"Bizim vəzifəmiz qanunlar çərçivəsində vətəndaşların asayışını və təhlükəsizliyini təmin etməkdir"

- Şəhriyar müəllim, 2013-cü ildə Xaçmaz rayonunda rayon əhalisinin təhlükəsizliyini təmin etmək üçün hansı profilaktik tədbirlər görmüşsiniz?
-Əvvəla onu qeyd edim ki, hazırda rayonda kriminogen durum tam sabitdir və vətəndaşların asayişinin qorunması istiqamətində heç bir problem yoxdur. Mütamadi keçirilən reydlər və digər tədbirlərə gəldikdə isə bizim strukturlar hər zaman Daxili İşlər Nazirliyinin təsdiq etdiyi tədbirlər planı və cənab nazirin tapşırıqları yüksək səviyyədə yerinə yetirilir.
Konkret göstəricilərə gəldikdə isə 2013-cü ilin yanvar ayından bu günə qədər rayon ərazisində 139 cinayət faktı qeydə alınıb. Bu cinayət hadisələrindən 135-in açılması təmin olunub. Bu cinayət faktının 97 faizinin açılması deməkdir, hər rayon polis idarəsi bu göstəriciyə nail ola bilmir, bu böyük göstəricidir. Mən şadam ki, bu səviyyəyə nail ola bilmişik. Həmin cinayət hadisələrindən 4-ü bu günlərdə baş verib və cinayət hadisələrinin üstü isti izlərlə açılıb. Həmin cinayət hadisələrinin 3-ü oğurluqla, biri isə sağlamlığa az zərər vurma ilə bağlıdı. Oğurluq hadisələrindən birində mağazadan 200 manata yaxın məbləğin oğurlanması, digəri isə Yevlax rayonunda məskən salmış qaraçı dəstəsinin törətdiyi oğurluq faktıdır.
Axtarışda olan şəxslərin aşkarlanaraq tutulması üç rübün nəticələrinə görə 62 faiz təşkil edir. Biz daxil olan informasiyalara operativ reaksiya verməklə və şəxsi heyətimizin bacarığı, çevikliyi sayəsində bu göstəricilərə nail ola bilmişik.
Prezident seçkiləri ərəfəsində bizim üzərimizə düşən vəzifə əsasən seçicilərin qeydiyyat problemlərini operativ olaraq həll etmək idi ki, biz bunun da öhdəsindən layiqincə gələ bildik. Həmin dövrdə əməkdaşlarımız operativ olaraq səyyar qruplar yaradıb, kənd-kənd, qəsəbə-qəsəbə gəzərək seçici yaşına çatmış, yenicə seçki hüququ qazanan vətəndaşlarımızın qeydiyyatını yerindəcə həll ediblər. Çünki yenicə seçki hüququ qazanmış gənc vətəndaşlarımızı yalnız ciddi ehtiyac duyduqda vəsiqə almaq barədə düşünür, bu isə onların seçki hüququndan məhrum olunmasına gətirib çıxara bilərdi. Axı vətəndaşlıq vəsiqəsi olmadan səs vermək mümkün deyil. Ona görə də biz rayonda seçki gününə bir həftə qalmışa qədər seçki hüququ olan - yəni 18 yaşını tamam etmiş bütün vətəndaşları şəxsiyyət vəsiqəsi ilə təmin etdik. Vaxtı bitmiş vəsiqələrin dəyişdirilməsini də həmçinin, operativ qaydada həyata keçirdik.
- Cənab rəis, son vaxtlar ölkə mətbuatında sizin rayonda fəaliyyət göstərən əxlaqsızlıq yuvaları barədə bir neçə məqalə və araşdırmalar dərc edilib. Bu yazılardakı faktlar barədə nə deyə bilərsiniz?
-Bilirəm siz hansı faktları nəzərdə tutursunuz, biz o barədə araşdırma aparmışıq. Əslində o informasiyanı mətbuata sızdıran şəxs özü əvvəllər məhkumluq həyatı yaşamış və elə həmin əxlaqsızlıq yuvalarına nəzarət edən adamdır. Biz onu qeyri-qanuni əməllərindən məhrum etdiyimizə görə o, bizi mətbuatla şantaj etmək yoluna əl atıb. Bilirsiniz, cinayət törədən şəxsləri müəyyən meyarlarla iki qrupa bölmək olar təsadüfən cinayət törətmiş şəxslərə və qeyri-qanuni fəaliyyəti özünə peşə seçmiş insanlara. Birincilərlə məsələ aydındı, bu qrupa hər adam düşə bilər. Lakin ikinci qrup bunu özünə peşə seçdiyinə görə həmişə alibiyə malik olmağa çalışır və bəzən buna nail ola da bilir. Bizim isə vəzifəmiz həmin peşəkarların alibisini ifşa etməkdir və biz öz işimizin öhdəsindən gələ bilirik.Biz həmin insanları əxlaqsızlıq yuvaları saxlamaqdan məhrum etmişik və onlar bizimlə qanun, hüquq müstəvisində mübarizə apara bilmirlər. Bu səbəbdən də onlar bizə media vasitəsilə təzyiq etmək istəyir. Biz isə bütün məsələləri mətbuata açıqladıq və həqiqət ortaya çıxdı. Bundan sonra isə həmin mətbu orqanlar yazdıqları barədə təkzib verməyə məcbur oldular. Digər tərəfdən, biz ictimai rəyə deyil, qanunlara əsaslanaraq fəaliyyət göstəririk, hansı ki, o qanunları xalqın mandat verdiyi parlament qəbul edir.
Biz qanunlar çərçivəsində fəaliyyət göstəririk, vəzifəmiz vətəndaşların asayişini və təhlükəsizliyi təmin etməkdir. Bu yolda qeyri-qanuni fəaliyyəti özünə peşə seçmiş ünsürlar heç vaxt bizim qarşımızı kəsə bilməz.
- Xaçmaz rayonu da ölkədə yol qəzalarının sayına görə ön sıralardadır. Belə qəzaların qarşısını almaq üçün hansı proflaktik tədbirlərə əl atırsınız?
Bu il ərzində rayon ərazisində 24 yol-nəqliyyat hadisəsi baş verib, 21 nəfər yaralanıb, 10 nəfər qəza nəticəsində dünyasını dəyişib. Bu ötən ilin müvafiq dövrünə nisbətən yaxşı göstəricidir. Bəllidir ki, hər hansı bir tendensiyanın qarşısını almaq üçün onun səbəblərini aydınlaşdırmaq lazımdır. Baş vermiş yol-nəqliyyat hadisələrini araşdırdıqda görürük ki, əksər hadisələr buna sürücülərin sərxoş halda avtomobili idarə etməsi və sürət həddini aşması səbəb olur. Ona görə də yol polisi əməkdaşlarımız bütün günü rayonun daha aktiv hərəkətə malik olan yollarında nəqliyyatın hərəkətinə nəzarət edir, reydlər keçirərək sərxoş, sürücülük hüququ olmayan sürücüləri yol hərəkətindən kənarlaşdırmağa çalışırlar ki, bu cür xoşagəlməz hadisələrin alsınlar.
Müsahibimiz:XaçmazrayonpolisşöbəsininrəisiŞəhriyarŞəmşirlidir.
Mehriban Məmmədzadə