20 Yanvar şəhidlərinin xatirəsi Kiyevdə anıldı

Azərbaycan xalqı dünən Bakı şəhərində və bölgələrdə 20 Yanvar hadisələrinin 26-cı ildönümünü qeyd etdi, igid övladlarının fədakarlığını məhəbbətlə xatırladı, onların əziz xatirəsini böyük ehtiramla yad etdi. Ukraynanın paytaxtı Kiyev şəhərində də Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının təşkilatçılığı ilə 1990-cı il 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilən anım mərasimi keçirilib.
42-ciparalel.az xəbər verir ki, mərasimdə Alyansın sədri Elmar Məmmədov çıxış edərək bildirib ki, keçmiş Sovet İttifaqının qoşun hissələri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə fövqəladə vəziyyət elan edilmədən yeridilib, nəticədə dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb.
O vurğulayıb ki,Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilib.
Elmar Məmmədov mərasim iştirakçılarının diqqətinə çatdırıb ki, Qanlı Yanvarın təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Sovetinin deputat-istintaq komissiyasının yaradılmasına və Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 19 yanvar 1992-ci il tarixli iclasında həmin komissiyanın işinin yekunlarının müzakirə edilməsinə baxmayaraq, 1994-cü ilədək bu məsələyə siyasi-hüquqi qiymət verilməyib:
"Yalnız Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 1994-cü il tarixli iclasında 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr müzakirə edildi və bu hadisələrə siyasi-hüquqi qiymət verildi. Elə rəsmi Moskvaya, xüsusilə o vaxt SSRİ prezidenti Mixail Qorbaçova qarşı təpki də məhz Heydər Əliyevdən gəlmişdi. O, xalqın bu ağır günlərində, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, təşkil olunmuş yığıncaqda çıxış etdi, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. Qorbaçov isə Bakıya hücumdan öncə Azərbaycan televiziyasının enerji blokunun partlatdılması göstərişini verdi. SSRİ DTK-nın "Alfa” qrupu yanvarın 19-da saat 19.27-də bu planı həyata keçirdi. Nəticədə respublikada televiziya verilişləri dayandırıldı, mətbuat susduruldu. Azərbaycan dünyadan təcrid edildi”.
Mərasimdə digər iştirakçılar da çıxış edərək Qorbaçovun Azərbaycana qarşı törətdiyi bu vəhşiliyi qınadılar.
Qeyd edək ki, 1990-cı ilin yanvarında sovet qoşunları Bakıda və respublikanın rayonlarında 146 nəfəri öldürüb, 744 nəfəri yaralayıb, 841 nəfəri isə qanunsuz həbs edib.
42-ciparalel.az