O, ƏSL ZİYALI İDİ

{title

Mən, akademik Aslan Aslanovu yaxından tanımamışam. Çünki bizim aramızda kifayət qədər yaş fərqi var idi. Mən Universitetə daxil olanda o, Azərbaycanın ən böyük filosof ziyalısı kimi tanınırdı. Amma, Aslan müəllimlə bağlı şirin bir xatirə yaddaşıma həkk olub.

Universitetə daxil olandan sonra məlum oldu ki, biz ancaq qəbul imtahanlarını Patris Lumumba 23-də vermişik. Tarix və Filologiya fakültələrinin tələbələri indiki İqtisad Universitetinin binasında, Şərqşünaslıq və Hüquq fakültəsinin tələbələri indiki Ali Attestasiya Komissiyasının binasında, Jurnalistika fakültəsinin tələbələri isə Pasaj bazarının üstündə sınıq-salxaq bir binada dərs keçirdilər. Filologiyanın tələbələri günün birinci, Tarix fakültəsinin tələbələri isə günün ikinci yarısı dərs keçirdilər. Tələbəliyimiz 5 il sərasər belə keçdi.

Universitet rəhbərliyi çox nadir hallarda bizim dərs keçdiyimiz binaya gəlirdi. Ona görə zarafatla deyirdik ki, biz Universitetdə yox, Darülfünündə oxuyuruq. Tarix fakültəsinin tələbələrinin ən böyük problemi İqtisad Universitetinin tələbələri ilə bağlı olurdu. Çünkü iki ali məktəbin mübahisəli yeri var idi. Çox zaman bu mübahisələr dekanlıq səviyyəsində həll olunurdu.
Amma bir dəfə əsl dəhşət baş verdi. Üçüncü kursun qış semestri idi. Tələbə yoldaşlarımızın 3 nəfəri Xalq Təssərrrüfatı (indiki İqtisad Universitetinin) rektorunun qəzəbinə tuş gəldi. Rektor tələbələrin qovulması ilə bağlı Universitet rektoruna təqdimat yazdı. Əslində, tələbələrin hərəkətləri qovulma dərəcəsində bir hadisə deyildi. Amma, nə səbəbdən İqtisad Universitetinin rektorunun qərarı bizim  Universitetin rəhbərliyi tərəfindən qəbul olundu. Üç tələbənin qovulması haqqında əmr verildi.

Qaldığımız 7 saylı yataqxana axşam əsl yas mərasiminə çevrildi. Qovulan tələbələr də yataqxanada qalırdı. Uzun danışıqlardan sonra belə qərara gəldik ki, Universitetin ikinci şəxsi, Partiya Komitəsinin sədri Aslan müəllimlə görüşək. Sinif nümayəndəsi kimi məndə qovulan tələbələrlə Səhər tezdən Universitetin əsas binasına gəldik. Aslan müəllimi biraz gözləyəsi olduq. Həmişəki kimi, iti sürətlə otağına daxil oldu, salam verdik. Bizi içəri dəvət etdi. Paltosunu çıxarmamış "Nə olub?" – soruşdu. Mən vəziyyəti Aslan müəllimə izah etdim. Bizim yazıq duruşumuz onu təsirləndirdi. Özündən asılı olmayaraq  "Axı bu deyilənlərə görə tələbələri qovmaq olmaz, bu böyük ədalətsizlikdir"-dedi. Biz də bir ağızdan "Aslan müəllim, biz Sizdən kömək umuruq"-dedik. Tələbələrdən biri özunu saxlaya bilmədi, kövrəldi. Bunu görən Aslan müəllim hara isə zəng etdi. Telefonu götürən olmadı. Çox iti sürəttlə ayağa durub otaqdan çıxdı.  Hiss etdik ki, Universitetin rektoru Faiq Bağırzadənin yanına getdı. Otaqdan tərpənmədik. Aslan müəllimi gözlədik. Birazdan otağa qayıtdı. Çox amiranə bir səslə "Bir də Sizdən şikayət gəlməsin, gedin dərslərinizə. Faiq müəllim sizi bağışladı".

Sevincimizdən heç bilmədik neynəyək. Yalnız Aslan müəllimə "Çox sağ olun" deməklə kifayətləndik. Aslan müəllimin yanından çıxıb birbaşa yataqxanaya gəldik. Aslan müəllimin bu böyük xeyirxahlığı bütün yataqxanaya yayıldı. Bərpa olunan  tələblər, hadisənin qəhrəmanı isə Aslan müəllim oldu. Aslan müəllim o zaman bizimçün ən əziz insana çevrildi.

Tələbə dostlarımızdan biri axşam Aslan müəllimin bu xeyirxahlığını belə yekunlaşdırdı. Aristotelin əl içi boyda "Poetika" kitabını stolun üstünə qoyub dedi: "Aristoteli bizə tanıtdıran, onun "Poetika"sını bizə öyrədən insan ancaq belə hərəkət etməli idi. Az vaxt içərisində 1974-cü ildə Aslan müəllim tərəfindən tərcümə olunan Aristotelin "Poetika" kitabını hamımız oxuduq. Mən bugün də Aristoteli, onun "Poetikası" haqqında düşünəndə ilk əvvəl Aslan müəllimi xatırlayıram. Onun ziyalı çöhrəsi bugün də gözümün qabağındadır. O, əsl ziyalı idi.

 

Anar İsgəndərov

Bakı Dövlət Universitetinin kafedra müdiri, t.e.d., professor

                                                                          42-CiParalel.az