Təlim, tərbiyə və təhsildə qədirbilənlik

{title

42ci-paralel.az
 

Buludxan Xəlilov,

filologiya üzrə elmlər doktoru, professor

Bəxtiyar Vahabzadə: Təlim, tərbiyə və təhsildə

qədirbilənlik

 

 

"Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarındandır. Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynamışdır. Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi”.

 

(Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında 14 yanvar 2015-ci il tarixli sərəncamından)

Bəxtiyar Vahabzadə harda olmasından asılı olma­ya­raq qeyri-adi, xoşagələn nəyi görmüşsə, onu da təbliğ etməyi, yaymağı özünə borc bilmişdir. O, öyrən­dik­lərini, gördüklərini, bildiklərini paylaşmağı özünə bir borc bilmişdir. Yazı-pozularının, məqalələrinin hər birində bunu görməmək mümkün deyildir. Bu mənada Portuqaliyaya səfərinin təəssüratları ilə bağlı yazdığı onun "Döyüşən Portuqaliya” məqaləsində oxuyuruq: "Noyabrın 11-də qədim Kasambro şəhərinə getdik. Bu şəhər XIII əsrdə yaradılmış universiteti və Kral Don Deniş tərəfindən 1723-cü ildə yaradılmış nəhəng kitab­xanası ilə fəxr edir. Universitetin hər fakültəsi ayrıca binada yerləşir. Hər fakültə binasının qapı tağı üstündə həmin fakültənin emblemi həkk edilmişdir. Məsələn, hüquq fakültəsi yerləşən binanın tağına tərəzi emblemi (günahı və savabı ölçmə aləti kimi) vurulmuşdur.

Elmi şura iclasları gedən salonun divarlarında XIII əsrdən bu günə qədər universitetin bütün rektorlarının şəkli asılmışdır”. Əlbəttə, universitetlərin müasirliyi vacib məsələdir. Hər bir fakültənin emblemlərinin olması həmin fakültənin özünəməxsusluğundan xəbər verir. Eləcə də hər bir fakültənin kitabxanasının, oxu zalının, muzeyinin, arxivinin olması müasirlikdən və universitetin geniş imkanından xəbər verir.

Bəxtiyar Vahabzadə Kral Don Denişin yaratdığı kitabxanadan bəhs edərək qeyd edir ki, kitabxanada X əsrdən bəri dünyanın müxtəlif dillərində yazılmış milyon yarım kitab var. "Kitabxana elm sahələrinə görə müxtəlif şöbələrə ayrılmışdır. Hər şöbənin öz salonu, hər elm sahəsinin öz emblemi var. Məsələn, həndəsə və riyaziyyata aid salonun binasında pərgar və xətkeş şəkli həmin elm sahəsinin emblemi hesab olunur”. Yaxşı bir nümunə kimi qeyd olunanlardan faydalanmaq olar və bunları universitetlərin simasına çevirmək mümkündür. Əsas odur ki, Bəxtiyar Vahabzadə ona yeni görü­nən­lərin hər birindən bəhs edir, yazır və geniş auditoriyanın marağına çevirirdi.

Bəxtiyar Vahabzadə vətənə, xalqa bağlı olan hər bir şeyə dəyər verir, ona öz şair, müəllim, vətəndaş möv­qe­yini bildirirdi. Onun fikrincə, dahilər dahilik səviyyəsinə xalqa, vətənə bağlılıq hissindən yüksəlirlər. Onlar öz duyğularını, istəklərini vətənin arzu və istəyi ilə yoğururlar.

Bəxtiyar Vahabzadə müəllimlərin XI qurultayındakı çıxışını "Əziz və hörmətli müəllimlər!” adı ilə 1978-ci ildə çap etdirdi. Və "Müəllim bizim ilk dostumuz, mə­nəvi atamız, anamızdır” dedi. O, müəllim kimdir? sua­lına cavab verdi. Müəllimi planetimizin hörmət et­diyi, fəxri sayılan şəxsiyyəti kimi qiymətləndirdi. Müəllim haqqında dəqiq və konkret fikirlər söylədi: "Bizi hələ uşaq ikən böyük fikirlər və böyük əməllərlə silah­lan­dıran, gözümüzü dünyaya açan, əllərimizdən tutub bizi sirlər dünyasına aparan, bizə uçmaq üçün qanad verən müəllimlərimizdir. Müəllim

Müəllim bağbandır. Ancaq həqiqi bağban təbiətdə baş salırsa, müəllim isə cəmiyyətdə baş salır. Onun ək­diyi toxumlar cəmiyyətə fayda verir. Cəmiyyəti irəliyə aparır, cəmiyyəti inkişaf etdirir.

Bəxtiyar Vahabzadə yazır: "Müəllim hələ ayna kimi saf olan uşaq beyninə pis toxumlar da əkə bilər, gözəl və faydalı toxumlar da. Pis toxumların məhsulu qanqal, kol – kos, yaxşı toxumların məhsulu isə qızılgül və faydalı meyvələr olar. Buradan müəllimin cəmiyyətdəki yeri aydın olur”.

Bəxtiyar Vahabzadə müəllimliyi peşə deyil, sənət adlandırır: "Çünki doğrudan da uşaq beynində ilk naxışlar açan müəllimə peşəkar yox, sənətkar demək lazımdır”4.

Bəxtiyar Vahabzadə orta məktəbi bitirən məzunlara uğurlu yol arzulayır, onların həyatda büdrəməmələri üçün yollar göstərirdi. Orta məktəbi bitirən gənclərə müraciətini 1977-ci ildə "Son zəng” adı ilə çap edərək bütün gənclərə çatdırırdı. Yaxşı və gözəl ənənələri yük­sək qiymətləndirirdi. Bu mənada Azərbaycanın müxtəlif məktəblərindən yaxşı örnəkləri təbliğ edirdi. Belə örnəklərdən biri də Şəkinin Oxud məktəbinə aid idi. Bu məktəbin ənənəyə çevirdiyi bir iş Bəxtiyar Vahabzadəni də heyran edir. Belə ki, iyul ayının son günlərində o, universitetə gedirmiş. Görür ki, Sabir bağının yanında bir avtobus dayanır. Avtobusdan əllərində gül-çiçək dəstəsi olan oğlan və qızlar düşür. Gül-çiçək dəstəsini Sabirin heykəli qarşısına qoyub Sabirdən şeir deməyə başlayırlar. Bu mənzərəni seyr edən Bəxtiyar Vahab­zadə onlara yaxınlaşır. Hələ gənclik illərindən tanıdığı Nurpaşa Hümmətovu görür. Nurpaşa müəllim filologiya üzrə fəlsəfə doktoru, Şəki rayonunun Oxud kəndində məktəb direktoru, ömrünü maarifə həsr etmiş, Azər­bay­can dilinin tədrisi meto­dika­sına dair onlarla məqalə yazmış müəllim idi. Söhbətdən aydın olur ki, o, hər il məktəbi qurtaran uşaqları son imtahandan sonra Şa­ma­xıya və Bakıya gətirir, böyük sənətkarların məzar­la­rını ziyarət edir, ev muzeylərini gəzir, heykəlləri qarşısına gül-çiçək dəstələri qoyurlar. Şagirdlər məktəbi qur­tar­ma­ları barədə raport verir, Vətənə, xalqa xidmət edəcəklərinə and içirlər. Bəxtiyar Vahabzadə dayanıb şagirdləri bir-bir dinləyir. Hətta şagirdlərdən Sabir Rəhimov adlı birisinin M.Ə.Sabirin heykəli qarşısında söylədiyini böyük bir amal, əqidə hesab edir: "Böyük şair, böyük vətəndaş, mən sənin adını daşıyıram. Adı daşımağa nə var ki, mən çalışacağam ki, sənin əməl­lə­rini, sənin fikirlərini qəlbimdə daşıyam. Vətənimi sənin kimi sevim, sənin kimi şair olmaq hər adamın işi deyil. Mən çalışacağam ki, sənin kimi yaxşı vətəndaş olum!”1.

Bəxtiyar Vahabzadəyə Nurpaşa müəllim Oxud mək­təbi barədə maraqlı məlumat verir. Bəxtiyar Vahabzadə Oxud məktəbinə gələcəyinə söz verir. Bəxtiyar Va­habzadə sentyabr ayında Oxud məktəbində olur. Mək­təbdə onun diqqətini çəkənlər bunlar olur. "Nümunəvi atalar və analar” başlığı altında verilən lövhə. Lövhədə kəndin qabaqcıl adamlarının şəkilləri asılmışdı. Mək­təbdəki yeməkxana, klub, emalatxana, geniş üzgüçülük hovuzu, linqafon kabinetər, zəngin radio qov­şağı, mək­təb­dən evlərə verilən radio verilişləri adamın ürə­yi­ni dağa döndərir. Bəxtiyar Vahabzadə bü­tün bunların hamısını cəmiyyət üçün faydalı hesab edir. Odur ki, o, orta məktəb müəllimi deyəndə iki müəl­limi yaxşı mə­na­da yadından çıxarmırdı: birisi İbrahim Cəfər, digəri Nurpaşa müəllim. O yazırdı: "Müəllim dediyim zaman həmişə orta məktəbdə ədəbiyyat müəllimim İbrahim Cəfər, bir də Nurpaşa müəllim yadıma düşür. Nurpaşa müəllim başdan – başa ruhdur, mənəviyyatdır, fikirdir, düşüncədir. Səhərdən – axşama qədər məktəbdə sevimli şagirdlərinin yanındadır”.

Bəxtiyar Vahabzadə orta məktəblərə getmək, mək­təb­lərdəki vəziyyəti öyrənmək, yaxşı müəllimlərin işini yaymaq, təbliğ etmək baxımından heç kəsə bənzəməyən bir ömür yaşamışdır. O, görüşlərdə alim kimi də, müəl­lim kimi də öyrənməyə həmişə üstünlük vermişdir. Ona görə də öyrənə bilmədiyi məktəblər barədə öz hissini, mövqeyini gizlətməmişdir. Məsələn, vaxtilə orta təhsil aldığı məktəbə dəvət olunsa da, oradakı ədəbiyyat müəl­liminin məruzəsi onu razı salmamışdır. 1978-ci ildə "Dili yoxdur, o danışır” məqaləsində yazırdı: "Müəllim öz üzərində çalışmırsa, onun şagirdlərindən nə gözləyə bilərik? Həmin görüşdə mən bu məsələyə çox ciddi şəkildə toxundum. Hiss etdim ki, "zəhmət çəkib” haq­qımda yazılanları varağa köçürən müəllim çıxışımdan narazı qaldı. Olsun! Lakin mən buna əminəm ki, həmin müəllim ədəbiyyatın bir elm, bir sənət olaraq nə mahiyyətini, nə məqsədini, nə də xüsusiyyətini bilir. O, bədii əsərlərdən həzz almır. Ona görə də bu müəllimin zövqü və hissi formalaşmaq üzrə olan balalarımıza ədəbiyyatı sevdirə biləcəyinə inanmaq çətindir”2.

Bəxtiyar Vahabzadə öyrənməyi çox üstün tuturdu. Hətta ağsaqqaldan, ağbirçəkdən, el-obanın hörmətli adamlarından öyrənməyi, müdrik məsləhətləri din­lə­məyi özünə borc bilirdi. Bir sözlə, Bəxtiyar Vahabzadə insanların arasında olmaq, adət - ənənələrini gözü ilə görmək, qarşılıqlı inam və etiqad və s. məsələlərə böyük ehtiramla yanaşırdı. Onun fikrincə, qədir-qiymət, xətir-hörmət bilinməyən yerdə nə xeyir olar, nə bərəkət. Belə yerdə çəkilən zəhmətin bəhrəsi də olmaz. Bu mənada Ağdamın Novruzlu kəndinin sakini 90 ilə yaxın yaşamış Hüseyn kişinin həyat yolu, tutduğu mövqe onun tərəfindən qiymətləndirilirdi. Çünki Hüseyn kişi bu dünyaya nə üçün gəlməyimizin, nəyin naminə çalış­mağımızın, nədən ötrü yaşamağımızın mənasını yaxşı bilirdi. Ona görə də el arasında dərin hörmət qazan­mışdı. Təsadüfi deyil ki, onun dəfni zamanı mənalı söhbətlər və ibrətamiz şeirlər cavanlarımızı şərəflə yaşamağa təlimatlandırmışdır. Ona görə də Bəxtiyar Vahabzadə 1976-cı ildə "Xətir-hörmət, qədir-qiymət” məqaləsini yazmışdı1. Bu məqalə vasitəsilə Bəxtiyar Vahabzadə xalq pedaqogikasından öyrənməyi, xalqın hörmət və ehtiram bəslədiyi el ağsaqqallarından öyrənməyi vacib bilirdi.

Yaxşıların tez-tez xatırlanmasını, yaxşı müəl­lim­lərdən məqalə yazmağı bir təskinlik, rahatlıq kimi qəbul edən Bəxtiyar Vahabzadənin dostu Nurəddin Rzayevin "Yaşatmaq yanğısı” kitabına ön söz yazması bir xeyir­xahlıq idi. Elə bir xeyirxahlıq ki, onun vasitəsilə insanın ömrü boyu çəkdiyi zəhmətin itmədiyi, insanı tanıtmaq və sevdirmək yolunda baş verən xeyirxahlıq. Mərhum professor Fuad Əfəndiyev haqqında Nurəddin Rzayevin yazdığı "Yaşatmaq yanğısı” kitabı bir ömrün səhifə­lə­rini öyrənmək, oxumaq baxımından çox dəyərli idi.

Nurəddin Rzayevin öz müəllimi Fuad Əfəndiyevdən kitab yazmasını Bəxtiyar Vahabzadə əbədi yaşamağa layiq olan insanlara hörmət və ehtiram kimi qəbul edir­di. O, nəsillərə örnək ola biləcək işıqlı adamlardan bəhs edən belə kitabların yazılmasını bir neçə cəhətdən lazımlı, vacib bilirdi. Birincisi ona görə ki, nəsillər özlərindən əvvəlki nəsilləri tanımalı, onlardan öyrən­məli, onların amal və əqidələrini bilməlidirlər. İkincisi isə belə kitablar nəsillər arasında körpü yaratmaq baxımından, nəsilləri bir-birinə bağlamaq baxımından, təbii ki, əhəmiyyətlidir. "Günlərin bir günü bu fikrə gəldik ki, Nurəddin öz müəllimi haqqında olan düşüncələrini və bugünkü gənclik üçün çox maraqlı olan xatirələrini saysız-hesabsız söhbətləriylə səpə­ləyincə onları yazıb bir kitab şəklində xalqa çatdırsa, faydalı iş görmüş olar2. Əslində bunun özü də bir örnək­dir. O mənada örnəkdir ki, xidməti olan belə müəl­limlərin hər biri barədə tələbələri kitab yazsa, faydalı iş görmüş olarlar. Elmin müxtəlif sahələrində olmuş görkəmli müəllimlərimiz var ki, onlar barədə kitablar yazılmamışdır. Bu da həmin müəllimlərin yaxşı əməl­lərinin gələcək nəsillərə çatdırılması işini əngəl­ləyir. Ona görə də bu qəbildən olan kitabların yazılması görkəmli müəllimlərimizin xalqa tanıdılmasında mühüm rol oynaya bilər. Eyni zamanda gəncliyin örnək və nümunə götürülməsində də əhəmiyyəti əvəzsiz ola bilər.

Yaxşılıq etmək, qayğıkeşlik göstərmək, xeyirxahlıq bunlar hər adama deyil, Allahın ən çox sevdiyi bəndə­lərinə verdiyi bir istedaddır. Bəxtiyar Vahabzadə belə keyfiyyətləri gördüyü adamları heç vaxt unutmamış, həmişə onların ünvanına xoş söz demiş, onlardan yaz­mış, onların yaxşı əməllərini cəmiyyətdə yaymışdır. Belələrindən biri də Əli Vəliyev idi. Bəxtiyar Vahab­za­də onu özünə mənəvi ata hesab edirdi. Və onun xeyir­xah­lığından bəhs edən "Mənəvi ata” adlı məqalə də yazmışdı. Bəli, onun mənəvi ata hesab etdiyi Əli Vəliyevdə xeyirxah müəllim, əsl müəllim xisləti vardır. Bu xeyirxahlığı yüzlərlə insandan biri kimi Bəxtiyar Vahabzadə də görmüşdü. 1951-ci ildə "S.Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edəndə müdafiənin saxlanılmasını iddia edənlər də olmuşdur. Guya əsərdə "çox böyük metodoloji səhvlər” var. Lakin bu münasibət S.Vurğuna olan qərəzli müna­sibət imiş. Bu vəziyyəti bilən Ə.Vəliyev gözlənilmədən müdafiəyə gəlir. Söz alıb kürsüdən çıxış edir. Ertəsi gün Bəxtiyar Vahabzadə Əli Vəliyevgilə gəlir və ona təşəkkürünü bildirir. Əli Vəliyev "bəsdir” deyib onun sö­zünü ağzında qoyur. " – Onu bil ki, - dedi, - mən nə səni, nə də S.Vurğunu deyil, haqqı müdafiə elədim. Haq­­qın müdafiəsi üçünsə, adama təşəkkür eləməzlər. Çünki hamı belə olmalı, hamı haqqın keşiyində dayanmalıdır”.

Bəxtiyar Vahabzadənin pedaqoji görüşlərinin zirvəsi 1970-ci ildə yazdığı "Qiymət” poemasıdır. Bu poemada Bəxtiyar Vahabzadənin müəllimlik fəaliyyəti, eləcə də şair kimi duyğuları dil açıb danışır. Bu poema hər bir şagirdin, tələbənin təlim, tərbiyə və təhsilinə müsbət təsir göstərər.