HƏR BİR XƏSTƏ BİR VƏTƏNDAŞ OLARAQ ÖZ HÜQUQLARINI BİLMƏLİ VƏ ONU TƏLƏB ETMƏLİDİR

{title

Müsahibimiz: Respublika Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi Epidemiologiya və Statistika şöbəsinin müdiri, professor Fuad Mərdanlı.

 

- Fuad müəllim, necə oldu ki, bu peşəni seçdiniz?                                               

Mən Bakı şəhərində ziyallı ailəsində anadan olmuşam. Həmişə meylim elmə olduğu üçün Tibb İnstitutunun Sanitar-gigiyenika fakultəsinə daxil olmuşam. İnsitutu bitirdikdən sonra keçmiş Azərbaycan Elmi-Tədqiqat İnsitutunda əmək fəaliyyətinə başlamışam. Həmin vaxt Vəli Axundov İnstitutda direktor işləyirdi. Mən orada şöbə müdiri kimi 20 il fəaliyyət göstərmişəm. Bəzi səbəblərə görə 1994-cü ildən iş yerimi dəyişdim. O vaxtdan mən burada statistika şöbəsinin müdiri işləyirəm. Tibbi arxivi də bizim şöbənin tərkibində fəaliyyət göstərir.

Ölkədə xərçəng xəstəliyinin statistikası artmaqdadır…                                      

Əsas işimiz xərçəng xəstəliyi ilə mübarizə aparmaqdır. İlkin xəstələrin sayı son 4 il yarımda stabil olaraq qalmaqdadır. Xərçəng xəstəliyi hal-hazırda artmaqdadır. Deyək ki, əvvəllər təxminən 19000 nəfər xəstə qeydiyyatda idisə, indi isə bu rəqəm 30000-i keçməkdədir. Bu reallıqdır, xəstəlik get-gedə artır, amma digər tərəfdən həkimlərimiz də çalışır ki, xəstəliyi vaxtında aşkarlasınlar. Xərçəng xəstəliyi qeyri-infeksion xəstəlikdir. İnfeksion xəstəlik olanda konkret bilinir ki, hər hansı bir virus problem yaradır. Amma qeyri-infeksion xəstəliklərdə bir sıra faktorlar iştirak edir. Ona görə də optimal müalicə metodunu tapmaq çox çətindir. Amma bəzi həkimlər deyir ki, bu xəstəliyin çarəsi tapılıb. İlk növbədə qeyd edim ki, xərçəng xəstəliyinin çox növü mövcuddur. Bütün dünyada xəstəliyin növlərinin artma tendensiyası müşahidə edilir. Son zamanlar ölkəmizdə onkologiyaya diqqət artmaqdadır. Hökumətimiz əvvəl onkoloji xəstəliklərə dörd milyon manat vəsait ayırırdısa, indi bu məbləğ 8 dəfə artaraq, otuz milyonu keçib. Əvvəllər cəmi 24 preparat mövcud idisə, indi 400-dən çox preparatla işləyirik. Bir şeyi də qeyd edim ki, hər bir ölkənin öz müalicə sistemi var. Ona görə də xaricə gedən xəstələr bilməlidir ki, orada onlara yazılan dərmanlar bizdə olmaya bilər. Hansı sxemlə müalicə başladısa o sxemlə də davam etməlidir. Əhali bilməlidir ki, ilk növbədə polikilinikalara müraciət olunmalıdır. Belə ardıcıllıqla bizə müraciət olunduqda biz də xəstəyə daha rahat və dəqiq diaqnoz qoya bilərik. İlk növbədə xəstə şəxsiyyət vəsiqəsi ilə bizə müraciət etməlidir. Qanunla vəsiqəsiz xəstələr qəbul olunmamalıdır. Buna görə də xəstələrimiz qanunlarımıza riayət etsələr daha yaxşı olar.                                                        Artıq bizdə bütün preparatlar və avadanlıqlar mövcuddur. Şüa terapiyaları ilə də müalicə aparılır. Xəstələr onkoloqların göndərişi ilə bizə müraciət etməlidirlər. Xaricdən gələn xəstələrimiz oranın vəsiqəsi ilə bizə müraciət edirlər. Belə olan təqdirdə qanunla biz xəstəni qəbul etməməliyik. Yalnız Prezidentin əmri ilə təsdiq olunmamış vəsiqəsi olan xarici xəstələr qəbul olunur. Belə deyirlər ki, xəstələrdən qeyri-rəsmi ödənişlər tələb olunur. Hər kəs qanunlarımıza düzgün riayət etsə, belə problemlər də ortaya çıxmaz. Hər bir xəstə bir vətəndaş olaraq öz hüquqların bilməli və onu tələb etməlidir. Bu sahədə yerli onkoloqların da üzərinə xeyli vəzifələr düşür, onlar yaxşı işləsələr problemlər də bu qədər qabarmaz. Xərçəng xəstəliyi görünən lokalizasiyadır. Məsələn, xaricdə qadınlar 35 yaşından sonra ildə 1 dəfə mamoqrafiya testindən keçirlər. Amma bizim xəstələrimiz çox təəssüflər olsun ki, xəstəlik müəyyən inkişaf mərhələsi keçdikdən sonra müraciət etməyə ehtiyac duyurlar. Biz də proqramı hazırlayıb dövlətə təqdim etmişik, təsdiq olunmasını gözləyirik. Bu proqram bütün xərçəng xəstəliklərini, əsasən də uşaqlıq boynu xərçəngini əhatə edəcək. Bu proqram 10 illik bir dövrü əhatə edəcək. İki ay bundan öncə biz Hollandiyanın Amsterdam şəhərinə olduq. Orada onkoloji xəstəliklərlə bağlı konfrans keçirilirdi. Həmin konfransda bəlli oldu ki, bu proqram Avropa ölkəsində 10 ildir artıq gedir və proqram 12 yaşına qədər uşaqları da əhatə edir. Nəticədə xərçəng xəstəliyinin inkişafı 90% azalıb. Biz mobil diaqnostik maşınlarla bütün regionlarda olub, pulsuz müayinələr, profilaktik baxışlar keçiririk. Həmin maşınlarda ginekoloji kabinet, rentgen,mamoqraf və laborotoriya var. Adətən, belə səfərlərimiz 3 gün davam edir. Bu cür səfərlər nəticəsində biz hansı regionda süd vəzi xərçəngi, hansı regionda isə mədə xərçənginin daha çox yayılmasını müəyyən edə bilirik. Məsələn, şimal zonasında mədə xərçəngi daha geniş yayılıb. Xərçəng xəstəliyinin yaranmasının bir çox səbəbləri var və bu sıraya ekologiya da daxildir. Bizdə şüalanmanın səviyyəsi çox olduğundan bu xəstəlik də çoxalır. Xəstələrimizə əsas tövsiyəm odur ki, vaxtında həkimə müraciət etsinlər, gec müraciət etdikdə artıq onalara yardım etmək də çətin olur. İldə bir dəfə müayinə üçün mütləq poliklinikalara müraciət etməlidirlər. O demək deyil ki, onkoloq yanına gələn hər xəstə xərçəngdir. Bəzi insanlar belə düşünür ki, nə xəstəlik olursa olsun, tək xərçəng olmasın. Başa düşə bilmirəm, niyə, məgər xərçəng xəstəliyinin müalicəsi yoxdurmu? Var, sadəcə vaxtında müraciət etmək lazımdır. Xərçəng xəstəliyi gec ərə getmiş qızlarda abortdan sonra da əmələ gəlir. Xaricdə xəstənin xərçəng olduğunu bilən həkim üzünə xərçəng olduğunu deyir. Qanunla bizdə də belədir, amma bəzən xəstənin yaxınları xəstəyə xərçəng olduğunu deməyə qoymurlar. Amma xəstə xərçəng olduğunu biləndə özü də xəstəliklə mübarizə aparır. Çünki, bu elə xəstəlikdir ki, gərək xəstə özü mübarizə aparsın.

- Qadınlarda tez-tez aşkarlanan süd vəzi xərçənginin statistikasında hansı dəyişikliklər hiss olunur?                                                          

Son 10 ildə stabil olaraq 1-ci yerdədir. Bu tendensiya tək bizimlə bağlı deyil, inkişaf etmiş ölkələrdə də süd vəzi xəstəlikləri 1-ci yeri tutur.

- Bu nədən irəli gəlir?                                                           

Bu yaxınlarda Tiflisdə Zaqafqaziya üzrə onkoloji konfrans keçirilirdi, həmin konfransda bu barədə müxtəlif fikirlər səsləndirildi. Bildirildi ki, səhv diaqnoz, gec ərə getmə, doğuşlar zamanı ortaya çıxan fəsadlar və s. bu xəstəliyə gətirib çıxara bilir. Statistikaya əsaslansaq daha çox bu xəstəlik gec ərə gedən qızlarda abortdan sonra inkişaf edir. Bizdə bəla ondadır ki, xəstələr gec müraciət edirlər. 4-cü mərhələdə müraciət edən xəstələrimiz var. Yəni bütün ümidlər üzüləndən sonra gəlirlər. Xarici ölkələrdə nadir hallarda 3-4-cü mərhələdə müraciət edirlər. Onlar əsasən 1-2-ci mərhələdə xəstəliyi aşkar edirlər. Amma bizdə isə əksinə, xəstəlik ağırlaşandan sonra müraciət etməyə ehtiyac duyurlar. Onu da qeyd edim ki, bizdə perespektivli cavan kadrlar da çox gözəl fəaliyyət göstərir. Onlar xarici dil, kompüter və İKT naliyyətlərini çox yaxşı bilirlər. Bizdə İrana müalicə olunmaq üçün gedən bir xəstə də müraciət etmişdi. O gedib oradakı şəraiti görüb çox peşman olmuşdu.Yəni sözü ona gətirirəm ki, bizim insanlarımız elə düşünürlər ki, yaxşı nə varsa o ancaq xaricdə olmalıdır. Lakin bu belə deyil, o cür düşünənlər anlamırlar ki, artıq bizdə də yeni avadanlıqlar, şərait və preparatlar mövcuddur. İndi bizdə elə şərait yaradılıb ki, bəlkə də MDB-nin heç bir yerində belə şərait yoxdu.                                       

- Onkoloji xəstəlikdən əziyyət çəkən passientlərin qanunla müalicəsi pulsuz həyata keçirilir. Lakin mətbuatda tez-tez belə xəstələrdən qeyri-rəsmi ödənişlər tələb edildiyi barədə məlumatlara rast gəlinir. Bu məsələyə münasibətinizi bilmək istərdik?                                  

Nə qədər yaxşı çalışsaq belə belə söz söhbətlər həmişə var. Lakin həkimlərimiz gündəlik işlərində diqqətli olsalar belə söz-söhbətlərə yer qalmaz.

 

M. Məmmədzadə