Amaliya Pənahovadan Leyla Şıxlinskayaya: "Getsin, dili öyrənsin"


Xalq artisti Amaliya Pənahova əməkdar artist Leyla Şıxlinskayanın "5-ci element" verilişində onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.
Xalq artisti açıqlamasında sənət adamının belə məsələlər haqda danışmasını düzgün saymayıb:
"Onun dedikləri barədə heç nə demək istəmirəm. Bu, onun öz fikridir. Obraza mane olub-olmadığımı tamaşaçılar deyə bilər. Mənim müdaxilə etməyim düzgün çıxmaz".
Amaliya Pənahova əməkdaşımızın "Sizcə sənət adamlarının bir-birinə belə qiymət verməsi doğrudurmu" sualına belə cavab verib:
"Vallah, qoy o xanım getsin, dili öyrənsin, sonra münasibət bildirsin".
Xatırladaq ki, Leyla Şıxlinskaya "Gün keçdi" filmindəki onun Əsmər rolunu səsləndirən xalq artisti Amaliya Pənahova barədə bunları demişdi:
"Hər kəs bu rolu öz bildiyi kimi qavrayır. Amaliya xanım və başqa aktrisalar Əsmər obrazının sınaq çəkilişlərində iştirak ediblər. Məsələ yaşda deyil: kim kimdən böyükdür, kiçikdir. Sadəcə, onlar başqadırlar. Onlar bu rola yetkin qadın kimi yanaşdılar. Oradakı ehtiraslı səslər də obraza mane olurdu. Filmdəki münasibətlər daha incə, kövrəkdir (Amaliya Pənahovanı yamsılayır - red.). Filmdəki səsləndirməni eşidəndə tüklərim biz-biz oldu. Axı orada hər şey daha zərif idi".