"Birinci sinifə qədəm qoyan uşaqların əksəriyyəti buraya gələcəyin prezidenti olmaq arzusu ilə gəlirlər"

Müsahibimiz: Tofiq İsmayılov adına 6 saylı məktəb-liseyin direktoru xanım Gülşən Orucova
-Gülşən xanım, aldığımız məlumatlara görə, məktəbinizin göstəriciləri ürəkaçandır, məzunlarınızın böyük əksəriyyəti dərhal ali məktəblərin tələbələri olur. Bu nəticəyə necə nail ola bilmişsiniz?
Müəllimlərimizin potensialı çox yüksəkdir. İstənilən məktəbin nəticəsi kadr məsələsidir. Həqiqətən, bu məktəbdə bacarıqlı, potensialı yüksək olan, savadlı, müasir tələblərlə uyğunlaşa bilən müəllimlərimiz çoxdur.
-Hamısı böyük potensiala malikdir?
Mən deməzdim ki, hamsının potensialı yüksəkdir. Lakin əksər müəllimlərimizin buna malikdir. Hər il ibtidai siniflərə axın həddən artıq çox olur. Tarix boyu məktəbə uşaqları sevməsi, sinfi idarə etməsi, savadı, bacrığı, təcrübəsi dillərə dastan olan müəllimin adına gəlirdilər. İndi isə tam əksinə-standartlara cavab verən, yüksək səviyyədə şəraiti, geniş sinif otaqları, karidorları, idman zalı, kafesi və s. olan məktəbə axın daha çoxdur. Xoşbəxtlikdən məktəbimizin gözəlliyi ilə yanaşı, günün tələblərinə cavab verən bacarıqlı, savadlı, ciddi, həmçinin də mehriban müəllimlərimiz də çoxdur. Bəlkə ona görə, bəlkə də imic olaraq məktəbimizə axın çoxdur. Birinci sinifə qədəm qoyan uşaqların əksəriyyəti buraya gələcəyin prezidenti olmaq arzusu ilə gəlirlər. 6 saylı məktəbin üzərində bu ad var. Bu adı qazanmaq asan olmadığı kimi, onu qoruyub saxlamaq da bir o qədər çətindir. Ona görə də müəllimlərimizin üzərinə ciddi məsuliyyət düşür. Bir rəhbər olaraq, müəllimlərin öz üzərində daim işləmələrini onlara tövsiyyə edirəm. Bu cür məktəbdə işləmək heç də müəllim üçün asan deyil. Yalnız yüksək potensiala malik müəllim axıra kimi belə məktəbdə işləyə bilər.
Yaxşı deyiblər, rəhbərlikdən çox şey aslıdır...
Məndən öncə Ceyran xanım bu məktəbdə 15 il rəhbərlik edib. Kişi ciddiyyətli, tələbkar, qüvvətli, diktator və s. xarakterli rəhbərdən sonra pambıq kimi yumşaq təbiətli, həlim xasiyyətli insanın kollektivə rəhbərlik etməsi çox çətindir. Zəif xarakterli rəhbərdən sonra işləməyə nə var ki... İstər-istəməz müqayisə edirlər,həmçinin də fərqi görürlər. Mənim xasiyyətim Ceyran xanımdan fərqli olsa da pambıqla baş kəsmək olar.
Öz işlərinə ciddi yanaşmayanlar, kollektiv arasında nifaq salmaq istəyənlər, bununla belə, işimizə mane olmaq istəyənlər pambıqdan qorxsunlar...
Çünki rəhbərlik etdiyim ilk zamanlardan bu günə kimi çox naliyyətlərə nail olmuşuq. Bu faktdır. Biz bu naliliyyətləri pillə-pillə qazanmışıq. Qazandıqlarımızı qorumağı da bacarırıq, daha irəli getməyi də. Bir rəhbər olaraq, bu günə kimi ya pedaqoji şurada, ya da başqa vaxt heç kəsi nə təhqir etməyi bacarıram, nə də alçaltmağı. Bu mənim leksikonumda yoxdur. Bu cür çirkin leksikon nəinki rəhbərə, həmçinin də insanlığa alçaqlıq gətirər. Özünə, işinə hörmət qoyan, doğru, düzgün leksikonu olan rəhbərin kollektivi də sağlam olmalıdır. Axı biz bəşər üçün vətəndaş yetişdiririk.
-Məktəbiniz bu yaxınlarda əsaslı təmir edildi, həmin vaxt şagirdləriniz dərslərindən geri qalmadılar ki? Çünki, təmir zamanı məktəb binasından istifadə etmək mümkün deyildi, hətta belə söz-söhbətlər yayılmışdı ki, prezidentin oxuduğu məktəb sökülür?
Qətiyyən. Tam olaraq biz başqa bir məktəbə köçürüldük və tədris planımız qətiyyən pozulmadı. Hətta biz fikirkəşirdik ki, müəyyən şagirdlər uzaqlığa görə məktəbdən çıxar. Açığı, çox az-20 nəfərə qədər kontiningent kənarlaşdırıldı.
-O vaxt söz-söhbət gəzirdi ki, bu məktəb artıq məktəb binası olmayacaq?
Bəli, belə söz-söhbət gəzirdi, amma mən bilirdim ki, bu sadəcə olaraq şayiələrdir.
-Amma digər məktəblərlə bir ümumi cəhətiniz var ki, sizin məktəbdə də fond pulu, bayramlarda hədiyyə pulu və s. adı altında şagirdlərdən pul yığılır. Bunu valideynlər və şagirdlər də təsdiqləyirlər. Bu nə ilə bağlıdır: müəllimlərin maaşı azdır, yoxsa məktəblərin saxlanılmasına yetərincə dövlət vəsaiti ayrılmır?
Bizim məktəbin özünün bank hesabı var. Mən demirəm ki, belə şeylər yoxdur, ancaq minimium dərəcəyə enib. Danışan həmişə olub. Mən heç nəyi gizlətmirəm. Necə deyərlər, ən gözəl biclik, düzlükdür. Misal çəkmək istəyirəm sizə: bizdə tunel var, bu binadan idman zalına keçmək üçün. Ancaq tunelin lampalarına 1750 AZN qaimə ilə pul vermişik.
-Dövlət yetərincə pul ayırmır?
Yox, ayırır, yəni bu günki mərkəzləşmiş qaydada proses gedir. Məsələn, üç aydan bir 800 AZN zibil paketinə pul veririk.
-Belə çıxır ki, bu məktəbi bu vəziyyətdə saxlamaq məktəbin öhdəsinə düşür?
Bəli, müəyyən mənada. Amma limit baxımından heç bir məcburiyyət ola bilməz. Anonim şəkildə bankda 9800 AZN pulumuz var. Bank hesabımızı vermişik, istədiyi şəkildə valideynlər pul köçürürlər. Bu gün ki gün Təhsil Nazirliyi şagirdlərin sayına görə kart verib ki, ayı 600 AZN təşkil edir. Bəli, siz dediyiniz məsələyə toxunacağam, əminliklə deyə bilərəm ki, bu gün belə şeylər tam yığışıb. Çünki, müəllimlərin özü mənə şikayət edirlər ki, bu nədir, artıq valideynlər bizə diqqət qoymurlar? Amma buna baxmayaraq, mən bu söz-söhbəti eşidirəm. Təhsil naziri dəyişəndə mən belə bir təklif verdim: necə ki, tələbə komissiyası elektron ərizələr qəbul edir, məktəblərə də uşaqlar elektron ərizələrlə qəbul olunsunlar ki, valideyn, direktor, müəllim o kontakda olmasın. Düzdür, çox direktorlar etiraz etdilər. Mən başa düşürəm nəyə görə. Dedim, bu mənim şəxsi fikirimdir. Hər halda 3 ildir ki, mən rəhbərəm. Bu da az müddət deyil, bilavasitə başqa söz-söhbət ola bilməz. İnanıram ki, cəmiyyətdə o fikir dəyişəcək.
-Gülşən xanım, müəllimlərin repetitorluq fəaliyyətinə siz necə baxırsınız: haqq qazandırırsınız, ya əleyhinəsiniz?
Sözün açığı, mən haqq qazandırmıram. Amma bu bir reallıqdır ki, bu gün cəmiyyətdə bu fikri dəyişmək çox cətindir. Pilot məktəb kimi burada təmayüllü siniflər açılıb. 10, 11-ci siniflərdə sırf ixtisaslarına uyğun olaraq fənlər keçirilir, onların tədris proqramı da fərqlənir. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, repetitor yanına getməyən şagird yüksək bal toplaya bilməz.
Mehriban Məmmədzadə