«Məqsəd birdir - ərzaq bolluğu yaratmaq, ölkə iqtisadiyyatını daha da möhkəmləndirmək»

Müsahibimiz: "Aqrartikinti" Servis firmasının direktoru Bağır Muradov.
- Bağır müəllim, siz ölkənin zəif inkişaf etmiş sektoru olan aqrar sahə ilə işləyirsiniz, işin öhdəsindən gələ bilirsinizmi?
Rəhbərlik etdiyim "Aqrartikinti" Servis firması "Aqrartikinti" Səhmdar Cəmiyyətinin tabeçiliyindədir. Firmamız hər bir işi layiqincə yerinə yetirir. Respublikanın müxtəlif regionlarında gördüyümüz işlər yüksək keyfiyyətlə qəbul olunub. İndi bu dövr üçün, tələb əvvəlki illərdən tamamilə fərqlənir. Hazırda görülən işlərdən yüksək keyfiyyət tələb olunur. Çünki məqsəd birdir - ərzaq bolluğu yaratmaq, ölkə iqtisadiyyatını daha da möhkəmləndirmək. Bir neçə faktı diqqətə çatdırmaq istərdim. Dövlət başçımızın tapşırığına əsasən respublikada kənd təsərrüfatına yararlı torpaqlardan səmərəli istifadə səviyyəsini artırmaq məqsədi ilə regionda xeyli iş görmüşük. Bu məqsədlə Saatlı rayonunda 4 min hektar sahənin suvarma sistemlərinin bərpası və yenidən qurulması işlərini həyata keçirmişik. Həmin ərazilərdə quraşdırılmış yeni suvarma qurğuları xarici ölkələrdən gətirilib və yüksək keyfiyyəti ilə diqqəti cəlb edir. Zaqatala rayonunda yeni salınmış körpü də keyfiyyətinə görə müsbət qarşılanıb. Goranboy rayonunda tikilmiş gips və karton kombinatı beynəlxalq standartlara uyğun səviyyəli istehsal müəssisələrindəndir. Həmin kombinatı "Gilan and Clauf" şirkəti tikib. Bu şirkət "Aqrartikinti" Servis firmasına etimad göstərərək kombinatın bir sexinin tikintisini bizə həvalə etmişdir. Almaniya kimi inkişaf etmiş bir dövlətin müştərək fəaliyyəti ilə ərsəyə gələn kombinatın tikintisində bizim servis xidmətindən yararlanmaları kollektivimizin gördüyü işin keyfiyyətindən irəli gəlir. Həmin kombinatda yüksək keyfiyyətli məhsul istehsal ediləcək və yerli sakinlər işlə təmin olunacaqlar. Qazax, Şəki, Qəbələ və digər rayonlarda gördüyümüz işlər də yüksək keyiyyətlə qəbul olunub. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar, qeyri-neft sektorunun inkişafını diqqət mərkəzində saxlaması, iri infrastruktur layihələrinin reallaşdırılması istiqamətində atılan qətiyyətli addımlar ölkəmizin beynəlxalq aləmə inteqrasiyasını xeyli sürətləndirib. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin uğurlu icrası beynəlxalq standartlara tam cavab verən yeni müəssisələrin yaradılmasına, çoxlu sayda iş yerlərinin açılmasına şərait yaradıb. Son yeddi ildə 980 mindən çox yeni iş yerlərinin yaradılması dediklərimizi bir daha təsdiqləyir. Azərbaycan Prezidenti ölkəyə rəhbərlik etdiyi ilk gündən əhalini ən çox narahat edən işsizlik probleminin aradan qaldırılması üçün mühüm əhəmiyyətli tədbirlər planı hazırladı və bu istiqamətdə düşünülmüş qərarlar qəbul etdi. Dövlət başçımız hələ 2003-cü ilin sonlarında demişdir ki, Azərbaycan üçün ən böyük problem işsizlikdir, məqsədimiz növbəti beş ildə Azərbaycanda 600 min iş yeri açmaqdır. Prezident bu proqramın həm dövlət, həm də özəl sektorlar tərəfindən görüləcək tədbirlərin nəticəsində həyata keçirilməsini, ilk növbədə infrastrukturların, o cümlədən digər zəruri obyektlərin, elektrik stansiyalarının və avtomobil yollarının tikintisini sürətləndirməyi vurğulamışdır. Həmin vaxtdan həyata keçirilən tədbirlər nəticəsində artıq Azərbaycanın bütün regionlarında tikinti-quraşdırma, yenidənqurma işləri geniş vüsət almış, hətta MDB ölkələrində analoqu olmayan sənaye və istehsal müəssisələri yaradılmışdır. Həmin müəssisələrdə ilk növbədə yerli sakinlər işlə təmin olunurlar. Bu da işsizlik probleminin aradan qaldırılmasında qarşıya qoyulmuş vəzifələrin uğurla icra olunmasından xəbər verir. Işlərimiz pis getmir, demək olar ki, 2010-2013-ci illər bizim firma üçün düşərli oldu. İndi hal-hazırda Gilan Holdinqin zavodu tikilir. Bununla yanaşı, Goranboy rayonunda müasir suvarma kommunikasiya sistemlərinin qurulması layihə həyata keçiririk. Həm də orada Gilan Holdinqin alçiban istehsal edən zavodunu almanlarla birlikdə yenidən qururuq. Tezliklə müasir tələblərə cavab verən tikinti materialları zavodu təhfil veriləcək. Almanlar da işimizdən razıdırlar.
- Almanların iş prinsipi ilə
ayaqlaşa bilirsinizmi?
Almanlar bizdən çox razıdırlar. Düzdür, əvvəllər sözümüz düz gəlmirdi, sonralar uyğunlaşıb dil tapdıq. Onu da nəzərə alaq ki, biz 70 il sovet rejimində işləmişik, indi həm zaman, həm də tələb dəyişib, texnologiyalar inkişaf edib. Düzdür bəzi şeylərdə aramızda anlaşılmazlıqlar olurdu. Əvvəllər biz orada 10 il türklərlə işləmişik, sonradan isə almanlar gəldi və biz onlarla fərqli sistem üzrə işləməyə başladıq. Onların iş prinsipi, əmək münasibətləri bizə yad idi, bir təhər yola gedirdik. İndi şükür Allaha, qarşılıqlı münasibətlər, hörmət, təcrübə mübadiləsi edirik, biz bilmədiklərimizi onlardan öyrənirik, onlar da bizdən. Çünki yerli materiallar var ki, onlardan istifadə olunma qaydaları almanlar üçün yaddır, çalışırıq ki, bunların hamısını yoluna qoyaq. Şəhərdə bir-iki yerdə təmir-tikinti işləri həyata keçiririk. Yeni ildən Balakən rayonunda suvarma sistemlərinin bərpası layihəsini reallaşdırmaqla məşqul olacagıq. İşimizin qurulmasına, reallaşdırdığımız layihələrin keyfiyyətinə və səmərəliliyinə söz ola bilməz, indiyə qədər heç bir sifarişçidən narazılıq eşitməmişik.
- Bildiyimiz qədər, apardığınız tikinti-quraşdırma işlərində qabaqcıl dünya təcrübəsinin Azərbaycanın aqrar sektoruna gətirilməsinə səy göstərirsiniz. Daha çox hansı ölkənin təcrübəsinə üstünlük verirsiniz?
Aqrar deyəndə, əvvəllər bizi kolxozçu kimi nəzərə alırdılar, tanıyırdılar. Bunun da səbəbi vardı, yeni fəaliyyətə başlayanda xırda layihələr həyata keçirirdik, hələ dərin təcrübəyə malik deyildik. Amma indi böyük layihələr həyata keçirməyə başlamışıq, buna bizim hərtərəfli potensialımız var. Qısa müddət ərzində dünya və Avropa səviyyəsinə çıxa bilmişik. Gördüyümüz işlərin əksəriyyəti dünya və Avropa banklarının sifarişləri ilə yerinə yetirilir. Bu baxımdan işlərimiz çox gözəl və yerli-yerində gedir. Bizi bəyənirlər ki, bizə vəsait buraxırlar, bəyənməsələr vəsait buraxmazlar. Bizi artıq bütün dünya tanıyır. Təbii ki, bu işləri qurub yaradan cənab prezidentin rəhbərliyi altında fəaliyyət göstərən rəhbərimiz Ağalar Vəliyevdir. Amma çatışmayan cəhətlərimiz də çoxdur. Tərifləməklə deyil ki, günbəgün işimizi təkimilləşdirməyə çalışırıq. Məsələn, sovetlər dönəmində planlı təsərrüfat sistemi hökm sürdüyündən hər bir idarənin iş planı var idi. Buna uyğun da hər idarənin spesifik iş strukturu var idi. İndi isə tenderdə hər hansı bir layihəni udmaqla iş bitmir. Gərək o layihəni elə icra edib başa çatdırasan ki, müştərilərin rəğbət və etibarını qazana biləsən. Əks halda, gələn dəfə tenderdə mütləq uduzacaqsan. Bir sözlə indi daha çox elm və bacarıq tələb olunur. O vaxt nə var idi işləməyə, bir maşınla işin öhdəsindən gəlmək olurdu, indi isə çoxlu texnika tələb olunur. Bizim sovet texnikaları (gülümsəyərək), indi heç bir işə yaramır.
- Sizcə,”Azəbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın qarşıya qoyduğu vəzifələrdən sizin üzərinizə düşənləri həyata keçirə bilmisinizmi?
Bir sözlə ifadə etməli olsam, bəli, biz işimizin ustasıyıq və üzərimizə götürdüyümüz öhdəliklərin hamısını layiqincə yerinə yetirə bilmişik. Amma ölkənin nailiyyətləri təkcə bizim uğurlarımızla məhdudlaşmır. Hazırda aqrar sahədə aparılan yüksək səviyyəli işlər, kənd təsərrüfatının inkişafı dövlətin diqqət mərkəzində saxladığı prioritet sahələrdəndir. Prezidentin tapşırığına əsasən respublikada kənd təsərrüfatına yararlı torpaqlardan səmərəli istifadə səviyyəsi getdikcə artırılır. Bu da yaxın gələcəkdə kənd təsərrüfatı məhsullarının bolluğuna zəmin yaradacaq. Kənd təsərrüfatı məhsulları istehsalına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi, bu sahənin inkişafına xüsusi önəm göstərilməsi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda da öz əksini tapıb. Aqrar sahənin inkişafını daha da sürətləndirmək məqsədi ilə investisiya layihələrinin reallaşdırılmasında güzəştli kreditlərin verilməsinə xüsusi önəm verilir. Qürur hissi keçiririk ki, bu sahədə bizim kollektivin də az da olsa zəhməti var. Hazırda Azərbaycanda qeyri-neft sektorunun əsasını təşkil edən aqrar sahənin inkişafı diqqət mərkəzindədir. Bu sahədə yeni hədəflərin əsasının qoyulması, regional proqramların yerinə yetirilməsi, kənddə həyat tərzinin müasirləşdirilməsi və digər zəruri işlərin yerinə yetirilməsi ölkənin iqtisadi gücünün daha da artırılmasına və həmçinin əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına geniş imkanlar açacaq. "Azərbaycan Respublikası regionlarının 2009 - 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın qarşıya qoyduğu vəzifələrin uğurlu icrası prioritet məsələlərdəndir. Məlumdur ki, bu Dövlət Proqramının əsas vəzifəsi regionlarda beynəlxalq standartlara tam cavab verən yeni müəssisələrin yaradılması, istehsal sahələrinin genişləndirilməsi, işsizlik probleminin aradan qaldırılması və əhalinin ərzaq məhsuları ilə etibarlı təminatını gücləndirməkdir. Bu istiqamətdə dövlətimizin başçısının yorulmaz fəaliyyəti bizim də məsuliyyətimizi artırır. Çünki hamıya məlumdur ki, regionlarda tikilib istifadəyə verilmiş obyektlərin açılışında möhtərəm Prezidentimiz şəxsən iştirak edir. Ona görə də həmin obyektlərin yüksək keyfiyyətlə tikilməsi vacib şərtlərdəndir. Bu gün respublikada həyata keçirilən siyasi strategiya hər birimizin ürəyincədir. Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artması, mövqelərinin getdikcə möhkəmləndirilməsi gələcəkdə daha yüksək nailiyyətlər qazanılmasından xəbər verir. Bu uğurlarda kollektivimizin az da olsa, zəhmət payı olmasından fərəhlənir və qürur hissi keçiririk.
MEHRİBAN MƏMMƏDZADƏ