Saxta əlillik, qanunsuz pensiya, qoca və kimsəsiz uşaqların payına əl uzadanlar... - Sabiq nazirin korrupsiya şəbəkəsi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yeni təyinatının ilk günlərindən sərt qərarlar verməyə başlayıb.
42-CiParalel.az xəbər verir ki, o, "köhnə qvardiya”nın əsas fiqurlarını zərərsizləşdirməkdə davam edir. Belə ki, S. Babayevin əmri ilə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Yasamal, Suraxanı, Xətai və Sabunçu rayon şöbələrinin müdirləri də işdən kənarlaşdırılıb.
Qeyd edək ki, DSMF-nin Suraxanı rayon şöbəsinin müdiri Şahalı Cəbiyev adıçəkilən nazirliyin sabiq Aparat rəhbəri Əjdər Cəbiyevin, Sabunçu rayon şöbəsinin müdiri Əlibarat Poladov isə Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladovun qardaşıdır.
Bundan əlavə, Daxili nəzarət şöbəsinin müdir müavini, nazirlikdə Aparatın ümumi şöbəsinin müdiri də işdən çıxarılıb.
Nazir korrupsioner şəbəkənin izinə düşüb

Məlumata görə, Sahil Babayevin əmri ilə nazirlikdə əlilliyin qiymətləndirilməsi ilə bağlı proseslərin təkmilləşdirilməsi, həmçinin müvafiq elektron sistemlərin imkanlarının genişləndirilməsi vasitəsilə vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası və onların cəmiyyətə inteqrasiyası ilə bağlı zəruri işlərin görülməsi məqsədilə işçi qrupu yaradılıb:
"Yəni, nazir sistemdə dəyişiklik etmir, amma korrupsioner şəbəkənin "qol-budağını” kəsmək qərarı verib. Diqqət etdinizsə, nazir yeni yaradılan işçi qrupun qarşısında bir sıra vəzifələr müəyyən edib. Belə ki, işçi qrup əlillik təyinatlarının monitorinqinin həyata keçirilməsi istiqamətində Səhiyyə Nazirliyinin müvafiq işçi qrupu ilə birgə iş aparacaq.
İşçi qrup Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə dəyişikliklər edilməsi barədə təkliflər də hazırlamalıdır. Eləcə də, dövlət səhiyyə müəssisələri tərəfindən rəsmiləşdirilən göndərişlərin TSERAS-a ötürülmədən öncə Səhiyyə Nazirliyinin müvafiq məlumat bazaları ilə qarşılaşdırılması mexanizmi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səhiyyə Nazirliyi arasında elektron məlumat mübadiləsinə dair sazişə əlavələr edilməsi, əlillərin bərpa mərkəzlərinin inkişafı üzrə konsepsiya layihəsi barədə təkliflər də işçi qrupu tərəfindən hazırlanmalıdır. Ötən həftə nazir, Səhiyyə Nazirliyi ilə birgə fəaliyyət müstəvisində aparılacaq işlər - əlilliyin qiymətləndirilməsi sisteminin daha təkmil səviyyədə qurulması ilə bağlı ciddi tapşırıqlar verdi”.
Şəxsiyyət vəsiqəsinin surəti ilə pensiyaya çıxanlar...

"Ötən ilin iyulunda pensiya yaşı artırılmaqla, 12 illik staj məsələsi ləğv olundu. Bu səbəbdən də pensiya kapitalı yetərli olmayanların əlillik dərəcəsi alaraq pensiyaya çıxması o qədər də səmərəli olmur. Yəni, lazımi kapital olmadığına görə, sistemdə pul qazanan şəbəkə çıxış yolunu birinci qrup əlillik dərəcəsi "satmaqda” gördülər. Amma bu şəbəkə nümayəndələrinin pul qazanmaq hərisliyi o həddə çatmışdı ki, heç bir əndazəni gözləmirdilər.
Hətta tək şəxsiyyət vəsiqəsinin surəti ilə pensiyaya çıxanlar da var. Yəni, adam şəxsiyyət vəsiqəsinin surətini təqdim edir, onun adına köhnə tarixə epiqriz hazırlanır, sonra forma 88 yazılaraq sistemə vurulur və təsdiqlənir. 15-20 gün sonra isə həmin şəxsə "get, bankdan pensiya kartını götür”,- müjdəsi verilir.
Təbii ki, bu "xidmət”in qarşılığında 4500-5000 manat pul ödənilir. Amma bu şəbəkə elə formalaşdırılıb ki, konkret işi görən şəxsin kimliyi bilinmir. Yəni, hər rayonda "makler”lik edən bir şəxs tapılır və onun vasitəsi ilə tanıdıqları şəxslər pensiyaya çıxarılır”.
TSEK rəhbərlərinə xəbərdarlıq
Sözsüz ki, əlilliyin müəyyən olunması prosesindəki bu dərəbəylik nazirin diqqətindən yayına bilməz. Belə ki, iki gün oncə S.Babayev Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində müşavirə keçirdi. Nazir müşavirədə əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyətin təkmilləşdirilməsinin, bu sahədə də şəffaflıq yaradılmasının Nazirlik qarşısında əsas vəzifələrdən biri olduğunu vurğulayıb. Nazir bildirib ki, əlillik təyinatlarının həyata keçirilməsində mövcud olan vəziyyəti qənaətbəxş hesab etmək olmaz.
"Əlilliyin qiymətləndirilməsi prosesi tam qanunvericilik çərçivəsində icra olunmalıdır. Kimin ki, qanunla əlillik qrupu almağa hüququ çatır, onların bu hüququ süründürməçiliyə yol verilmədən, onlarda narazılıq yaratmadan təmin edilməlidir. Digər tərəfdən, əlillik vəziyyətində olmayan şəxslərə bilərəkdən əsassız şəkildə əlillik qrupu təyin edilməsi hallarına yol verilməməlidir”, – deyə S. Babayev bildirib.
Belə hallara yol verən əməkdaşların aşkar edilərək heç bir güzəşt olmadan sərt şəkildə cəzalandırılacağını qeyd edən S. Babayev diqqətə çatdırıb ki, ümumilikdə saxta əlillik təyinatlarına yol verilməsi və əlilliyin təyin olunmasında süründürməçilik hallarının qarşısının alınması üçün sistemli tədbirlər görüləcək. Artıq nazirlikdə müvafiq işçi qrupu yaradılıb.
Həmin işçi qrup Səhiyyə Nazirliyinin müvafiq işçi qrupu ilə birgə müəyyən bir dövr üzrə əlillik təyinatları ilə bağlı araşdırmalar aparır. Bu araşdırmaların nəticələrinə uyğun olaraq ciddi tədbirlər görüləcək. Müvafiq qanunvericilikdə də zəruri təkmilləşdirmələr aparılacaq.
Həkimlərlə TSEK-lərin kodlu işbiliyi

Mənbəmizin sözlərinə görə, xüsusən də son on ay ərzində sistemə vurulan birinci qrup əlilliklə bağlı sənədləri yenidən yoxlamaya qaytarıblar:
"Əlilliyin qiymətləndirilməsi hazırda səhiyyə müəssisələrinin elektron sisteminə daxil etdikləri göndərişlər əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən yerinə yetirilir ki, bu sistemin təkmilləşdirilməsi üçün də təkliflər hazırlanacaq. Nazir də qabaqcıl beynəlxalq meyarlara uyğun olaraq, əlilliyin əmək qabiliyyətinin itirilmə faizinə uyğun qiymətləndirilməsi sisteminin yaradılmasının əsas hədəflərdən olduğunu bildirib. Əslində elektron sistem yaxşıdır, lakin bunun da mənfi tərəfləri var idi. Belə ki, həkim əlilik dərəcəsini müəyyənləşdirir, forma 88-i sistemə vurur, həmin sənəd 3 ayrı-ayrı TSEK-ə göndərilir. Yəni, TSEK-də kompüter arxasında oturan mütəxəssis xəstəni görmür, sənədə baxır, ya təsdiq edir, ya da etirazını bildirir. Belə etirazlar çox olduğuna görə, ciddi narazılıq yaranmışdı. Çünki elektron sistemə keçiddən sonra həqiqətən xəstə olanlara əlillik dərəcəsi verilmirdi, onlar da haqlı olaraq Prezident Administrasiyasından tutmuş, bütün qurumlara şikayət edirdilər”.
Məlumatlı şəxs bu sistemdə qurulan işbirliyinin gizli tərəfini də açıb. Deyib ki, forma 88-i hazırlayıb sistemə vuran həkimlərlə onu təsdiqləyən TSEK əməkdaşlarının işbirliyi var:
Müslümovun daha bir kadrı gizlənir

İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov
Bizi bilgiləndirən şəxs nəzərə çatdırıb ki, elektron sistemin başında dayanan və söz sahibi olan şəxs ƏƏSMN-nin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidovdur.
Onun sözlərinə görə, E.Məcidov sabiq nazir Səlim Müslümovun ən yaxın kadrlarından sayılır, lakin S.Babayev hələ də onu vəzifədə saxlayır:
DSMF-dən narazlıq və təftiş...

Onu da nəzərə çatdıraq ki, DSMF ƏƏSMN-nin şah damarı sayılır. S. Müslümov da nazir postuna bu sistemdən gəldiyi üçün bu qurumun "kilid nöqtələri”nə yaxın adamlarını yerləşdirmişdi. Hətta Elman Mehdiyevin sədr olduğu dönəmdə belə, DSMF-yə Müslümovun özü nəzarət edirdi. Elə bu səbəbdən də DSMF-də formalaşan korrupsiya sisteminin kökü dərinə gedir. Bu qurumda ciddi yoxlamalar aparılmadığından orada baş verənlər gizli qalıb. Yəni Heydər Əsədov Hesablama Palatasının rəhbəri olduğu dövrdə DSMF-də "hər şey qaydasında” olub. Sonrakı dövrdə də, nazir şəxsi nüfuzu və kirvəsi Heydər Əsədovun sayəsində qurumda detallı yoxlama aparılmasına imkan verilməyib. Düzdür, daha ciddi və gizlədilməsi mümkün olmayan bir nöqsan üzə çıxan kimi, Səlim Müslümov o dəqiqə həmin məmuru qurban verərək özünü təmizə çıxara bilirdi. Səlim Müslümovun gedişindən sonra isə ilkin araşdırmalar zamanı ciddi nöqsanlar üzə çıxdı.
Hətta qeyri-rəsmi məlumatlara görə, ümumilikdə həcmi milyardla ölçülən yeyintilər olub. Bu mənada yeni nazirin DSMF ilə bağlı təftiş əmri verməsi təsadüfi deyil.
Son iclasda da Fondun fəaliyyətinin nəticələrinin qənaətbəxş olmadığını qeyd edən nazir diqqətə çatdırıb ki, sosial təminat növlərinin təyinatı ilə əlaqədar müraciət edən vətəndaşlara həssaslıqla yanaşılmalıdır. Onlara qanunla nəzərdə tutulan təminat növlərinin təyin edilməsi zamanı süründürməçiliyə yol verilməməlidir. Vətəndaşlarla kobud münasibətə yol verilməsi halları aradan qaldırılmalı, müvafiq hallarda insanlara qanunvericiliyin tələbləri barədə sadə və aydın şəkildə dolğun izahatlar verilməldir. Sosial sığorta daxilolmaları ilə bağlı proqnozun icrasının Fondun fəaliyyətinin əsas məqsədlərindən olduğunu qeyd edən S.Babayev vurğulayıb ki, bu sahədə çatışmazlıqlar özünü göstərir.
Fond həmin istiqamətdə fəaliyyətini gücləndirməli, eyni zamanda, bu proqnozların düzgün, reallığa əsaslanan şəkildə tərtib edilməsini də vacib şərt kimi diqqətdə saxlamalıdır. Debitor borcların yaranması hallarına yol verilməməli, sosial sığorta ödəyicilərinə münasibətdə subyektiv, qeyri-bərabər yanaşmaya son qoyulmalı, bütün səylər də qanunla ödənilməli olan sosial sığorta vəsaitlərinin ödənilməsinə yönəlməlidir.
"Pensiya bosu” Çingiz Əliyev postdadır...

Maraqlı məqamlardan biri də odur ki, S. Babayev pensiya təyinatı ilə bağlı məmur-vətəndaş əlaqəsinin minimuma endirilməsi üçün pensiya təyinatı sisteminin tam avtomatlaşdırılması barədə tapşırıq verib. Amma bu sahədə çalışanlar həlilik bunun hansı mexanizmlə gerçəkləşdiriləcəyinin sual altında olduğunu vurğulayırlar.
Məlum olduğu kimi, Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsində nəzarət tədbiri həyata keçirir.
Qeyd edək ki, Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə sabiq nazir Səlim Müslümovun həyat yoldaşının qardaşı Ağalar Xasayev rəhbərlik edir.
ƏƏSMN-in "Qocalar ev" və pansioanatlarında ailə şəbəkəsi...
Bizi bilgiləndirən şəxs nəzərə çatdırıb ki, nazir Sahil Babayev vəzifəyə təyin olunandan bəri bir çox sahələrlə bağlı araşdırma aparsa da, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün internat məktəbləri, qocalar evi, pansionatları diqqətdən yayındırb.
"İlk baxışdan bu qurumlar gözə dəyməsə də, əslində həmin qurumlarda da böyük yeyintilərə yol verilir. Özü də orada təkcə büdcə vəsaitləri deyil, müxtəlif şəxslər tərəfindən edilən yardımlar da "yeyilir”. Məndə olan məlumata görə, bu cür müəssisələrdə orta hesabla ayda 20-30 min manat vəsait toplanır. Təbii ki, bu vəsaitin hamısı müəssisə rəhbəri tərəfində mənimsənilmir. Vəsaitin ən azı yarısı yuxarı ötürülür”, – deyən müsahibimiz nəzərə çatdırıb ki, bu qurumlara da təsadüfi adamlar rəhbər təyin olunmayıblar.
Onun sözlərinə görə, Səlim Müslümov nazir olduğu dövrdə bu müəssisələrə özünə yaxın adamları rəhbər təyin edib:
"Belə demək mümkündürsə, bu sahəni də "monopoliyaya” alanlar var. Belə ki, Şağanda yerləşən Müharibə Əlilləri üçün Müalicə Pansionatının direktoru Pərvanə Əsədova Bilgəhdəki Qocalar Evinin direktoru Qətibə Əsədovanın qızıdır.
Hər iki şəxs Səlim Müslümova yaxınlığı ilə seçilib. Qətibə Əsədova Səlim Müslümovun sayəsində qızı Pərvanə Əsədovanı Müharibə Əlilləri üçün Müalicə Pansionatına, bacısı qızını isə Şağan 3 saylı Fiziki və Əqli Qüsurlu Uşaqlar üçün İnternat Evinə direktor təyin etdirib.
Bu sahə ilə bağlı mediada da maraqlı məlumatlar yer alıb. Bu günlərdə stimulxəbər saytında maraqlı bir məqam diqqəti çəkdi. Bildirilir ki, S. Müslümov Pərvanə Əsədovanı müalicə pansionatının direktoru vəzifəsinə Sevgililər Günü (təqvimin 14 fevral səhifəsi) təyin edib. Saytın iddiasına görə, təyinatın həmin günə təsadüf etməsi də maraqlıdır. Hər halda, dəqiq bir söz deyə bilməsək də, söylənənlər bunlardır. Yəqin ki, Sahil Babayev bu sahəyə də diqqət ayıracaq”.
Yeni nazir "köhnə qvardiya” ilə bacarmır?

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vəzifədən çıxardığı iki şöbə müdirinin vəzifələrinin icrasını müavinlərinə həvalə edib. Nazirin əmri ilə Daxili nəzarət şöbəsinin müdiri vəzifəsinin icrası Günel Nəsibovaya, Kadr və kadr hazırlığı şöbəsinin müdiri vəzifəsinin icrası isə Südabə Cəfərovaya həvalə olunub.
Onu da qeyd edək ki, mayın 8-dək Daxili nəzarət şöbəsinə Sultan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinə isə Qurbanəli Əsədov rəhbərlik edib. Adıçəkilən şəxslər mayın 8-də Aparat rəhbəri Əjdər Cəbiyevlə birgə vəzifələrindən azad olunublar.
Bizi bilgiləndirən şəxs isə deyib ki, Kadr və kadr hazırlığı şöbəsinin müdiri vəzifəsinin icrası tapşırılan Südabə Cəfərova "köhnə qvardiya”nın təmsilçisidir. Onun sözlərinə görə, S.Cəfərova Əjdər-Qurbanəli cütlüyünün yetirməsi sayılır.