıda olduqca qeyri-adi, maraqlı dizayna sahib geyimlərlə də görmək olar. Xüsusilə də, ayaqqabı seçimində öz kreativliyini göstərir. Ard-arda bir neçə mövsüm "Dior” brendinin siması olan Marion, demək olar ki, xüsusi gecələrin hamısına bu brenddən geyinir. Romantik saç və makiyaj Cazibədar ulduz təkcə geyim stilində deyil, eləcə də, saç düzümü və makiyajında da fransız romantizmini əks etdirir. Çiyində bitən və orta uzunluqdakı saçlara üstünlük verən Marion öz təbii saç rəngindən istifadə edir. Müxtəlif saç düzümlərini sınaqdan çıxarsa da, əsl fransız qadını olduğunu bu sahədə də göstərir. Belə ki, saç aksessuarlarından istifadə etməyən ulduz, saçlarına burur və ya dağınıq toppuz yığır. Saçlarını yana ayırmağı çox sevir. Aktrisanın makiyajı da sadədir. Adətən, gözlərini layner və qəhvəyi göz kölgəsi ilə vurğulayan aktrisa, dodaqlarını açıq çəhrayı və bej rəngdə boyayır. Xüsusi gecələrdə isə dodaq boyası seçimində ona çox yaraşan qırmızı, narıncı və bordo çalarlarına müraciət edir. Şapka hərisliyi Qırmızı xalıda zərifliyi və seksuallığı ilə baxışları üzərinə çəkən aktrisa gündəlik həyatda sadəliyə üstünlük verir. Rahatlıq onun üçün önəmli olsa da, zövqsüz görüntülənməkdən çəkinir. Aktrisanın gündəlik həyatda ən çox istifadə etdiyi aksessuar isə şapkadır. O, demək olar ki, şapka taxmadan evdən çıxmır. Marion Katiyar bu günə kimi onlarla jurnalın üz qabığına çıxıb, 1990-2014-cü illər arasında 11 klipə çəkilib. Ən əsası, həm aktrisalıq performansı, həm də gözəlliyi və zövqlü seçimləri ilə Hollivudda özünəməxsus nüfuz qazanıb. Bu xanımdan ilham almaq üçün sadəcə fotolarına baxmaq kifayətdir… 42-ciparalel.az