“Fazil Məmmədovun xəstəliyi vardı və xeyli əziyyət çəkirdi” - Millət vəkilindən ilginc açıqlama

Prezident İlham Əliyev dekabrın 5-də verdiyi sərəncamlarla vergilər naziri Fazil Məmmədov və təhsil naziri Mikayıl Cabbarovu tutduqları vəzifədən azad edib. Ölkə başçısı digər sərəncamla Mikayıl Cabbarovu vergilər naziri təyin edib.
İndi ən çox müzakirə olunan mövzular eks-təhsil nazirinin Vergilər Nazirliyinə necə nəzarət edəcəyi, eyni zamanda Təhsil Nazirliyinə kimin gətiriləcəyidir.
42-CiParalel.az xəbər verir ki, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a dəyişikliklərin gözlənilən olduğunu bildirib:
"Cənab Fazil Məmmədovun xəstəliyi vardı və bundan xeyli əziyyət çəkirdi. Bununla əlaqədar olaraq, prezident belə bir sərəncamla Fazil Məmmədovu Mikayıl Cabbarovla əvəzlədi. Fazil Məmmədov təcrübəli mütəxəssis olaraq, vergi sistemində kifayət qədər islahatlar apardı, hesab edirəm ki, bu islahatlar yeni nazirin rəhbərliyilə davam etdiriləcək”.
V.Əhmədov deyib ki, Mikayıl Cabbarov müxtəlif illərdə iqtisadiyyat nazirinin müavini işləyib:
"Mikayıl Cabbarov təhsil sahəsində kifayət qədər islahatlara yer ayırmışdı. Hazırda vergilər nazirliyində də islahatlar davam etdirilməlidir. Doğrudur, 2016-cı ilin sonlarında vergi sahəsində kifayət qədər islahatlar aparıldı. Əhali ilə, sahibkarlarla vergi sistemi arasında olan münasibətlərin tənzimlənməsinə böyük ehtiyac var. O cümlədən, vergi məcəlləsində dəyişikliklər edilməsinə ehtiyac var. Yəqin ki, yeni nazir öz komandasını formalaşdırdıqdan sonra cənab prezidentin tapşırığı ilə müəyyən islahatlara start verəcək. Çünki bu, indiki iqtisadi islahatlar çərçivəsində strateji yol xəritəsində öz əksini tapıb”.