Allahşükür Paşazadə Ayaz Mütəllibovun əvəzinə necə qol çəkmişdi... - TARİX

[medium=left]http://42-ciparalel.az/uploads/posts/2018-12/1544278246_154Azərbaycanın İslam Əməkdaşıq Təşkilatına (İƏT) üzv olmasından 27 ili tamam olur.
1969-cu ildə Mərakeşdə müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılmış İƏT 60-a yaxın dövləti özündə birləşdirir. Bəzi ölkələrin müsəlman icmalarının, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri İƏT yanında müşahidəçi statusuna malikdirlər.
İslam Əməkdaşıq Təşkilatı BMT ilə sıx əməkdaşlıq edir. İƏT 1975-ci ildən BMT yanında müşahidəçi statusu alıb. 2011-ci ilin iyun ayında Qazaxıstanın paytaxtı Astanada keçirilmiş İslam Konfransı Təşkilatı xarici işlər nazirlərinin 38-ci sessiyasının Xarici İşlər Nazirləri Şurasının qərarı ilə təşkilatın adı İslam Əməkdaşlıq Təşkilatına (İƏT) dəyişdirilib.
Azərbaycan Respublikası da bu təşkilatın işində fəal şəkildə iştirak edir.27 il əvvəl SSRİ-nin müttəfiq respublikası olan Azərbaycandan İƏT-in Dakarda keçirilən sammitinə getmiş nümayəndə heyəti böyük risk hesabına ölkəmizi bu nufuzlu quruma tam hüququlu üzv edə bilmişdi.
Bəs bu tarixi hadisə necə baş verib?
İlk olaraq qeyd edək ki, sovet dövründə Azərbaycanın müsəlman ölkələri ilə münasibətləri normal səviyyədə olmayıb. 1980-ci illərə qədər bu əlaqələr çox məhdud idi. Əlaqələrdə böyük dəyişikliyin 1986-cı ildən başlandığını demək olar. 1986-cı ilin oktyabrında Azərbaycan SSR-in paytaxtı Bakıda Qafqaz Müsəlmanları Ruhani İdarəsinin (indi QMİ) sədri Allahşükür Paşazadənin təşkilatçılığı ilə və İslam Konfransı Təşkilatının himayəsi altında keçirilmiş "Müsəlmanlar sülh uğrunda mubarizədə” adlı beynəlxalq konfrans Azərbaycanın dünya müsəlmanlarının yeni əməkdaşlıq mərkəzinə çevrilməsində mühüm rol oynayıb.
Həmin il Bakıya 60 müsəlman ölkəsindən 600 nümayəndə gəlmişdi. 3 gün ərzində davam edən bu konfrans özünün siyasi mesajları və bəyanatları ilə azərbaycanlı müsəlmanlarının dünyadakı din qardaşları ilə həmrəyliyinin nümayişinə çevrildi.
Bakıda keçirilən bu konfrans Azərbaycanın müsəlman dünyası ilə yaxın əlaqələr qurmasında bir vəsilə oldu. Üstündən 5 il ötəndən sonra –1991-ci ilin dekabrında QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin bilavasitə təşəbbüsü və təkidi sayəsində Azərbaycan SSRİ-nin müsəlman respublikaları arasında ilk olaraq, İslam Konfransı Təşkilatının (indiki adı İƏT – İslam Əməkdaşlıq Təşkilatı) üzvlüyünə qəbul edildi.
QMİ sədri müsahibələrinin birində 1991-ci ilin dekabrında ölkəmizin bu mötəbər quruma üzvlüyündə oynadığı rolu həyatının ən yadda qalan hadisəsi adlandırmışdı: "Ən çox yadımda qalan hadisə hələ sovetlərin dağılmadığı vaxt, səhv etmirəmsə 1990-cı ildə Seneqalda İslam Əməkdaşlığı Təşkilatının toplantısında iştirakımla bağlıdır. Hələ SSRİ vardı, Azərbaycanın prezidenti Ayaz Mütəllibov idi. Seneqaldakı həmin toplantıda mən İranla, Pakistan baş naziri Nəvaz Şəriflə, Səudiyyə Ərəbistanı və daha bir çox dövlətlərin rəhbərləri ilə danışıqlar apardım. Və nəticədə bir il sonra Azərbaycanı İslam Əməkdaşlıq Təşkilatına üzv elədik. Hansı ki, hələ kommunist dövləti qalırdı”.
