ASLAN ASLANOV AZƏRBAYCAN ESTETİKASININ GÖRKƏMLİ NÜMAYƏNDƏSIDIR.

{title

Aslan Aslanov haqqında bir çox dəyərli insanların düşüncələrini dinləmişəm və oxumuşam. Öz düşüncə və xatirələrini bölüşən bu qiymətli insanların əksəriyyəti Aslan müəllimlə uzun müddət, xüsusən Aslan müəllimin pedaqoji və elmi fəaliyyət sahələrində yüksək statusa və böyük nüfuza malik olduğu illərdə onu yaxından tanıyan, onunla sıx ünsiyyətdə olmuş insanlardır. Bu hal təbiidir. Rəhbər şəxslər, o cümlədən pedaqoji və elmi fəaliyyət sahələrində rəhbər mövqeyə malik olan şəxslər öz tabeliyində olan və olmayan insanlara kömək etmək, həyatlarındakı mürəkkəb problemlərin həllində yardımşı olmaq və hətta bu problemləri həll etmək və aradan qaldırmaq imkanına malikdirlər. Aslan müəllim ümumiyyətlə xeyirxah bir insan olaraq malik olduğu bu imkandan istifadə edərək ona müraciət edən insanların problemlərinin həllinə öz dəstəyini göstərirdi. Bu dəstəyi görən insanlar isə bunu məmnuniyyətlə xatırlayır və minnətdarlıqlarını bildirirlər. Bu yaxşı haldır, qədirbilənlik kimi bir insani duyğunun ifadəsidir.

Amma daha insani duyğunun ifadəsi odur ki, insana onun sənə etdiyi yaxşılıqlara görə deyil, onun özündə daşınan dəyərliliyə görə qiymət verməyi bacarasan. Bu baxımdan hörmətli akademik Teymur Bünyadovun xatirələri diqqəti xüsusən cəlb edir.

Mən də hörmətli Teymur müəllimin mövqeyinə yaxın bir mövqedən çıxış edərək, bir sıra mülahizələr diqqətə çatdırmaq istərdim.

Bir çox insanlar vardır ki, onları demək olar ki hər gün görürsən, amma adlarını xatırlamaq istədikdə belə onların adları heç cür yadına düşmür. Onların özləri göz qarşısında olmadıqları halda isə onların ümumiyyətlə varlıqları yadına düşmür.

Amma elə də insanlar vardır ki, onları gördüyün birinci andan səndə vurğunluğa bənzər güclü təəssürat yaradırlar, onlar beynində dərhal "Bu insan kimdir” sualını doğururlar.

Aslan Aslanovu ilk gördüyüm anda belə bir təəssürat yaradı, "Bu insan kimdir” deyə düşündüm və sualı ətrafımda dayananlardan soruşdum. "Bu, professor Aslan Aslanovdur, şairdir, Rəşid Behbudovun həmişə həvəslə oxuduğu "Lalələr”in müəllifidir”, dedilər.

Aslan Aslanovla ilk görüşümüm məndə yaratdığı təəssürat bu sözləri eşitdikdən sonra sanki dördqat gücləndi. Birincisi, xalqımızın əslində mədəni sərvəti olan "Lalələr”in müəllifi olduğu üçün, ikincisi, şair olduğu üçün, üçüncüsü, dünya şöhrətli Rəşid Behbudovla yaradıcılıq ortağı olduğu üçün və nəhayət, dördüncüsü, Aslan Aslanov adının və soyadının daşıyıcısı olduğu üçün.

Dördüncüsü ona görə ki, Aslan Aslanov adı və soyadı şəxsən mənim üçün professor Aslan Aslanovu tanımazdan daha öncə də doğma və əziz idi. Çünki mənim həyatımda müstəsna əhəmiyyətə malik olan insanlardan birinin - təhsil və tərbiyə aldığım Quba İnternat Məktəbinin direktorunun da adı və soyadı belə idi: Aslan Aslanov. O Aslan Aslanov ki, haradasa rayonların birində, hasısa internatda direktor olmasına baxmayaraq alim idi, həm alimlik elmi dərəcəsinə malik idi, həm də elə əslində də, təbiətən də alim idi. Məndə fəlsəfəyə sevgi yaradan şəxslərdən biri həmin o məktəb direktorunuz olmuşdu. Bundan da daha dəqiq deyilərsə, o, məndə fəlsəfə sevgisini oyadan şəxslərdən birincisi idi.

Professor Aslan Aslanov mənim üçün son dərəcə əziz olan bir adın və soyadın daşıyıcısı olması səbəbindən də elə ilk tanışlıqdan mənim üçün döğmalaşdı. Amma uzaqdan-uzağa olan tanışlıqdan.

Professor Aslan Aslanovun məhz professor Aslan Aslanov olaraq şöhrətini mən Azərbaycandan kənarda eşitdim. İştirak etdiyim beynəlxalq konfransların birində Rusiyanın məşhur filosoflarından biri Zelenov mənim çıxışımı dinlədikdən sonra fasilədə mənə yaxınlaşdı, Aslan Aslanovu tanıyıb-tanımadığımı soruşdu, Aslan müəllim haqqında çox gözəl sözlər dedi və Bakıya qayıdarkən ona salam söyləməyimi xahiş etdi. Azərbaycandan uzaqda bir Azərbaycan aliminin belə hörmətlə anılması təbii ki bir azərbaycanlı olaraq mənim qəlbimi qürurla doldurdu.

O zaman mən elmi-tədqiqatla Rusiyada məşğul olurdum. Bakıya təqribən iki il sonra gəldim. Zelenovun salamını Aslan müəllimə çatdırdım.

Bakıda mən Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda çalışırdım. Bir müddət sonra Aslan müəllim Akademiyanın Tarix, İqtisadiyyat, Fəlsəfə və Hüquq Bölməsinin akademik-katibi və eyni zamanda mənim çalışdığım Fəlsəfə və Hüquq İnstitutunun direktoru oldu. Həmin illərdə o, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü - akademiki oldu.

Aslan müəllim Fəlsəfə və Hüquq İnstitutunun direktoru və Bölmənin akademik-katibi olduğu zamanlarda mən onu lap yaxından tanıdım. Aslan müəllim mənim yaddaşımda gənclik təravətini özündə qoruyub saxlayan əsl şair təbiətli, çılğın bir insan kimi qaldı. O, şair olaraq çılğın idi. Gənclik çilğınlığını ömrünün axırına qədər saxlamışdı.

Onun dilindən şeirlərini eşitmədim. Amma şairanə çılğınlıq onun bütün varlığına, hərəkət və həyat tərzinə hopmuşdu. "Səni düşünürəm" (1957), "Qızlar və bənövşələr” (1961), "Nəğməli günlərim" (1985) adlı şeir kitabları ilə mən sonradan tanış oldum.

Heç də təsadüfi deyildir ki, Aslan müəllim elmi tədqiqat sahəsi kimi məhz estetikanı seçmişdi.

Akademik Aslan Aslanov estetikaya dair iki monoqrafiya yadigar qoyub: İncəsənət və tərbiyə və Estetika aləmində. Estetika sahəsində elmi kadrların hazırlanmasında da onun böyük xidmətləri olmuşdur. Dahi filosof Aristotelin "Poetika"sını və fransız maarifçi filosofu Deni Didronun "Qardaşım oğlu Ramo" əsərini, Corc Qordon Bayronun "Gavur", Aleksandr Tvardovskinin "Vasiliy Tyorkin” poemalarını Azərbaycan dilinə tərcümə etmişdir.

Akademik Aslan Aslanovun professor İzzət Rüsdəmovla birgə tərcümə etdikləri Qısa estetika lüğətinin isə Azərbaycan estetik təfəkkürünün dünyada qərarlaşmış estetik elmi nailiyyətlərə köklənməsi işində müstəsna əhəmiyyətə malikdir, bu kitabın nə qədər kiçik həcmli olmasından asılı olmayaraq. Estetika Azərbaycanda Aslan Aslanova qədər demək olar ki yalnız Azərbaycan mütəfəkkirlərinin fəlsəfi görüşlərinin bir aspekti kimi nəzərdən keçirilirdi.

1968-ci ildə İsveçdə keçirilən Estetika üzrə VI Beynəlxalq Konqresdə, 1970-ci ildə Berlində keçirilmiş VII Beynəlxalq Hegel yubiley Konqresində və 1972-ci ildə Buxarestdə Estetika üzrə VIII Beynəlxalq Konqresdə iştirakı və etdiyi çıxışlar həm Azərbaycan mütəfəkkirlərinin fəlsəfi görüşlərinin dünya miqyasına növbəti dəfə çıxarılması işində, həm də çağdaş dünyada müzakirə predmeti olan fəlsəfi-estetik düşüncələrin Azərbaycana gətirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. XX əsr dünya estetikasının ən tanınmış nümayəndəsi Monro Bördslinin adının və fikirlərinin Azərbaycanda tanıdılması xüsusi əhəmiyyətə malik olmuşdur.

Bördslinin Azərbaycan oxucusuna Aslan Aslanov tərəfindən görkəmli burjua filosofukimi təqdim olunması da diqqəti cəlb edir. Sovet tədqiqat üslubunda burjua filosofu termini ümumiyyətlə düzgün yolda olmayanları, istismarçıları, zülmkarları müdafiə edən ideoloq mənalarını kəsb edirdi. Aslan müəllim burjua filosofu terminin qarşısına görkəmlisözünü əlavə etməklə müasir Qərb fəlsəfi-estetik fikrinə maraq yaratmışdı.

Bördslinin "Estetika insanın təhtəlşüur duyğularını gözəllik istiqamətinə yönəldir” düşüncəsinin Azərbaycanda xatırlanması son dərəcə mühümdür. Bu düşüncə paradiqmasının Azərbaycanda təkcə estetik təfəkkür aspektində deyil, ümumelmi aspektdə xatırlanması və tətbiqi fövqəladə dərəcədə əhəmiyyət kəsb edə bilər. Bördslinin bu ideyası Aristotel Poetikasının katarsis ideyası qədər əhəmiyyətlidir.

Belə ki, istənilən yaradıcılıq, həm bədii, həm elmi, həm də texniki yaradıcılıq öz başlanğıcını gözəllik duyğusundan götürür. Hətta alimlər Kainatın özünün başlanğıcını da gözəllik duyğusu ilə əlaqələndirirlər. Materiyanın ilkin formaları olan kvarkların adlandırılması zamanı da estetikaya dair anlayışlar diqqət mərkəzində dayanmışdır. Belə ki, b-kvarkın adında b hərfinə bir çox hallarda gözəllikmənasını verən beauty sözünün birinci hərfi kimi də məna verilir. C-kvarkın adında c hərfi məftunluq mənasını verən charmsözünün birinci hərfidir. C-kvark kəşf olunduğu zaman onu kəşf edən alimlərdə heyranlıq hissini yaratdığı üçün belə adlandırılmışdır. C-kvark bir çox hallarda məftunluq kvarkı kimi də adlandırılır və səbəbdən də c simvolu ilə işarələnir.

Estetika dünyanın yenidən mənalandırılması, yeni əsaslar üzərində dərk edilməsinin başlanğıcını qoyur.

Aslan Aslanov Azərbaycan ilk estetika mütəxəssislərindən biri və əslində Azərbaycanda estetika elminin əsasını qoyanlardan biri olmaqla yanaşı, həm də dünya estetik təfəkkürünün bu nəaliyyətləri ilə Azərbaycan oxucusu arasında təmas yarada bildiyi üçün dəyərlidir.

  42-CiParalel.az                                                                                                                                                  Adil ƏSƏDOV

 

                                                                        Azərbaycan Milli Elmlər Akademiyası

                                                                                    Fəlsəfə İnstitutunun şöbə müdiri,

                                                                   fəlsəfə üzrə elmlər doktoru