• Maraqli
  • 2-12-2015, 21:56
  • 309Oxunub

100 qadın 2015: İran qadınlarının azadlıq mübarizəsi

{title

42-ciparalel.az
 
 
İran qadınları onlayn kampaniya çərçivəsində baş örtüsüz şəkillərini paylaşırlar.

İran öz qadın haqları tarixindən daha çox dini mühafizəkarlığına görə tanınır. Bir çoxları üçün qəribə gələ bilər ki, İran kimi dini mühafizəkar ölkədə qadınlar Yaxın Şərqin bir çox yerlərində olduğundan daha böyük azadlıqlara malikdirlər.

Onların nəinki səsvermə hüququ var, qadınlar həmçinin millət vəkili seçilirlər. Səudiyyə qadınlarından fərqli olaraq İran qadınları maşın sürür, işləyir və ölkənin iqtisadi həyatında iştirak edirlər.

Lakin bütün bunlar İran tarixində fövqəladə rol oynamış qadınların mübarizəsi və qurbanları ilə əldə edilib.

Çox vaxt deyirlər ki, təhsil azadlığın açarıdır. İranın erkən feministlərindən Bibi Fatimə Estrabadi də buna inananlardan idi.

1905-ci ildə İranda baş vermiş Konstitusiya və ya Məşrutə inqilabı zamanı o, ölkədə qızlar üçün ilk məktəbi açmışdı. Bu məktəbdə riyaziyyatdan tutmuş ədəbiyyat, hüsnxətt və tarixədək bütün fənlərdən özü dərs deyirdi.

O, mühafizəkar din xadimlərinin ciddi müqaviməti ilə qarşılaşmışdı. Onlar Estrabadinin məktəbini pozğunluq və mənəviyyatsızlıq yuvası adlandırırdılar. Lakin o təslim olmadı və çox sayda qadına səs və gələcək verdi.

Image copyrightEncyclopaedia Iranica
Image captionEstrabadinin ibtidai məktəbi açılandan 30 il sonra bu məktəbin məzunları İran universitetlərinə qəbul olunan ilk tələbə qızlar oldular

Səsini qüdrətli şəkildə ucaltmış İran qadınlarından biri də Qəmər Mülük Vəziridir. O, Məşrutə inqilabından cəmi bir il əvvəl doğulmuşdu. Uşaq vaxtlarından mahnı oxumağı sevirdi və nənəsindən çox sayda mərsiyə öyrənmişdi.

20 yaşında Qəmər artıq İranın musiqi səhnəsində kişilərin təkhakimiyyətliyinə meydan oxuyurdu.

O, səhnəyə elə bir vaxtda hicabsız çıxmışdı ki, küçələrdəki qadınları hicabsız görəndə həbs edirdilər.

1924-cü ildə o, Tehran Grand otelinin səhnəsinə çıxmağı qərara aldı və beləliklə də özündən sonrakı müğənni qadınlar üçün yol açdı.

16 il sonra İranda ilk radio dalğaları yayımlananda, nəhayət bütün ölkə Qəmərin səsini eşitdi.

O, bugünədək də üsyankarlıq və müstəqillik rəmzi kimi xatırlanır.

Lakin qadınlar öz səslərini təkcə oxumaqla ucaltmırdılar. Ədəbiyyat çoxdan bəri idi ki, qadınların öz hekayətlərini danışmaları, narahatlıqlarını bölüşmələri üçün platformaya çevrilmişdi.

Bu qadınlardan birinin şeiri fars ədəbiyyatı dünyasını titrətmişdi.

Foruq Fərruxzadın şeirləri cəsarətli, təmiz və açıq idi.

O, 16 yaşında, məşhur satirik Pərviz Şapura ərə getmişdi. Onların bir oğlu dünyaya gəlsə də, iki ildən sonra ayrılmışdlar.

İranın dindar, mühafizəkar cəmiyyətində ona boşanmış, şeir yazan və qadınların sıxışdırlmasına uca səslə etiraz edən ziddiyyətli fiqur kimi baxırdılar.

O, iran qadınlarını xilas olmağa və azadlığa çağırırdı.

Lakin Fərruxzad 32 yaşında ikən avtomobil qəzasında həlak oldu.

1979-cu ildə İran İslam İnqilabı qalib gələndə, qadınların illərlə, qətrə-qətrə nail olduqları azadlıqlar əllərindən alındı. Bu inqilab mühafizəkar din xadimlərinə daha qüdrətli hakimiyyət vermişdi.

İş elə gətirmişdi ki, qadınlar 1979-cu il inqilabının baş verməsində nəhəng rol oynamışdılar. Şahın ölkəni tərk etməsini tələb edən izdihamlı mitinqlərə minlərlə dindar, solçu, evdar və tələbə qadın qatılırdı.

Tehrandakı ABŞ səfirliyi zəbt ediləndə və çox sayda girovlar götürüləndə, bu tələbə aksiyasının liderlərindən biri də Məsumə Ebtekar olmuşdu. O, Amerikada təhsil almışdı, hazırda isə İran Ətraf Mühiti Mühafizə Təşkilatının rəhbəridir.

Qadınlar İran inqilabını daha çox azadlıqların əldə olunması ümidi ilə dəstəkləmişdilər, lakin inqilab onların olan-qalan azadlıqlarını da əllərindən aldı.

Ölkənin yeni rəhbərliyi qadınların bütün hökumət idarələrində və ictimai yerlərdə hicab geyinmələrini qanun etdi. Bu qanuna qarşı o vaxtdan bəri mübarizə səngimək bilmir.

İndi isə bu istiqamətdə kiçik etiraz aksiyaları həyata keçirilir. Hətta hicabla belə qadınlar qadağan sədlərini aşırlar. İndi qadınların çoxu daha parlaq, daha al-əlvan baş yaylıqları örtür, sadəlik vasitəsi kimi qanuna salınmış geyim növünü dəb meydanına çevirirlər.

Özündən əvvəl bir çox qadınlar kimi İran jurnalisti və blogeri Məsih Əlinejad da əlində olan bütün imkanlardan icbari hicaba qarşı mübarizə üçün istifadə edir.

O, internetdə "Mənim oğrun azadlığım” adlı kampaniyaya başlayıb. Bu kampaniya qadınları baş örtüksüz fotolarını internetə yükləməyə çağırır.

Təklikdə bu kiçik bir etiraz idi, lakin birlikdə qlobal hərəkata çevrildi.

Lakin İran feminizminin heç də bütün mübarizlərinin taleyi öz əllərində deyil.

Image copyrightFars

Milli futbol komandasının kapitanı Nilufər Ərdəlan, əri onu komanda ilə xaricdə keçirilən yarışa səfər etməyə qoymayandan sonra feminizmin rəmzinə çevrilib. Əri ona səfər pasportu almaq üçün müraciət etməyi yasaqlamışdı.

Özü də bilmədən o nümayiş etdirmişdi ki, hətta ən məşhur qadınlar da iztirab çəkirlər.

2010-cu ilin sentyabrında qaynatası Məsumə Atayenin üstünə kimyəvi turşu tullamışdı. Qadın hücum nəticəsində kor olsa da, oğlunu ərinin ailəsindən məhkəmə yolu ilə almaq üçün özündə güc tapa bilmişdi.

Bundan sonra o turşu hücumuna məruz qalan qadınların ən qızğın müdafiəçisinə çevrilib. Məsumə özü kimi hücum qurbanlarının hüquqlarını müdafiə edir.

Ötən əsr ərzində İran qadınlarının bərabərlik və tanınmaya gedən yolu məşəqqətli olub.

Onalrın bir çoxu qadınların indiki vəziyyətinə meydan oxusalar da, sonradan bu mübarizədə zor və qəddarlığa məğlub olublar.

Lakin bütün İran tarixi ərzində qadınlar heç vaxt geri çəkilməyiblər. Onlar cəmiyyəti ilhamlandırır və sübut edirlər ki, dəyişikliklər üçün hər zaman aparıcı qüvvə olacaqlar.