“Müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir”

10 may 1923-cü ildə Azərbaycanın gələcəyinə ümid olmayan bir zamanda, millət üçün ümid günəşi parladı. Bu çıraq qədim Naxçıvan torpağından tutmuş bütün Azərbaycanı, oradan da dünyanın altıda birini zülmətə salmış SSRİ məkanını da işıqlara qərq etdi. Zülmətlərə işıq saçan bu günəş Heydər Əliyev idi.
1969-cu ildə Azərbaycana siyasi hakimiyyətə gələnədək çox çətin, sıxıntılı, təzyiqli, lakin şərəfli bir yol keçdi Heydər Əliyev. Onun üçün böyük vəzifə anlayışı yox idi. Sadəcə, qulluqda vəzifə böyümələri doğma Azərbaycanına xidmət etmək imkanlarını və səlahiyyətlərini artırırdı. Ulu öndər kamil bir şəxsiyyət olaraq dərk edirdi ki, SSRİ deyilən ədalətsiz bir imperiya uzun müddət yaşaya bilməz. Çünki o, hadisələrin və böyük siyasətin mərkəzində olduğundan təzahürdə görünməyənləri görürdü.
Heydər Əliyev 1969-cu ildə Azərbaycan KP Mərkəzi Komitəsinin 1-ci katibi seçildiyi zaman nəinki dünyada, heç müttəfiq respublikalar arasında da tanınmayan Azərbaycanı ümumittifaq səviyyəsində birincilər cərgəsinə qaldırdı. Onun rəhbərliyi altında aparılan islahatlar Azərbaycan Respublikasının hər bir vətandaşının həyatına sirayət etdi. Ulu Öndər Azərbaycanda kənd təsərrüfatı və sənaye islahatlarını çox bacarıqla aparırdı.
Heydər Əliyev o dövrdə Azərbaycanda ilk işartıları yaranan milli ideologiyanın rövnəqləndirilməsinə yardımçı oldu. Neçə-neçə dissidenti, milli düşüncəli insanı ölümdən, həbsdən qurtardı. Düzdür, həmin insanların azad olunmasında bəzən bilavasitə iştirak edirdi. Heydər Əliyev bilirdi ki, gec-tez bu quruluş dağılacaq. Dağılan zaman isə ölkəyə ancaq milli ruhlu insanlar sahib çıxa bilərdi.
Heydər Əliyev milli ruhlu hərbi kadrların yetişdirilməsini də qarşısına məqsəd qoymuşdu. O, dərk edirdi ki, ilk hərbi addımlarını doğma Azərbaycanında atan gənc yüksək hərbi təhsilini harada alsa da Vətənə sədaqət hissi onun canından çıxmayacaq. Heydər Əliyevin Sovet dövründəki xidmətlərini saymaqla bitirmək olmaz. Həmin faktlar zaman keçdikcə Heydər Əliyev araşdırmaçıları tərəfindən daha təfərrüatı ilə üzə çıxacaq.
Azərbaycan əsrin əvvəlindəki kimi əsrin sonunda da müstəqillik əldə etmək imkanı qazandı. 18 oktyabr 1991-ci ildə Müstəqillik bəyannaməsi imzalanaraq müstəqil Azərbaycan Respublikasi elan edildi. İlk vaxtlar xalqın coğqusu ilə alovlanan hərakatın sonralar arxasında və başında duranların heç də hamısının sağlam düşüncəli insanlar olmadığı müəyyən olunurdu.
Ulu Öndər qurucusu və ideoloqu olmuş Azərbaycanın məhv olmasını oturub ürəkağrısı ilə seyr etmək istəmirdi. Dəfələrlə mövcud hakimiyyət rəhbərlərinə dövlətin ümumi mənafeyi naminə bir ağsaqqal kimi məsləhət və tövsiyyələrini vermək istəmişdi. Lakin qısqanc və dayaz siyasətbazlar ciddi cəhdlə buna mane olmuşdular.
1991-ci il müstəqilliyi də artıq siyası varısı elan olunduğu 1918-ci il müstəqilliyinin taleyini yaşayırdı. Xalq hər an başı üzərini ala biləcək təhlükəni görürdü. "El gücü sel gücü" deyib atalar. Bəli, xalq artıq siyasi oyunlardan cana gəldi. Xalq öz xilaskarından Bakıya gəlməyi tələb etdi.
Nəhayət xalqın tələbi və xahişi ilə Heydər Əliyev Bakıya gəldi. Xalqın çətin durumu Heydər Əliyevi sarsıtmadı. Çünki xalqına inam və xalqın ona inamı Heydər Əliyevə sanki əlavə güc vermişdi. Xalq xilaskarından çox şey istəyirdi. Bu istəklə də Heydər Əliyevə boyük səs faizi ilə səs verib 1993-cü ildə özlərinə rəhbər seçdilər. "mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyən dahi insan yorulmaq bilmədən müstəqillik yolunda xalqına güvənərək inamla yüksəklərə qalxırdı. Heydər Əliyev həyatının ən gözəl anlarını həsr edərək yaratdığı infrastruktur tamamilə dağılmışdır. Heydər Əliyev hər şeyi sıfırdan başlayaraq müasir Azərbaycan Respublikası üçün mükəmməl bir bünövrə qurdu. "Müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir" şüarını bu gün biz böyük bir qürur hissi ilə özümüzə deviz seçmişik.
Ulu öndər xalqının inkişafı naminə uzun zaman beynində formalaşdırdığı milli ideoloji xətti artıq müstəqil Azərbaycan Respublikasının inkişaf prioritetinə çevirdi. Ermənilərin hərbi təcavüzünün qarşısını almaq üçün 12 may 1994-cü ildə Bişkek protokoluna əsasən atəşkəs elan olundu. Heydər Əliyev müharibənin iqtisadi və sosial inkişafa ən böyük zərbə və təhlükə olduğunu həmişə anlayırdı.
Dahi şəxsiyyət "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" deyərək ilk öncə iqtisadiyyatın dirçəldilməsinin vacibliyini bildirdi. Heydər Əliyevin şəxsi nüfuzu və apardığı uğurlu siyasətin nəticəsi olaraq, hətta böyük güc sahibi olan dövlətlərin də reallaşacağına inanmadığı bir layihənin həyata keçirilməsi uğurla həyata keçirdi. Bu layihə 20 sentyabr 1994-cü ildə Azərbaycan tarixinə "Əsrin müqaviləsi" adı ilə daxil oldu. Uğurlu neft strategiyası Azərbaycanı bölgənin lider dövlətinə çevirdi.
Azərbaycan dünyada emənilərin xeyrinə olan informasiya bulokadasını məhz Heydər Əliyevin sayəsində qıra bildi. O, dünyada Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olduğunu sübut edirdi. Azərbaycanda bütün sahələrdə köklü və əsaslı islahatlar aparıldı. Qısa zamanda Azərbaycan iqtisadiyyatına yatırılmış sərmayələrin həcmi milyard dollarlarla ölçülürdü.
Azərbaycan xalqı qarşısında sonsuz xidmətlər göstərən Ulu Öndər Heydər Əliyev 12 dekabr 2003-cü ildə ömrünün 80-ci qışında əbədiyyata qovuşaraq bütün ömrünü həsr etdiyi xalqının ürəyində möhtəşəm və ucalıqda müqayisəsi olmayan canlı abidə yapdı.
Heydər Əliyev ömrünün sonuna kimi xalqına sadiq qaldı. İstəmirdi ki, ondan sonra hansısa dağıdıcı qüvvə damla-damla qurmuş olduğu bu dövlətin təməllərini sarsıtsın. Ona görə də o, özünün siyasi varisi kimi İlham Əliyevi hazırlamışdı. "İlham Əliyevə mən özüm qədər inanıram" deməklə xalqa İlham Əliyevin hansı keyfiyyətlərə malik olduğuna zəmanət vermiş oldu.
Xalq Ulu Öndərin siyasi davamçısının ətrafında yumruq kimi birləşərək, İlham Əliyevi üç dəfə Azərbaycan Respublikasının prezidenti seçdi. İlham Əliyevin düşünüldüyündən də artıq siyasi manerasının, diplomatik gedişlərinin şahidi olduq. Heydər Əliyev siyasətinin layiqli davamçısı qısa zamanda dünyada nüfuz sahibi oldu.
Heydər Əliyevin siyasətinin nəticəsidir ki, bu gün region və dünya dövlətlərinin başçıları Azərbaycan Respublikasının siyasi iradəsi qarşısında hesablaşmaq məcburiyyətindədirlər. Heç bir regional layihə Azərbaycan dövlətinin mənafeyinə və maraqlarına zidd olaraq reallaşa bilməz.
Heydər Əliyev siyasəti mütərəqqi, zamanla ayaqlaşan və çox vaxt zamanını qabaqlayan, xalqa və Vətənə müqəddəs xidmət prinsipləri üzərində qurulmuş, dünyada və ölkədə sülhü təbliğ edən bir siyasətdir.