Elmir Abdullayev: "Biz bu dövr ərzində faktiki olaraq Azərbaycan Respublikasının bütün ərazisində işləmişik"

Müsahibimiz Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin planlaşdırma üzrə meneceri Elmir Abdullayevdir
- Elmir müəllim, agentliyiniz çiyinlərinə şərəfli bir missiya götürüb, Ulu Öndər sizin agentliyə böyük etimad göstərib. Agentliyiniz göstərilən etimadı doğruldurmu?
Birinci növbədə biz özümüz yox, camaat bizim işimiz barədə danışmalı, qiymət verməlidir. Və cəmiyyət öz qiymətini verir. Təşəkkürlərlə dolu qalaq-qalaq məktublar alırıq. Bu, bizim üçün ən yüksək qiymətdir. Bizm agentlik 1996-ci ildən fəaliyyət göstərir. Hər işin başlanğıcı çətin olduğu kimi, bizim üçün də fəaliyyətə başlamaq asan olmadı. Bizim birinci işlimiz Füzuli rayonunun Horadiz qəsəbəsinin bərpa və yenidənqurulması oldu. O vaxt biz Horadizə birinci dəfə gedəndə orada bizim addımlardan başqa heç bir səs eşidilmirdi. Sanki hansısa bir kəndə, qəsəbəyə deyil, qəbirstanlığa və ya xarabaxanaya gəlmişdik. Ətrafda yalnız dağılmış evlər, parçalamış məişət əşyaları və s. gözə dəyirdi. Bir müddətdən sonra yavaş-yavaş qəsəbənin siması dəyişməyə başladı. Yeni tipli xəstəxana, məktəb, digər inzibati və iaşə obyektləri inşa edildi. İndi isə bu qəsəbə şəhərə çevrilib. Hazırda orada neçə-neçə müasir tipli yaşayış binaları tikilib, göz oxşayan parklar salınıb. Biz hələ də Horadiz qəsəbəsində bərpa və yenidənqurma işləri ilə məşğuluq. Bir hissəsi işğal altında olan Füzuli rayonundan tutmuş, Ağstafa, bu gün də düşmənin nişangahında olan Qazax rayonuna kimi olan bölgələrimizdə döyüş əməliyyatları nəticəsində evləri dağılaraq bərbad vəziyyətə düşmüş vətəndaşlarımızın həyat tərzi bizim fəaliyyətimiz nəticəsində yaxşılaşdırılmışdır. Bu bölgələrdə nəinki bərpa-yenidənqurma işləri aparılmış, həm də insanların iqtisadi fəaliyyəti də bərpa edilmişdir. Məsələn, bu ərazidə yaşayan camaata mal-qara və kübrə paylamışıq. Bu ərazilərdə su və enerji təcizatı bərpa edilmiş, yollar çəkilmiş, bir sözlə, ərazidə həyatın öz axarına düşməsi üçün vacib olan bütün işlər görülmüşdür.
Mən demirəm ki, bu işləri tam şəkildə biz görmüşük, bu ərazidə yaşayan yerli əhali də fəaliyyətini bərpa etməkdə maraqlıdır. Bu faktor isə bizim işimizi bir qədər yüngülləşdirir.
Əvvəllər yerli əhali bizi başqa cür başa düşürdü, qəbul etmək istəmirdilər. Məsələn, bir vaxt deyərdilər ki, bu, yerli təşkilatdır, istərdik ki, bizim əraziləri xarici təşkilatlar bərpa etsinlər. İndi isə biz öz fəaliyyətimizlə həmin ictimai rəyi əksinə dəyişə bilmişik. ANAMA təşkilatı bizimlə birlikdə işləyir. Onlar döyüş bölgələrində əraziləri minalardan təmizləyir. Bu məsələ bizim proqramda nəzərdə tutulmuşdur. Bu təşkilatın yaradılması çox vacib hesab olunurdu. Biz də tərəfimizdən lazımi köməkliklərin hamısını göstərmişik, ANAMA-nın yararanmasında xidmət göstərmişik. Şükürlər olsun ki, adı çəkilən təşkilat çox səmərəli fəaliyət göstərir.
Biz əvvəllər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin tərkibində depertasiya üzrə departament kimi fəaliyyət göstərirdik. Əvvəllər biz qaçqın və məcburi köçkünlərin evlərini bərpa etdikdən sonra onları şəhərciklərdən axtarıb tapır və evlərini hazır vəziyyətdə özlərinə təqdim edirdik. Bununla yanaşı, nəinki tikinti-bərpa işləri görürdük, hətta evlərinə yenidən qayıdan əhalinin sosial müdafə məsələlərini də biz öz üzərimizə götürürdük, bu isə o qədər də asan iş deyildi.
Beynəlxalq təcrübəyə əsasən, münaqişə baş verən regionlarda bərpa və yenidənqurma işləri beynəlxalq qurumlar tərəfındən yalnız tərəflər arasında sülh sazişi imzalandıqdan sonra maliyyələşdirilir. Azərbaycanda isə işğaldan zərər çəkmiş ərazilərimizin bərpası Böyük Sülh Sazişi olmadan belə, BMT və Avropa Birliyi kimi nüfuzlu Beynəlxalq təşkilatlar, Ümumdünya Bankı və İslam İnkişaf Bankı kimi böyük maliyyə institutları və müxtəlif saylı Donor ölkələr tərəfindən maliyyələşdirilir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev çənablarının 12 iyul 1996-cı il 471 saylı Fərmanı ilə, Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatları nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş Azərbaycan Respublikası ərazilərinin bərpası və yenidən qurulması üzrə, Baş Nazirin müavini cənab Abid Şərifovun sədrliyi ilə Dövlət Komissiyası yaradılmış və onun «hüquqi şəxs» statusuna malik işçi orqanının yaradılması nəzərdə tutulmuşdur.
İşçi orqan kimi Bərpa Agentliyi yüksək ixtisaslı idarəetmə işçilərinə malik olmaqla, işğaldan azad olunmuş ərazilərin bərpa işlərinin səmərəli aparılmasını koordinasiya etməli və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün onların həyat və məişətində minimum tələbata uyğun şəraitin yaradılmasını təmin etməlidir.
Agentlik, bərpa işlərinə başlamazdan əvvəl Beynəlxalq Maliyyə İnstitutları, Beynəlxalq təşkilatlar, donor ölkələr və Beynəlxalq qeyri-dövlət təşkilatlarının qəbul edə biləcəyi və zərər çəkmiş ərazilərin bərpası və yenidən qurulmasının strateji prinsiplərini əks etdirən «Bərpa Proqramı» işləyərək, 1998-ci ilin mart ayında yuxarıda adları qeyd olunmuş bütün təşkilatlar və respublikamızın aidiyyatı qurumlarının iştirakı ilə prezentasiyasını keçirdi.
- Hal-hazırda hansı bölgədə işləyirsiniz?
- Biz bu dövr ərzində faktiki olaraq Azərbaycan Respublikasının bütün ərazisində işləmişik. Biz işimizə elə həmin o münaqişə nöqtələrindən başlamışıq. Bakıda Hökümət Evinin, Gülüstan Sarayının, Tarix Muzeyinin, Heydər Əlifev adına Respublika Sarayının restavrasiyası bizim agentlik tərəfindən təşkil olunaraq bərpa olunmuşdur. İndi Milli Arxiv və köhnə arxivin binasını təmir edirik. Bu dövr ərzində Avropa Birliyi xətti ilə böyük xəstəxanaların təmirə ehtiyacı olan spesifik bölmələrində bütün işləri bizim agentlik görür. Bununla yanaşı, zəlzələ nəticəsində yararsız hala düşmüş məktəbləri, Bakı şəhərində və regionlarda uşaq bağçalarını və körpələr evlərini bizim agentlik təmir edir. Hal-hazırda cənab Prezidentin təşəbbüsü ilə altı rayonda - Oguz, Zaqatala, Agıstafa, Tovuz, Goranboy və Göygöldə su təchizatı və kanalizasiyası sistemləri quraşdırırıq.
Bununla yanaşı, Ağstafa rayonunda 20 ədəd subartezian su quyusu, Tovuz rayonunda 30 ədəd quyu və 660 şagird üçün nəzərdə tutulmuş 3 məktəb Dünya Bankmın kreditindən qənaət olunmuş vəsaiti hesabına bərpa olunub.
Avropa Komissiyasının vəsaiti hesabına Qazax rayonunda 2 ədəd 6,5 mVA gücündə 35/10 kV-luq yarımstansiya, 8 km 35 kV-luq, 56,1 km 0,4-10 kV-luq elektrik xəttinin bərpası üzrə işlər başa çatmışdır. Bundan başqa, rayonda Dünya Bankının kreditindən qənaət olunmuş vəsaiti hesabına 1276 şagird yerlik 3 məktəbin və 20 ədəd subartezian quyuların bərpası başa çatıb.
Bərpa Proqramı çərçivəsində Naxçıvan MR-nın Sədərək rayonunda bütün işlər artıq icra olunmuş, İslam İnkişaf Bankının ayırdığı kredit hesabına 2662 şagird yerlik 7 orta məktəbin və Sədərək rayonunun 3000 ha-dan çox ərazisini suvara biləcək üçpilləli nasos stansiyasının və 14 subartezian quyusunun bərpası artıq başa çatdırılaraq təhvil verilmişdir. Ərazidə Dünya Bankının krediti hesabına 75 sayda yaşayış evi, 35/10 kV-luq yarımstansiya, 10 ədəd subartezian quyusu, 20 km uzunluğunda 0,4-10 kV-luq Elektrik Hava Xəttləri, içməli su məqsədli nasos stansiyası bərpa olunmuşdur.
İslam İnkişaf Bankının ayırdığı kredit hesabına Xanlar və Goranboy rayonlarında (keçmiş Şaumyan rayonunun kəndləri də daxil olmaqla) hazırda 4277 şagird yerlik 16 orta məktəbin bərpası başa çatdırılmışdır. Məktəblər yüksək keyfiyyətlə və müasir tələblərə cavab verən səviyyədə bərpa olunub. Keçən il ərzində Goranboy rayonunda Dünya Bankının kreditindən qənaət olunmuş vəsaiti hesabına 5 sayda 3392 yerlik məktəbin, Xanlar rayonunda isə 5 sayda 2600 yerlik məktəbin bərpası başa çatıb. Münaqişə nəticəsində Xanlar, Goranboy rayonları və Naftalan şəhərinin sıradan çıxarılmış içməli su təchizatı sistemlərinin bərpası da başa çatmışdır. Bundan başqa, Goranboy və Xanlar rayonlarında bir sıra irriqasiya obyektləri də bərpa olunub (154 ədəd subartezian quyusu, 3 pilləli irriqasiya məqsədli nasos stansiyası, 6 km uzunluğunda təzyiqli boru xətti və s.).
Ümumiyyətlə, təkcə Bərpa Proqramı başlanandan bu günə kimi 36000-dən çox, o cümlədən, Proqramın maliyyələşdirdiyi evlərə 30000-dən çox vətəndaşımız qayıdaraq məskunlaşmışdır. 250000-dən çox soydaşımız isə Proqram çərçivəsində bərpa olunan infrastrukturların xidmətindən istifadə edirlər. Onu da qeyd etmək lazımdır ki, BMT, Avropa Birliyi və Ümümdünya Bankı dünyada mövcud olan münaqişə zonalarında aparılan bərpa və yenidənqurma işlərini müqayisə edərək, şəffaflığına və nəticələrinə görə "Bərpa Proqramı"nı dünyada ən yaxşı idarə olunan layihələr sırasına aid etmişlər.
- İnşallah, torpaqlarımız işğaldan azad olunandan sonra torpaqlarımızın bərpası, bu işlərin səmərəli aparılmasını koordinasiya etmək və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün ixtisaslı kadrlar baxımından kifayət qədər potensialınız varmı?
Əlbəttə, bizim respublikamız sovet vaxtından o imkanları əldən buraxmamışdır. Ölkəmizdə lahiyə institutları var, hansı ki, şəhər, rayon mərkəzləri və kəndlərin planlaşması ilə məşğul olurlar. Ona görə də bizdə kadr potensialı kifayət qədərdir. Bununla yanaşı, hazırda muasir tələblərə cavab verən kadrların yetişdirilməsi istiqamətdə də işlər gedir. Aydın məsələdir ki, biz çoxlu beynəlxalq təşkilatların layihələrində çalışmışıq. Bu baxımdan bizim geniş təcrübəmiz və gördüyümüz işlərin nəticələri də var və bizi beynəlxalq səviyyədə tanıyırlar.
Mehriban Məmmədzadə