“GÜNEYDƏ İRAN REJİMİ SƏSİNİ ÇIXARANI, ORTA ƏSRLƏRİN CƏNGƏLLİK QANUNLARI İLƏ İTTİHAM EDİR”

{title

Müsahibimiz Azərbaycan Respublikası Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət vəkili Sabir Rüstəmxanlıdır.

 

 

- Sabir bəy, bu günlərdə Azərbaycanda müstəqil düşüncəli bəzi tanınmış ziyalılara qarşı "bizim olmayan" adam kimi davranılmasına etiraz olaraq mətbuatda məqalə ilə çıxış etdiniz. Bu məqaləni yazmağa sizi nə vadar etdi?

Əslində bu mənim üçün təzə mövzu deyil. Təxminən 25 ildir azərbaycanlılara, ziyalılara, intellektual mülkiyyət sahibi olan, fikir adamları ilə bağlı ədalətsiz yanaşmalara həmişə öz etirazımı bildirmişəm. Vaxtı ilə - sovet dövründə Səttar Bəhlulzadə küçəsi haqqında şəhər sovetinə açıq məktub yazmışdım. Məktubda göstərmişdim ki, 18-ci ildən azərbaycanların qanını tökən əmiryanların, şaumyanların, avakiyanların və.s. adları Bakının ən böyük küçələrinə verildiyi halda, xutorda yarıuçuq evlərin arasına bir küçəyə Bəhlulzadənin adını verilib. İndi də o küçə həmin vəziyətdədir. Amma o vaxt Bəhlulzadənin haqqını qorumağı özümə borc hesab edirdim. O vaxt böyük şairimiz Bəxtiyar Vahabzadə haqda mətbuatda yaraşmayan yazılar gedəndə haqsızlıqlara dözməyib «Millətin əsəb nöqtəsi haqda» əsər yazmışdım. Eləcə də, Anarla bağlı yenə də 15 il bundan qabaq haqsızlığa qarşı çıxdım. Təkcə onlar deyil, rəhmətlik Elçibəylə bağlı müxtəlif tipli yazılara cavab olaraq "Elçibəyin vətəni sevmək xəstəliyi" yazısını yazmışdım. 1988-ci ildən sonra, milli hərakatın qızğın dövründə Moskvada məhrum Heydər Əliyevə qarşı rus mətbuatında müxtəlif hücumlar olanda biz burada o yazılara cavab istiqamətində müəyyən addımlar atılırdıq. Yəni mənim üçün şəxsiyyətin iqtidarda və ya müxalifətdə olmasından asılı olmayaraq, Azərbaycanın sifəti olan, onun taleyində rol oynamış insanların qorunması çox ciddi məsələdir. Belə insanların qorunmasını özümə borc hesab etmişəm. Bundan əlavə, müxtəlif adamlar haqqında çoxlu digər yazılarım var, o yazılarda onları layiq olduğu mərtəbədə göstərməyə çalışmışam. İstəmişəm ki, onlar xırda böhtanların, nəsillər arasındakı çəkişmələrin, yaxud hakimiyyət uğurunda mübarizələrin hədəfinə çevirilməsin. Yadınızdadırsa, meydan hadisələrinin ən ağır anlarında da orada ziyalılar var idi - Ziya Bunyadov, Bəxtiyar Vahabzadə, Xəlil Rza, nisbətən cavan nəsildən Aydın Məmmədov, mənim dostum Nüsrət Kəsəmənli və başqaları vardı. İndi bəzən deyirlər siyasətlə siyasətçilər işləməli, yazıçılar isə öz işləri ilə məşğul olsunlar. O vaxt ağır günlərdə heç kimə etibar, ehtiram yox idi. Ona görə də yazıçılar lazım idi. Yazıçı, ziyalı, bunlar azərbaycanın tarixidir, onlara qarşı bir qədər sayğı ilə yanaşmaq lazımdır.

- Azərbaycanda vətəndaş həmrəyliyi istiqamətində partiyanızın gördüyü işlər barəsində nə deyə bilərsiniz?

"Vətəndaş həmrəyliyi" - bu ifadə siyasi leksikamıza bizim partiyanın yaranması ilə gəlib. Bu partiya 1992-ci ilin sentyabr ayında yaranıb. O vaxt Azərbaycanda separatçılıq tüğyan edirdi, hərə bir yana dartırdı. Təbii ki, belə seperatçıların arxasında böyük qüvvə, qonşu dövlətlər dayanırdı. Mən belə bir dövürdə bu partiyanın yaranması ideyasını ortaya atdım. Daha doğrusu, dostlarımın çoxu bunu mənə təklif etdilər. Adı ilə bağlı çox düşündükdövlətçiliyə xidmət edən partiya yaratdıq. Əslində heç partiya haqqında düşünmürdüm. Fikirləşirdim ki, nə qədər müharibə qurtarmayıb, Azərbaycanda bir hərəkat olmalıdır, deyək ki, Xalq Cəbhəsi qorunub saxlanmalı idi. Yaxud da milli demokratik qüvvələrin bir partiyası olmalı idi. .Amma sonra görəndə ki, artıq çoxlu partiyalar yaradılır, müəyyən mənada fikir ayrılıqları da var. Mən Azərbaycan cəmiyyətinin bütövləşməsinə görə bir partiya yaratdım. Bundan sonra Azərbaycanın müxtəlif yerlərində görüşlərimiz keçirildi. Həmin görüşlər bir daha təsdiqlədi ki, bu ideyaya xalqın ehtiyacı var. Adətən milli dövlət qurulandan sonra ölkədə vətəndaşlıq institutu, vətəndaşlıq anlayışı ön plana keçir. Çünki ölkədə bir xalqın marağını irəli çəkib, digərlərini kənarda qoymaq olmaz. Hər bir vətəndaş üçün Azərbaycanın qanunları əzizdir, hər bir vətəndaşda bu qanunlar qarşısında eyni məsuliyyəti daşıyır. Sevinirəm ki, bu gün artıq ölkədə vətəndaş həmrəyliyi, fikiri və ideyası formalaşıb. İndi artıq vətəndaş həmrəyliyinin müxtəlif deyim şəkilləri ortaya çıxıb. Cəmiyətin buna ehtiyacı var. Cəmiyyətdə müsbət auralar üst-üstə gəlməli idi. Bir də hər şeyə hüquqi müstəvidə yanaşmaq lazımdır. Belə olanda biz qanunlar qarşısında bərabərləşir, həmrəy oluruq.

- Azərbaycanın hazırki durumu sizi bir millət vəkili kimi qane edirmi? Siz payız sessiyasında Milli Məclisdə hansı məsələlərin müzakirə edilməsini istəyərdiniz?

Milli-dövlətçiliklə bağlı bir sıra problemlər var ki, onlar uzun illərdi dilə gətirilir, haqqında danışılır, amma bu problemlər öz həllini tapmır. Yəqin noyabr ayında büdcə müzakirə ediləcək, sonra isə hökumətin hesabatı dinləniləcək. Büdcə müzakirəsi elədir ki, orada ölkə həyatının bütün məsələlərinə toxunur, istədiklərimizi orada demək imkanı qazanırıq. Yeri gələndə cari məsələlərdə davamlı olaraq görmək istədiyimiz qanunları, istədiyimiz məsəslələri dilə gətiririk, indi buna heç bir maneə yoxdur. Amma o məsələlərin həyata keçib-keçməməsi başqa məsələdir. Mən deputat olduğum 23 ildə Milli Məclisdə çıxışlarımın stenoqramlarına baxmışam, 2000 səhifədən artıqdır. Onları nə vaxtsa bir kitab kimi çap elətdirəcəm. Sevinirəm ki, 2000 səhifədə bir dənə də milli yoldan sapma, bir dənə də dövlətçiliyimizin əleyhinə olan çıxış yoxdur. Dünyada 50 milyon azərbaycanlı var, onların 9 milyonunun dövləti var. Bəzən biz bu dövlətin qüsurlarına da dözürük, çünki bu dövlət bizim zaman-zaman arzumuz olub. Müstəqil dövlətimiz gücləndikcə güneydəkilərin də yolu açılar. Ona görə bizim tənqidi yanaşmamız adətən böyük mənada milli xəttdən, milli dövlətçilik xəttindən heç vaxt kənara çıxmır. İllər uzunu bu mövqedən çıxış etmişik, yəqin bundan sonra belə davam etdirəcəyik.

- Güney Azərbaycanda - İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi sahəsində vəziyyət necədir? DAK-ın həmsədiri kimi bu məsələyə sizin münasibətinizi bilmək istərdik?

Bu çox maraqlı sualdır. Bununla bağlı çox işlər görürük. Bu ilin aprel ayında mən digər həmsədr Firudin Pərvizliylə bərabər Amerikaya getmişdik. Amerika Dövlət Departamentində, Konqresində görüşlərimiz oldu. Konkret olaraq güney Azərbaycanın bu günki durumu, böyük dövlətlərdə, o cümlədən Amerikada yaşayan azərbaycanlıların gələcəyi barədə müzakirələr apardıq. Avropa Parlamentlərində, Cenevrə İnsan Haqları Komissarlığında görüşlərimiz olub. Biz bu məsələni beynəlxalq təşkilatların gündəliyinə gətirmişik. Millətimizin yaşadığı faciələri dünyaya çatdırmağa çalışmışıq. Bu mütəmadi olaraq gündəliyə gətirilməli idi. Baxmayaraq ki, 200 ildə güneydə-hətta, azərbaycanlıların hakimiyyət başında olduğu dövrdə də ciddi farslaşma siyasəti aparılır. Amma heç nə dəyişilməyib, xalq öz yerindədir. Əlifbasını dəyişdiriblər, hətta, təqvimi də dəyişiblər, ana dilində danışmağı, uşağa ana dilində ad qoymağı yasaqlayıblar, mahnılarını oxumağa icazə verilmir, tarixini öyrənmir, buna baxmayaraq xalq dəyişilməyib, ruhumuz birdir. Biz öz işlərimizi davam etdirməliyik. Bu yaxınlarda İstanbulda keçiriləcək toplantıda da bu barədə müzakirə açılacaq. Digər toplantılarda da bu məsələnin qaldırılmasını planlaşdırırıq. Mən həm də öz yazılarımda da bu problemi diqqət mərkəzində saxlayıram. Zaman dəyişir, dünya inkişaf edir, çox təəssüf ki, bu məsələ ciddi şəkildə həllini tapmır. Mətbuatda və digər yerlərdə güneyin məsələsinə toxunmaq lazımdır. Güneydə İran rejimi səsini çıxardanı orta əsrlərin cəngərlik qanunları ilə ittiham edir. Bu millət ölməyib, 35 milyon xalq zarafat deyil, bizim sayımız heç bir avropa xalqlarından nə fransızdan, nə italyandan az deyil. Bu qədər sayı olan, böyük dövlətlər yaratmış bu millət bu gün ayaq altında əzilə bilməz.

- Dövlət müstəqillik gününü də bu ayda qeyd etdik, bununla bağlı xalqımıza hansı mesajları ünvanlayardınız?

Mən sevinirəm ki, dövlət müstəqilliyininbərpası haqqında addım atanlardan biri də mənəm. O vaxt Müstəqil Azərbaycan deputat blokunun həmsədiriydim, 1988-ci ildən meydandayam. Azərbaycanın SSRİ-dən qopmasının zərurətini həmişə dilə gətirirdim. Bizə qarşı torpaq iddiaları irəli sürən düşmənlərimizin kimliyini və riyakarlığını dünyaya çatdırmışıq. Nəticə etibarilə tale elə gətirdi ki, həm o məsələlər barədə yazmışıq, həm də xalq hərakatının başında dayanmışıq. Sonra da xalqın seçimi ilə millət vəkili olaraq müstəqilliyimizi reallaşdırmışıq, qanunlaşdırmışıq. Azərbaycan mətbuatında ilk müstəqil qəzeti mən yaratmışdım. Mətbuat və informasiya naziri olaraq mətbuatımızın inkişafı üçün dərsliklərimizin yeni idealogiyaya uyğun nəşri üçün bacardığımız işləri görmüşük. Dövlətimiz gücləndikcə mövcüdluğumuzun özü məni sevindirir. Mən sevinirəm ki, müstəqil dövlətin müəlliflərindən biri mənəm. Bunu inkar etmək mümkün deyil.

- Sevindirici haldır ki, seçkilərdə Prezident İlham Əliyev yenidən qələbə qazanıb. Məhz elə bununla bağlı sizin də ürək sözlərinizi eşitmək istəyərdik.

Cənab prezidentimizin işləri göz qabağındadır. Bizim camaatımız da bu işə qiymət verir. Əvvəla, bu beş illiyin də millətimizə xeyirli və uğurlu olmasını istəyirəm. Çox istəyirəm ki, İlham Əliyev xalqın ona verdiyi dəstəyi qiymətləndirsin. Onun artıq indi xeyli təcrübəsi var. Artıq 10 ildir ki, o, ölkəni idarə edir. İstərdim ki, ölkədə ciddi islahatların aparılmasına start verilsin, neqativ halların, korrupsiyanın, rüşvətxorluğun qarşısı alınsın, millətimiz istədiklərini bizim iqtisadiyatda tapa bilsin. Onda Azərbaycan indikindən daha surətli, daha yaxşı inkişaf edəcək. Həm Prezidentimiz üçün, həm millətimiz üçün xeyirli olsun.

Sizə isə müvəffəqiyyətlər arzulayıram. Mətbu orqanınız peşəkarlıqla hazırlanan jurnaldır. Xüsusi ilə poliqrafiya işiniz çox yaxşıdır. Yazılara baxıram, ziyalılara, cəmiyyətin müxtəlif təbəqələrinə müraciət edirsiniz. Sizin jurnala uğurlar arzulayıram.

Mehriban Məmmədzadə