Amerikalı aktyorun son çıxışı Türkiyəni qəzəbləndirib

Amerikalı aktyor Corc Kluni ermənilərin 1915-ci il hadisələri üzərindən uydurduğu qondarma "erməni soyqırımı” ilə bağlı müzakirələrə qatılıb.
Cənubi Kaliforniya ictimi radiosunda çıxış edən Corc Kluni 1915-ci ildə ermənilərə qarşı soyqırım törədildiyini bildirib: "1915-ci ildə ermənilərə qarşı soyqırım olub, bu müzakirəyə ehtiyacı olmayan bir həqiqətdir”.
Türkiyənin bu mövzuda müzakirələri sevmədiyini deyən C.Kluni ABŞ-ın bəzi siyasətçilərinin Türkiyə ilə münasibətləri qorumaq üçün bu mövzuda danışmaqdan imtina etdiyini bildirib: "ABŞ-ın bəzi senatorlarına "erməni soyqırımı” haqqında danışa bilərsinizmi?” deyə sual verdikdə onlar yox cavabını verirlər. Deyirlər ki, Türkiyə bizim terrorla mübarizədə əsas müttəfiqlərimizdəndir”.
Qeyd edək ki, Corc Kluninin bu cür ermənipərəstliyi ilk dəfə deyil. Hətta vaxtilə aktyorun həyat yoldaşı Amal Amuliddin Kluni, bir beynəlxalq məhkəmədə Ermənistan tərəfini təmsil etmişdi.
Bundan əlavə, erməni mətbuatı xanım Kluninin 2016-cı il aprelin 24-də Yerevanda qondarma soyqırımın 101-ci ildönümünün anım mərasiminə qatılacağını da yazır.