SIĞORTA ŞİRKƏTLƏRİNƏ İNAMSIZLIQ, ƏHALİNİN SIĞORTA BARƏSİNDƏ BİLİKLƏRİNİN AŞAĞI SƏVİYYƏDƏ OLMASINDAN İRƏLİ GƏLİR

Müsahibimiz: Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin sədri Məmməd Məmmədovdur.
- "Dövlət Sığorta Kommersiya Şirkəti" Açıq Tipli Səhmdar Cəmiyyətinin ölkənin sığorta bazarında reytinqini necə dəyərləndirirsiniz?
Dövlət Sığorta Şirkəti Respublika Sığorta bazarında ən təcrübəli və geniş şəbəkəyə malik olan, ixtisaslı kadr potensiyalına malik olan şirkətdir. Dövlət Sığorta Şirkəti 2011-ci ildə öz 90 illik yubileyini qeyd etmişdi. 30 könüllü və 8 icbari sığorta növü üzrə hüquqi və fiziki şəxslərə sığorta xidməti göstərməklə, əhalinin sosial müdafiəsinə sığorta təminatını yaradan iqtisadi qurumdur. 2012-ci ilin nəticələrinə əsasən Respublikada fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən toplanan sığorta haqlarının 10%-i şirkətin payına düşməklə birinci beşliyə daxildir. Şirkətin fəaliyyəti sığortalılar və kütləvi informasiya vasitələri tərəfindən yüksək qiymətləndirilərək sığorta şirkətləri arasında bir neçə il mütəmadi olaraq "İlin Şirkəti” mükafatına layiq görülmüşdür. Buda şirkətin çoxsaylı kollektivinin daha yüksək nailiyyətlər qazanmağa istiqamətləndirir, əzmlə çalışmağa, sığortalılara daha dolğun və önəmli sığorta xidməti göstərməyə sövq edirik. Şirkətimiz sığorta xidmətlərinin və idarəetmənin beynəlxalq tələblərinə uyğun təşkil etdiyinə, xidmət keyfiyyətinin yüksəldilməsinə və təkmilləşdirilməsinə görə Beynəlxalq İSO 2000-2001 keyfiyyət sertifikatı almışdır.
-"Dövlət Sığorta Kommersiya Şirkəti” biznesin inkişafına dair hansı işlər görülür?
Dövlət Sığorta Şirkəti sığortalıların marağına və Respublikanın ənənələrinə uyğun olan yeni sığorta qaydalarının hazırlanması istiqamətində mühüm işlər görür. Sığorta risklərinin əhatə dairəsini genişləndirmək və tarifləri aşağı salmaqla sığortalıların tələbinə və büdcəsinə cavab verən sığorta qaydaları hazırlanıb əhali arasında realizə edilir. Bunlardan ”Avtonəqliyyat vasitələrinin kompleks sığortası”, ”Mənzillərin təmir sığortası”, ”Tikintilərin könüllü sığortası”, ”Peşə məsuliyyətinin sığortası” və s. misal çəkmək olar. Aqrar sahə sığorta işi üçün az rentabelli olmasına baxmayaraq şirkətimiz kənd təsərrüfatı bitkilərinin məhsullarının sığortası sahəsində də mühüm işlər görür. Sığorta bazarının inkişafı daima dövlətin diqqət mərkəzində olmuşdur. Respublikamız öz müstəqilliyini bərpa etdikdən bu günə qədər sığorta bazarının inkişafı ilə bağlı bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir. O cümlədən, ”Kənd təsərrüfatında sığortanın stimullaşdırılması” haqqında, qanunun tələbinə uyğun olaraq kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə hesablanan sığorta haqlarının 50% -i büdcə vəsaiti hesabına ödənilir ki ,bu da bu sahə ilə məşğul olan hüquqi və fiziki şəxslərin mənafelərini qorumaqla bərabər Respublikada strateji bitkilərin inkişafına öz müsbət təsirini göstərir.
Respublika Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2011-ci ildə qəbul edilmiş ”İcbari sığortalar " haqqında Qanunda bilavasitə əhalinin sosial müdafiəsinə əlavə sığorta təminatı yaradılmasına xidmət edir. Belə ki, daşınmaz əmlakın icbari sığortası üzrə hüquqi və fiziki şəxslərə məxsus yaşayış evləri, mənzillər və qeyri-yaşayış tikililərinin sığortası məcburidir. Məlum olduğu kimi son 10 ildə Respublika İqtisadiyyatının dinamik inkişafı əhalinin maddi rifah halının yaxşılaşdırılması, Respublikada avtomobil parkının sürətli inkişafına səbəb olmuşdur .Ölkəmizdə avtomobillərin sayının 1200000 çatması yol nəqliyyat hadisələrinin sayının artmasına və həmin hadisələr nəticəsində NVS-nə dəyən zərərlərin ödənilməsinə təminat yaratmaq məqsədilə "İcbari Sığorta Haqqında” Qanunun bir bölməsi buna aid edilmişdir. Buda yol-nəqliyyat hadisələri nəticəsində nəqliyyat vasitəsi sahiblərinə dəyən zərərlərin ödənilməsinə təminat yaradır. Bütün bu qeyd olunanlar Dövlət Sığorta Şirkətinin daima inkişafına və tərrəqisinə xidmət edir.
-Ümumilikdə Azərbaycanda sığorta bazarını necə dəyərləndirirsiniz. Problemlər nədən ibarətdir?
Respublikada Sığorta Biznesi yeni biznes sahəsi olmasına baxmayaraq daima inkişafdadır. Sığorta bazarının tənzimlənməsi üçün ilk dəfə 1993-cü ildə "Sığorta haqqında " Qanun qəbul edilmişdir.Hazırda Sığorta bazarının Beynəlxalq Standartlara uyğun formalaşması və təkmilləşdirilməsi məqsədilə 2007-ci ildən qüvvədə olan "Sığorta fəaliyyəti” haqqında Qanun qəbul olunmuşdur. Sığorta bazarı son 10 ildə daha da sürətlə inkişaf etmişdir. Belə ki , sığorta bazarında fəaliyyət göstərən 28 sığorta şirkətləri tərəfindən 2003-cü ildə 57,5 milyon manat sığorta haqqı toplanmışdırsa, 2012-ci ildə isə 342,5 milyon manat sığorta haqqı toplanmışdır ki, bununda 10,0%-i Dövlət Sığorta Şirkətinin payına düşür. Bu da həmin dövrdən 6 dəfə çoxdu. Sığortaçılar və ölkə əhalisi sığorta sahəsinə dövlətin qayğısını daima hiss edir və bundan faydalanır. İqtisadiyyatın bütün sahələrində olduğu kimi Sığorta bazarınında özünə məxsus problemləri vardır. Problemlərin başlıcası əhalinin sığortanın mahiyəti və səmərəliliyi ilə əlaqədar maarifləndirilməməsi, ixtisaslı kadrların hazırlanmaması, əhali arasında kütləvi izahat işlərinin zəif təşkil olunmasıdır.
- Beynəlxalq şirkətlərlə tərəfdaşlığınız hansı səviyyədədir?
Şirkətimiz Sığorta və təkrar sığorta işini daha da inkişaf etdirmək məqsədilə bir sıra xarici ölkələrin qabaqcıl şirkətləri ilə əməkdaşlıq edir. Dövlət Sığorta Şirkəti müstəqil Şirkət kimi fəaliyyət göstərdiyi dövrdən İngiltərənin "Lloyd” sığorta Korporasiyası Almaniyanın "Munich RE ", Türkiyənin "Yapı Kredi” və ” Mərkəz”, Rusiyanın " İnqostrax ", Yaponiyanın "Tokyo Marin” Şirkətləri ilə sığorta və təkrarsığorta sahəsində əməkdaşlıq edir.
-Sizin şirkət həmçinin "ASAN Xidmət” mərkəzlərində sığorta xidmətləri təklif edir. Bu sizə hansı dividentlər gətirir?
Dövlət Sığorta Şirkəti ilə "Asan” xidməti arasında gələcəkdə əməkdaşlıq edilməsi, Sığorta xidmətlərinin bu qurum vasitəsi ilə əhaliyə realizə edilməsi istiqamətində danışıqlar aparılır. Güman edirik ki, əməkdaşlıq formatının seçilməsindən sonra artıq bu işə start veriləcək və əhali arasında populyar olan "Asan” xidmət tərəfindən Dövlət Sığorta Şirkətinin Sığorta Polislərinin satılması həyata keçiriləcəkdir.
- Bu bir reallıqdır ki, əhalidə sığorta şirkətlərinə etibar istənilən səviyyədə deyil. Bu problemin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
İnamsızlığının əsas səbəblərindən biri əhalinin Sığorta barədə biliklərinin aşağı səviyədə olmasından irəli gəlir. Belə ki, Sığorta Şirkəti yalnız təssərüfat üçün yararlı olan, qəza vəziyyətində olmayan əmlakların sığortaya qəbul edir, onların yalnız müqavilədə şərtləşdirilmiş hadisələr nəticəsində zədələnməsi hallarında dəyən zərərlərin ödənilməsinə təminat verir. Lakin bəzi vətəndaşlar belə hesab edirlər ki, əmlak hansı hadisədən zədələnməsinə və məhv olmasına baxmayaraq, Sığorta Şirkəti bu zərəri ödəməlidir. Bununla əlaqədar hər bir müqavilə bağlanarkən müqavilənın şərtləri sığortalının və sığortaçının hüquq və vəzifələri onlara izah
olunur. Bununla da biz əhali arasında Sığortaya inam yaratmağa nail oluruq.
Mehriban Məmmədzadə