"Qanlı Yanvar" həqiqətləri (FOTO)

Vahid Mustafa Yevin rejissoru olduğu "Qanlı Yanvar" filmi bu dəfə Bakı Ali Neft Məktəbində (BANM) nümayiş olundu. Nümayişdə filmin yaradıcıları, baş rol ifaçıları Azər Aydəmir, Faiq Mirzəyev və Tamilla Həmidova və məktəbin pedaqoji heyəti iştirak edib.
42-ciparalel.az məlumatına görə, filmin təqdimatından öncə 20 Yanvar faciəsində həlak olan şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Azərbaycan tarixinin ən qanlı səhifələrindən birindən bəhs edən film izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Tamaşaçılar, xüsusilə tələbələr ekran işini göz yaşları içərisində seyr ediblər.
BANM -da Qanlı Yanvar filminin nümayişi
Filmi böyük maraqla izləyən BANM-ın rektoru Elmar Qasımov "Qanlı Yanvar" bədii filmi haqqında danışaraq ekran əsərində cərəyan edən hadisələrin real faktlara əsaslandırıldığını bildirdi.
"Sözsüz ki, bu film Azərbaycan xalqının qan yaddaşında unudulmaz iz buraxacaq. 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında bu filmin rolu böyükdür. Ona görə də müstəqillik yolunda qurban gedən şəhidlərin yaşadıldığı bu cür filmlər, tariximiz gənc nəsillər tərəfindən qorunub saxlanılmalıdır. Mən başda Vahid Mustafa Yev olmaqla filmdə əməyi keçən hər kəsə, xüsusilə yaradıcı heyətə təşəkkür edirəm".
Elmar Qasımov - BANM-ın rektoru
Daha sonra filmin rejissoru Vahid Mustafa Yev və produseri Mir Şahin Ağayev 20 yanvar faciəsinin həqiqətlərinin dünyaya çatdırılmasında göstərdiyi xidmətə görə BANM adından təşəkkürnamə ilə təltif olunub.
Vahid Mustafa Yev və Mir Şahin Ağayevə təqdim edilən təşəkkürnamə
Filmin baş qəhrəmanları isə "Qanlı Yanvar"dakı rolları və 20 Yanvar faciəsi haqqında fikirlərini tələbələrlə bölüşüb. Film bundan əvvəl Bakı Slavyan, Azərbaycan Neft və Sənaye Universitetlərinin tələbə, müəllim heyətinə, daha əvvəl isə Nizami rayonunda yerləşən, şəhid Kamil Eyyubovun adını daşıyan 12 saylı məktəbdə nümayiş olunub.
"Qanlı Yanvar” filmi bir neçə mötəbər film festivallarında nümayiş etdirilib və uğurlar əldə edib. Dekabrın 2-də film Hindistanda, 46-cı Beynəlxalq Qoa Film Festivalında tamaşaçı rəğbəti qazanaraq 3-cü yeri tutub. Bu barədə tədbirin direktoru Sentil Rajan filmin rejissoruna xüsusi sənəd göndərib.
Bundan başqa Hindistanın ən məşhur qəzetlərindən olan "İFFİ daily”də "Qanlı Yanvar” haqqında məqalə dərc olunub.
Hindistanın Qoa şəhərində keçirilən festival Asiyanın nüfuzlu tədbirlərindən hesab olunur. "Qanlı Yanvar” filmi festivalda iştirak edən 3 tarixi filmdən biri olub. Hər il baş tutan mötəbər tədbirdə bu il 90 ölkədən 289 film nümayiş olunub.
"Qanlı Yanvar" filmi bundan əvvəl də bir çox festivalda nümayiş olunub və müxtəlif diplomlarla təltif olunub. Həmin festivaldan bir həftə əvvəl isə film Estoniyanın nüfuzlu "Black Nights" festivalında nümayiş olunub.
Film oktyabrın 23-də Braziliyanın San Paulo şəhərində keçirilən 39-cu Beynəlxalq Monstra film festivalına da qatılıb. "Qanlı Yanvar” San Paulonun ən məşhur kinoteatrlarında nümayiş olunub.
Filmin nümayiş olunduğu San Paulonun ən məşhur kinoteatrları
Kinorejissor Vahid Mustafa Yevin 39-cu Beynəlxalq Monstra film festivalında nümayiş edilən "Qanlı Yanvar” filmi artıq mükafata da layiq görülüb. Film postsovet məkanındakı həqiqətlərin çatdırılmasına görə diplomla təltif edilib.
"Qanlı Yanvar" bədii filminin mükafatı
"Qanlı Yanvar” sentyabr ayında isə Monreal Beynəlxalq Film Festivalında nümayiş edilib. Filmin nümayiş premyerasında festivalın prezidenti Serxio Lis, kommunikasiya direktoru Henri Velş və digər nümayəndələr də iştirak ediblər.
"Qanlı Yanvar" filmi festivalın xüsusi diplomuna layiq görülüb. Həmin diplomu prezident Serxio Lis Vahid Mustafayevə şəxsən təqdim edib.
