“Hesab edirəm ki, hər işimizdə ayıq-sayıq olmalıyıq”

{title

MÜSAHİBİMİZ  :  Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədovdur

 

 

 

-  Qəzənfər müəllim, ötən il ərzində ANAMA-nın fəaliyətində hansı yeniliklər oldu?

-Ümumiyyətlə, hər il olduğu kimi ötən il ərzində də 34 milyon kvadrat metr ərazini təmizləyib təhvil verilməsi planlaşdırılmışdı. Amma aprel döyüşlərindən sonra əlavə təcili tapşırıqlar aldıq. Onunla əlaqədar biz faktiki olaraq, 2 dəfə artıq ərazi təmizləməli olduq. 70 milyon kvadrat metrdən çox ərazini təmizləyib təhvil verdik.

Yeniliklərdən biri də odur ki, 2000-ci ildə, faktiki olaraq, balaca, bir qrupla, yəni 80-100 nəfərlik 1 qrupla əməliyyata başlamışdıq. Hal-hazırda 620 nəfər əməkdaşımız var. Onlardan 498-i əməliyyat, 131 nəfəri isə inzibati heyətdir. Bundan başqa, 6 ədəd mexaniki mina təmizləmə maşınımız var. Bu mina təmizləmə maşınlarından 5-i Slovakiya, 1-i Xorvatiya istehsalıdır. Biz əməliyyatlarda ən müasir texnologiyalardan istifadə edirik. Dünyada bir neçə ölkə ABŞ, Avstraliya, Almaniya, İsrail ən müasir mina axtaran detektorlar, avadanlıqlar istehsal edir. Biz bu ölkələrin istehsalı olan avadanlıqlardan istifadə edirik. Bizdə ərazini 5-6 metr dərinlikdə yoxlayan xüsusi avadanlıqlar, ən əsası mexaniki mina təmizləmə maşınları var.

 

-Hansı ərazilərdə əməliyyat aparılır?

Bu il biz cənab Prezidentin Sərəncamı ilə əlaqədar Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinidə də əməliyyata başladıq. 59 gün ərzində orada 151 evi və yeni çəkilən yolu təmizlədik.  27 ədəd partlamamış hərbi sursat, 4 ədəd 82 mm-lik minaatan mərmi OF-832, 2 ədəd 120 mm-lik minaatan mərmi OF-843, 2 ədəd 93 mm-lik  tank əleyhinə  idarə olunmayan PQ-7VL raketi, 7 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1)), 6 ədəd piyada əleyhinə mina (OZM-72) və 42 ədəd tank əleyhinə mina (16 ədəd TM-57 minası və 26 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilmiş,  1 890 124 kv.m ərazi (469 278 kv.m əl ilə, 548 400 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və  759 046 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır. Hal-hazırda Füzuli, Ağdam, Ağcabədi, Tərtər, Ağstafa rayonlarında və Bakı şəhərində mina təmizləmə əməliyyatı aparırıq. Cəbhəyanı rayonlarda da əməliyyatlarımız davam etdirilir. İndiyədək cəmi 398 670 503 m2 ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 760 344 -dür.

 

-Hal-hazırda hansı ölkənin minatəmizləmə qurumları ilə əməkdaşlığınız mövcuddur?

-Əvvəla onu qeyd edim ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 1998-ci il 18 iyul tarixində Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə yaradılıb. Agentlik 2007 – 2008-ci ildən başlayaraq dövlət büdcəsindən maliyyələşir. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, biz 1999-cu ildən başlayaraq çox fəal şəkildə BMT ilə əməkdaşlıq edirik. Biz bir çox təşkilat və bir çox ölkənin qurumları ilə əlaqə saxlayırıq.. Agentlik yaranandan BMT-nin proqramı kimi fəaliyyət göstərmişdik. Amma bu gün BMT bizim ən böyük  partnyorumuzdur. Eləcə də, NATO/NSPA (NATO-nun Dəstək və Təchizat Agenliyi) ilə sıx əməkdaşlığımız mövcuddur.

-ANAMA-nın ən böyük layihələrindən məlumat verərdiniz. Və əldə etdiyiniz uğurlardan  danışardınız…

- Hal-hazırda ən böyük və ən vacib Layihə Cəbrayıl rayonunun Cocuq Mərcanlı layihəsidir. Bizim üçün bu pilot layihədir. Gələcəkdə çox ərazilərdə əməliyyatların aparılması nəzərdə tutulub. Bizim üçün prioritet ərazi Dağlıq Qarabağdır. Biz 30 gün ərzində Cocuq Mərcanlı kəndini təmizlədik və təhvil verdik ki, bərpa işləri başlasın. Mən hesab edirəm ki, belə qısa müddət ərzində bu pis göstərici deyil. Bilirsiniz ora təmiz sahə deyil ki, bütün mexaniki minatəmizləmə maşınları, itləri buraxasan, tam birbaşa təmizləyib hamısını təhvil versin. Orada dağılmış evlərdir, və dağıntıların altında bizi nə gözləyəcəyini də heç bilmirik. 122 ev - onun da hamısını birbaşa yoxlayıb, təmizləyib təhvil vermək çox böyük bir işdir. Böyük də məsuliyyətdir. Xarici İşlər Nazirliyi ora Beynəlxalq Mətbuat nümayəndələri  göndərmişdir.  Vəziyyətin nə yerdə olduğunu  Ermənistanın təcavüzü, bu kəndi necə bərbad vəziyyətə saldıqlarını, necə dağıtdıqlarını, əhalinin necə oradan qaçıb və indiyə kimi də, öz dogma yerlərinə qayıda bilməmələrini öz gözləri ilə görmüşdülər. Çox yaxın müddətdə erməni işğalı altında olan torpaqlarımızı azad edib, həmin ərazilərdə irihəcmli minatəmizləmə işlərinə başlayacağımıza inanırıq. Azərbaycan Respublikası Prezidentinin "Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli sərəncamına müvafiq olaraq, kəndin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun yaradılması tapşırığı verilib. Ümidvarıq ki, çox yaxın bir müddət ərzində Ermənistanın təcavüzü nəticəsində alınmış Dağlıq Qarabağ qaytarılacaq və biz birinci ora daxil olub əraziləri mina və partlamamış hərbi sursatlardan (PHS) təmizləyəcəyik və şərait yaradacağıq ki, dövlət orada bərpa işlərini həyata keçirsin və camaat öz yurdlarına qayıtsın.

-ANAMA-da Azərbaycanda mina axtaran itlərin yetişdirilməsi gedir, xarici ölkələrdən bu itlərdən almaq istəyən varmı?

- Bizə ABŞ Dövlət Departamenti, BMT və bəzi beynəlxalq təşkilatlar tərəfindən itlər hədiyyə olunub. Hazırda bizdə 54 baş minaaxtaran it var. Ümumilikdə 34 baş it əməliyyatlara cəlb olunur. 3 küçük, 3 damazlıq it var. 6 baş it təlimdə, 8 it isə təqaüddədir. Əgər itlər yetişsə, onlara təlimlər keçirilsə, yəqin biz onları sata biləcəyik. Amma bu gün üçün bu məsələ ancaq plan olaraq qalır. Bu plan ancaq 2-3 ildən sonra reallaşa bilər. Beynəlxalq standartlara uyğun olaraq, bu minaaxtaran itlər öz fəaliyyətini başa çatdırdıqdan sonra artıq qocalırlar, işləyə bilmirlər. Biz onları axırıncı günə kimi, saata kimi saxlamalıyıq, yəni pensiyadakı kimi yedizdirməliyik, çimizdirməliyik, gəzdirməliyik. Bu ancaq Azərbaycanda deyil, bütün dünyada belədir. Onlar bizim üçün 8 il, 10 il çalışıb işləyirlər, saysız mina aşkar edirlər. Əlbəttə ki, bizim borcumuzdur ki, onları axırıncı günə kimi, saxlayaq.

-Hansı cinsdir? Parodası…

- 2 parodaya üstünlük veririk. 1 Alman avçarkasına, 1 də Belçika avçarkasına. Ona Malenua deyirlər. Dünya üzrə bu itlər partladıcı maddələrlə işləyən ən yaxşı paroda hesab edilir.

-Bu ildə ANAMA-da nə kimi yeniliklər olacaq? Təzə əməkdaşlıqlar gözlənilirmi?

- Gözlənilir. Biz mütəmadi olaraq beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Suriya sərhəddinin təmizlənməsində Türkiyə bir neçə il öncə Piyada Əleyhinə Minaların istifadəsi, daşınması, saxlanması və istehsal olunması barədə Konvensiya imzaladı və öz öhdəsinə götürdü.  Biz də öz təklifimizi verib tenderdə iştirak edirik. Türkiyədə bu ilin axırına kimi əməliyyatların keçirilməsi üçün tender elan olunub. Təzə tender açılacağı gözlənilir. Ümidvarıq ki, biz həmin tenderdə iştirak edəcəyik və qalib gələcəyik. Biz artıq Türkiyədə beynəlxalq əməliyyatlarda iştirak etmişik. Yaxın müddətdə tenderin nəticəsi bilinəcək. Türkiyə isə yaxın zamanda Suriya sərhədində əməliyyat keçirməyi planlaşdırır. Rəsmi olaraq bu ilin axırı, gələn ilin əvvəlinə kimi biz həmin tenderdə iştirak etməyi planlaşdırırıq.

BMT-nin iştirakı ilə Beynəlxalq təlimlər olacaq. Yerli və beynəlxalq səviyyəli təlimlərin keçirilməsi üçün ANAMA-nın Göygöl rayonunda yerləşən Göygöl Regional Təlim Bazası (GGRTB) mövcuddur. 2001-ci ildən təlim mərkəzində 1731 mütəxəssis hazırlanıb, onlar üçün 166 təlim kursu keçilib. Tələbələrin 305 nəfəri əcnəbi olub. Əcnəbi tələbələr əsasən Türkiyə, Əfqanıstan və digər ölkələrdəndir. 2016-cı ildə təlim mərkəzində 6 təlim kursu keçmişik. Nəticədə 89 nəfər mütəxəssis hazırlanıb. Eyni zamanda, əməkdaşlarımız bir ildən bir mütləq şəkildə yenidən kurs keçir. NATO, BMT daimi bunu nəzarətdə saxlayırlar.

Öncə qeyd etdiyim kimi NATO/NSPA (NATO-nun Dəstək və Təchizat Agenliyi) ilə sıx əməkdaşlığımız mövcuddur. NATO/NSPA-nın Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu ilə ilk Layihəmiz 2005-2011-ci illər ərzində Ağstafa rayonunun Saloğlu qəsəbəsində 5,6 milyon kvadrat metr ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi Layihəsi oldu və nəticədə ərazi tam təmizlənərək 640 min ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirildi. Bu Layihə dünyada həyata keçirilən ən uğurlu minatəmizləmə Layihələri sırasına qoşuldu. Əməkdaşlığımızın davamı olaraq 2012-ci ilin aprel ayından "Ceyrançöl” layihəsinin icrasına başlanılıb. Bu ərazi keçmiş Sovet hərbi ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilmişdir. Layihənin 1-ci mərhələsində 19 milyon kvadrat metr ərazi yoxlanılıb, 14 min ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. 2-ci mərhələ 2014-cü ilin iyulundan başlayıb və ötən ilin sonlarında başa çatıb. 24 milyon kvadrat metr ərazi təmizlənib və 1351 ədəd partlamamış hərbi sursat aşkarlanaraq məhv edilib. Hazırda üçüncü mərhələ üçün lazım olan müqavilələr bağlanaraq mina və PHS-lərin təmizlənməsinə başlanılıb. 22 000 000 kv.m ərazini əhatə edən layihənin üçüncü mərhələsi üzrə əməliyyat işləri uğurla davam etdirilir.

 

Ötən illər ərzində Beynəlxalq Mina Təmizləmə əməliyyatlarımız olub. Türkiyədə-Qaziantepdə, Konyada, Diyarbakırda uğurlu əməliyyatlar həyata keçirmişik.

 

-Qəzənfər müəllim, ürəyinizdən keçən suallar varsa da, ola bilsin ki, bizdən eşitmək istəyirsiniz biz o sualı sizə verməmişik, buyurun…

-Biz qısa da olsa, bütün sahələri ətraflı danışdıq, sadaladıq, hamısını qeyd elədik. Əlbəttə ki, mina təmizləmə əməliyyatları təbliğatsız müsbət bir nəticə verməz. Beynəlxalq səviyyədə Mina Təhlükəsinə dair Maarifləndirmə Proqramına böyük bir diqqət yetirilir. Sərhəd rayonlarında çoxlu sayda mina və PHS-lər var, bu səbəbdən yerli əhali ilə, xüsusən də uşaqlarla Agentliyin Mina Təhlükəsinə dair Maarifləndirmə Proqramı çərçivəsində mütəmadi maarifləndirmə işləri aparılır. 2004-cü ildə Təhsil Nazirliyi, ANAMA və UNİCEF arasında Mina Təhlükəsinə dair Maarifləndirmənin (MTM) məktəblərin tədris proqramına inteqrasiya edilməsinə dair Anlaşma Memorandumu imzalandı, şagirdlər üçün dərslik və müəllimlər üçün təlim vəsaitləri hazırlandı. Mina təhlükəsi ilə bağlı plakatlar cəbhəyanı ərazilərdə basdırılır. Biz yerli əhali ilə daimi işləyirik. Əvvəlki illərlə müqayisədə minaya düşərək həyatını itirənlərin sayı əhəmiyyətli dərəcədə azalıb, yəni minimuma endirilib. İnsanlar şübhəli bir obyekt tapan kimi, dərhal bizə məlumat verir və biz də dərhal müvafiq tədbirlər görürük. 

            Aprel döyüşlərindən sonra biz Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə çox sıx əməkdaşlıq edirik. Yerli əhali nə isə şübhəli obyekt aşkar olunan zaman Daxili İşlər Nazirliyinin "102” və Fövqəladə Hallar Nazirliyinin "112” xidmətlərinə və ya Yerli İcra nümayəndəliyinə məlumat verirlər. Onlar da müvafiq olaraq bizi məlumatlandırırlar. Bizim təxirəsalınmaz çevik əməliyyat qrupları ərazilərə göndərilir və təxirəsalınmaz tədbirlər görülür.

                                                                                                                                                            Mehriban.M