"Qanlı Yanvar" – yaradıcı insan və tarixi həqiqətlərin uzlaşması

{title

Filmin redaktorunun resenziyası bütün ziddiyyətli məqamlara aydınlıq gətirib.
 
Kinorejissor Vahid Mustafa Yevin şahidi olduğu hadisələr əsasında çəkdiyi "Qanlı Yanvar" filminin ətrafında gedən müzakirələrə filmin redaktoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq kafedrasının müəllimi Kamran Qasımov peşəkar resenziya ilə cavab verib.42-ciparalel.az oxucularına həmin resenziyanı təqdim edir:
"Bu nə essedir, nə resenziya, nə tənqidi məqalə, nə də ki təəssürat... Bu sadəcə istiqamətdir, hansını ki, "Qanlı Yanvar”ın çoxsaylı tamaşaçıları üçün təqdim etməyi özümə borc bilirəm... 
Hələ ötən əsrin 60-cı illərində görkəmli fransız kino nəzəriyyəçisi və rejissoru Jan Lyük Qodar kino sənətinə olan münasibətini belə ifadə etmişdi: "Kino – bütün cansıxıcı anların ixtisara düşdüyü bir həyatdır”. Bu həyat isə təyinatından asılı olmayaraq, daim hərəkətdədir. Yaranan istənilən ekran əsəri ilə həyat arasında bağlılığın olması problemi akademik tənqidçilərdən tutmuş sıravi tamaşaçılara qədər mühüm sual doğurur. Kimisi bu sualın cavabını gerçəklik, kimisi uydurma, kimisi isə ümumiyyətlə təhtəlşüur-surrealistik müstəvinin üzərində axtarmağa çalışır. Ekranın isə həqiqəti birdir. J.L.Qodar öz müsahibələrinin birində bədii oyun kinosuna qiymət verərkən söyləmişdi: "Stul boyadan deyil, taxtadan hazırlanır. Mənim düşüncəmdə boya oyun, taxta isə qeyri-oyun kinosu deməkdir”. Əlbəttə, bədii oyun kinosu nümunələrinin bu gün dünya miqyasında qəbul olunmuş və beynəlxalq film festivalları tərəfindən müəyyən edilən kateqoriyası ingilis dilində "fiction”, yəni uydurma deməkdir. Bədii oyun kinosunun bütün tələbləri uydurma kontekstində birləşir və əgər bu filmdə hər hansı real hadisələrin motivləri öz əksini tapırsa, o zaman narrative (təhkiyyə) filmi formalaşır. Ümumiyyətlə onu da unutmayaq ki, bütün filmlər təhkiyyədir və bütün filmlərin mənbəyində uydurmaçılıq, müəllif təxəyyülü dayanır ki, bu da dramaturgiyanın əbədi və əzəli qanunundan irəli gəlir. Yazıma Jan Lyük Qodarla başlamağım təsadüfi deyildi, ona görə ki, məhz bu görkəmli şəxsiyyətin kino sənəti haqqında yazdığı kitabının ön söz və giriş bölməsinin müəllifi, dünya şöhrətli kinoşünas, "A” kateqoriyalı Montreal Beynəlxalq Film Festivalının prezidenti Serxio Lusik, 2015-ci ilin 2 sentyabrında, Kanadanın ən iri kinoteatrlarından olan "Quarter”də, 39-cu Montreal Beynəlxalq Film Festivalında çıxışı zamanı söyləmişdi: "Bu elə bir filmdir ki, ona bir neçə dəfə baxmaq lazımdır. Bu filmlə biz okeanın o tayında baş verənlər barədə dolğun məlumat alırıq”. Cənab Lusik bu fikirləri "Qanlı Yanvar” bədii filminin qatıldığı Montreal Film Festivalındakı təqdimatından öncə söyləmişdi. Sonralar bir-biri ilə əlaqəsi olmayan, digər mötəbər Festivalların prezidentləri – dünya şöhrətli kinematoqrafçılar Renata Almeida (Sao Paolo Beynəlxalq Film Festivalının prezidenti), Tina Lokk (Estoniya "Qara gecələr” Beynəlxalq Film Festivalının prezidenti) və Sentil Rajan (Goa-Hindistan Beynəlxalq Film Festivalının prezidenti) da eyni fikirləri müxtəlif vaxtlarda səsləndirdilər. Azərbaycan milli kino nümunəsinə dünyanın kinematoqrafının verdiyi qiymət nə qədər dəyərli və zəruri olsa da, filmin yerli baxışda sahib olduğu sevgi, onu bütün mükafatlardan ali və müqəddəs edir. "Qanlı Yanvar”, Azərbaycan ekranındakı 25 illik boşluğu doldurmaqla bu missiyanın öhdəsindən uğurla gəldi. Bir il ərzində ölkənin aparıcı ali məktəbləri, orta təhsil ocaqlarından saysız-hesabsız müraciət məktubları aldıq. Hər kəs bu filmi çalışdığı, oxuduğu təhsil müəssisəsində göstərmək istəyir, bunun üçün yaradıcı qrupu belə görüşə dəvət edirdi. Bakı Dövlət Universiteti, Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Slavyan Universiteti, Dövlət Dillər Universiteti, Dövlət Pedaqoji Universiteti, Dövlət İqtisad Universiteti, Dövlət Mədəniyyət və İncəsənət Universiteti və digər təhsil ocaqlarının rəhbərlərindən, kollektivlərindən, ölkəmizin ziyalılarından aldığımız təşəkkürnamələr, fəxri fərmanlar, sertifikatlarla "Qanlı Yanvar”ın əsl dəyərininin düşündüyümüzdən də artıq olduğunu bir daha anlamağa başladıq. Bu dəyər o qədər səmimi və o qədər güclüdür ki, filmlə bağlı sosial şəbəkələrdə yayılan və hətta bəzi media həmkarlarımızın belə qələmə aldığı anlaşılmaz məqamlara məhz filmdən çıxış edərək, münasibət bildirməyimizi özümüzə borc bildik. Danılmaz həqiqət budur ki, kino kollektiv sənətdir və bu səbəbdən də "Qanlı Yanvar” bədii filminin yaradıcı qrupu bütün tamaşaçıların mövqeyinə, rəyinə hörmət və ehtiramla yanaşmağa borcludur. Ədalət prinsiplərinə söykənərək, münasibət bildirərkən, ilk növbədə sosial şəbəkədə yer alan yazıları müqayisə üçün təqdim edirəm. Belə ki, səhifələrin birində yazılıb:
"...1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə meydana toplaşmış əliyalın insanlara siyahı ilə Sovet əsgərləri ilə döyüşmək üçün silahlar paylanması, meydanlarda süfrə ətrafında aksiya iştirakçılarının yeyib-içib keflənməsi....” Əvvəla 1990-cı ilin qanlı yanvar hadisələri, 1988-ci ilin 17 noyabrında indiki "Azadlıq”, o dövr ki, "Lenin” meydanında başlamış və elə həmin ilin 4 dekabr tarixində Sovet hərbi qüvvələri tərəfindən dağıdılmış mitinqlərin məntiqi davamı idi. Burada çox sadə bir məntiq doğur: gününü barrikadada keçirən bir insanın yeyib-içməsi-qidalanması normal fizioloji haldır, şübhəsiz ki, ekranda da biz bunun şahidinə çevrilməliyik, lakin yazıldığı kimi deyil, onlar keflənmir!!! Ekranda içki yoxdur! Axı bu gənclərin sırasında dinə iman gətirənlər də az deyil və müəllif Əli personajının vasitəsilə xəlvətdə, qısaca da olsa məhəbbətə "baş çəkən” Zita və Hüseynin hərəkətini peşəkarcasına tənzimləməyə çalışır. Amma bir daha vurğulayıram ki, ekranda heç kim məsti-xumar olmur! Özü də inqilabçıların yeyib-içmək masasını göstərən müəllif, bundan başqa daha iki məkanda – Kommunist Partiyasının binasında və Moskvadakı restoranlardan birində mövcud olan yemək masasını göstərərək ziddiyyətli və məntiqli paralellər aparmağa nail olur. O ki qaldı meyxanaya, çal-çağıra, məlumdur ki, həmin illərdə mərhum meyxanaçı Nizami Rəmzinin meyxanaları, meydana toplaşan insanların bir növ "himni”nə çevrilmişdi. Müəllif də elə o meyxanalardan ən məşhurunu ekrana gətirib, onu xalqın yadına salmağa çalışıb. Ümumiyyətlə barrikadadakı insanların çal-çağır etməsi kef məclisindən yox, azadlığın həsrətini çəkən insanların onun uzaqda olmamasına inamından xəbər verir söyləsək, daha məntiqli görünər. Sosial şəbəkədəki yazının maraqlı hissələrindən biri də budur ki, bəzi tamaşaçılarımız, Sovet əsgərləri üçün meydanda silah paylanması fikri ilə razılaşmadıqlarını ifadə etməyə çalışırlar. Düzdür, illər boyu biz sübut etməyə çalışmışıq ki, Sovet ordusu əliyalın xalqın üzərinə hücuma keçib. Filmdə də bu fakt şəhidlər və qurbanlar konteksindən dəqiq təqdim olunur. Barrikadalarda dayanan insanlar, özünümüdafiə məqsədilə "Molotov" kokteylləri hazırlayarkən, Sovet dövlətinin öz vətəndaşına qarşı silah qaldırmasını, həqiqi qırğın törədəcəyini ağıllarına belə gətirə bilməzdilər. Filmin aparıcı personajlarından olan Zitanın Mehdiyə şəhərdəki vəziyyəti izah edərkən "Biz dəyənək gözləyirdik, amma tanklar gəldi” ifadəsini söyləməsi, bu fikirlərin bariz təsdiqini təqdim etmiş olur. Həmçinin Britaniyalı jurnalist Tom de Vaal "Qara bağ” kitabının "Azərbaycan faciəsi” adlı 6-cı fəslində son dərəcə ziddiyyətli və əhəmiyyətli bir məsələyə toxunur: "...Dinc əhali ilə yanaşı, izah edilməyən səbəblərdən həmçinin sovet ordusunun 21 əsgəri öldürülmüşdü”. Münhendə dərc olunan "Ölkə və dünya” dərgisinin 1 saylı buraxılışında, "Bakının küçələrində qan. 20 yanvar” başlıqlı məqalədə (səh.38-39) isə bu fakt belə izah olunur: "...Ümumiyyətlə, faciəvi hadisələr ərəfəsində və hadisələrdən sonra öldürülən hərbi qulluqçuların dəqiq sayı bəlli deyil. Bakının komendantı həlak olanların sırasında 14 hərbi qulluqçu və onların ailə üzvləri də vardı...” Dərgidə həmçinin qeyd olunur ki, "Azərbaycan SSR Səhiyyə Nazirliyinin məlumatlarına əsasən 31 yanvar üzrə 27 hərbi qulluqçu və 5 milis əməkdaşı öldürülmüşdü”. Müstəqil hərbi ekspertlərin "ŞİT” ictimai təşkilatının 13-25 yanvar tarixləri üzrə Bakı şəhərindəki hadisələrlə bağlı ümumi rəyində - sənəd Azərbaycan Respublikası Prezidentinin Kitabxanasında saxlanılır - ordunun 9 nəfər itirməsi faktı qeyd olunur. Bütün sadaladığımız mənbələrlə cəm halda tanış olmağın ən asan üsulu isə Vikipedia ensiklopediyasının "Черный январь” başlıqlı məqaləsidir.Beləliklə müxtəlif mənbələrdən götürülən faktlar, bədii oyun kinosuna lazımi motiv təqdim etmiş olur ki, bu da xammal olan ədəbi ssenaridə və ekran məhsulunda özünü büruzə verib. Hər halda mənbələrdə göstərildiyi kimi sovet əsgərlərinin öldürülməsi faktı İlahinin gücündən baş verməyib, bu daha çox azadlıq-müqavimət hərəkatının özünü ifadə vasitəsinə bənzəyir və ustalıqla ekrana köçürülüb. "...Qanlı Yanvar Azərbaycan xalqını malik olduğu şücaətdən də artıq göstərib” media mənsublarından birinin yazısında bu fikrə də rast gəldim. Tamamilə doğrudur və bu ondan irəli gəlir ki, filmin yaradıcı qrupunun ətrafında olan insanlar filmdəki kimi şücaətli və qəhrəmandırlar. Bu konteksdə Hollivudun məşhur ssenaristi Vilyam Monoxenin tövsiyyəsini yada salmamaq mümkün deyil: "Personajlarınızı ətrafınızda olan insanlara baxıb, onların əsasında yaradın və qoyun onlar ətrafınızdakılar kimi danışsınlar”. 
Personajlardan söz düşmüşkən, "Qanlı Yanvar”ın personajlar qalereyası nə qədər gerçəkliklə uzlaşsa da, bir o qədər də müəllif təxəyyülünün müdaxiləsi burada açıq-aydın özünü büruzə verməkdədir. Məsələn, elə götürək Larisa personajını. O personaj ki, son günlər media və sosial şəbəkələrdə daha çox müzakirəyə səbəb olur və nədənsə, "Qanlı Yanvar”ın Larisası, gerçək Larisa ilə – qırğın gecəsi həlak olmuş 13 yaşlı Məmmədova Larisa Fərman qızının adı ilə uzlaşır: "13 yaşlı Larisanın (Larisa Məmmədova, 20 yanvar hadisələrində Şəhid olub - red.) nikahdankənar hamilə qalmasına rəvac verən səhnələr canlandırılıb”. Amma müəllif bu uzlaşmanın baş verməməsi üçün kinematoqrafın bütün üsullarından – həm kinematika, həm səs, həm də vizuallıq baxımından yetərincə istifadə edib. Əvvəla, personaj Larisa artıq həddi-büluğa çatmış bir xanımdır, ikincisi, film boyu bir neçə dəfə Larisanın soyadı qeyd olunur. (Məsələn, Mehdinin xəstəxanaya gələrək, həkim xanımın sualını "...Larisa Balayeva...” deyərək cavablandırması - red.). Üstəlik bədii təsvir vasitələrinin ən başlıcası olan vizuallıq prinsipindən çıxış edərək, müəllif filmin final səhnəsində, 25 il öncə həlak olmuş insanların baş daşılarına boylanır və burada da kinoteatrda ən sonuncu sırada əyləşən, yaxud evində ən kiçik diaqonallı televizoru olan tamaşaçı belə Larisa Balayeva sözlərini oxuya bilir.Beləliklə, personaj Larisa Balayevanın, gerçək Larisa Məmmədova olmadığı bir daha öz təsdiqini tapmış olur. 



"Qanlı Yanvar”ın yaradıcı heyəti Azərbaycan xalqını 1990-cı ilin yanvar hadisələrini qərənfillər, göz yaşları, ağılarla deyil, qəhrəmanlıq, şücaətlə yada salmağa, unutmamağa çağırır. Tam məsuliyyətimlə söyləyirəm ki, əslində bu çağırış həm də bütün bəşəriyyətə ünvanlanır. Kinorejissor və ssenarist Vahid Mustafa Yev burada özünü təkcə bir ölkənin – Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin şanlı tarixini göstərməklə məhdudlaşdırmır - bu film həm də dünya imperializminə, eyni zamanda istifadə məqamından asılı olmayaraq silahın dağıdıcı təbiətinə qarşı etirazı nümayiş etdirir. Yəqin ki, elə buna görə də "Qanlı Yanvar” dünyanın "A” kateroqiyalı Festivallarında təkcə ölkəmizi deyil, elə dünyanın özünü layiqli şəkildə təmsil etmək gücünə malikdir. O ki qaldı dəyərli tamaşaçılara, sözsüz ki, onların fikri alidir, amma bəzən aliliyin belə zəruri istiqamətlərə ehtiyacı yaranır. Biz də filmin yaradıcı heyətinin adından bu istiqaməti təqdim etməkdə özümüzü borclu hesab edirik. 
"Qanlı Yanvar" filminin layiq görüldüyü diplomlar:















 
42-ciparalel.az