Necə unudum səni...

Dünya, dünya. Yalan dünya, yaman dünya. Aslanı bizdən alan, bizi Aslansız qoyan dünya. Torpaq, torpaq. Üzü boz, qəlbi bumbuz torpaq. Aslanı əbədiləşdirən torpaq. Nə isə...
Aslanla bağlı xatirələrimi söyləmək istəyirəm. Unudulmaz, yaddançıxmaz xatirələrimi. Xatirə öyüd-nəsihətdi. Təlim-tərbiyədi. Gör-götürdü. Xatirə dupduru, tərtəmiz, bəmbəyaz, dümağ. Ləkəsiz, boyasız, doğru-dürüst. Uydurma, yalan, əllaməli-qəllaməli. Yarımaq, yaltaqlanmaq üçün söylənən xatirələr təəssüf hissi doğurar. Bağışlanmaz olar.
Aslan Aslanovun atası Məhəmməd kişi, anası Zeynəb xanım Qazağın Kolayır kəndindəndir. Ağstafada yaşamışlar. Məhəmməd kişi çayçı idi. Hörmətli, qonaq-qaralı çayçı. El içində dərin hörmətə, ehtirama malik kişi.
Aslan bu ailənin təki idi, təkcəsi idi, bircəsi idi. Valideynlərinin gözlərinin işığı, ciyərparası idi. Arzuları, diləkləri, döyünən ürəkləri idi. Ərkəsöyün böyümüşdü. Uşaqlıqda cığalıydı. Dalaşqanıydı, davakünüydü. "Babam mənə kor deyib, gedənə-gələnə vur deyib”, - misalı sanki onun üçün yaranmışdı. İpə-sapa yatmaz, güləşdə gah yıxılar, gah yıxardı. Xurcuntayı düşdüyü vaxtlar da az olmayıb...
Mən Aslanı Ağstafa dəmir yolu məktəbində oxuyanda tanımışam. Böyük bacım Zəkiyənin qaynatası Hüseyn Xəlilov Qori müəllimlər seminariyasını qurtarmışdı. Aslana dərs demişdi. Hər Aslandan söhbət düşəndə "İstedadlıdı, xoşbəxt gələcəyi var”- deyərdi.
Aslan orta məktəbi müvəffəqiyyətlə başa vurdu. Məktəbin rəhbərliyi onun savadına, davranışına, istedadına bələd olduqlarından məktəbdə riyaziyyat müəllimi saxladılar. Cəmi bir il işlədi. Sonra üz tutdu indiki Bakı Dövlət Universitetinə. O zaman tarix fakültəsinin nəzdində ayrıca fəlsəfə şöbəsi açılmışdı. Aslan həmin şöbəyə daxil oldu. Onun yoldaşları dünyagörmüş, ikiillik ali məktəbi qurtarmışlar idi. Firudin Köçərli, Ziyəddin Göyüşov, Məqsəd Səttarov, İrşad Əliyev və başqaları ilə bir sırada idi Aslan. O zaman Tumbul, akademik Makoverski, akademik Heydər Hüseynov onlara dərs deyirdi. Aslan yoldaşları arasında yaşca kiçik olsa da, oxumaqla yanaşı universitetin ictimai həyatında fəal iştirak edirdi. Komsomol komitəsində, partiya təşkilatında öz yeri, öz mövqeyi var idi.
Aslan məndən bir kurs qabaq oxuyurdu. Bir gün görüşdük, dedi: "Anam fətirin arasında çığırtma bişirib göndərib, yanında da pendiri. Gedək bizə”. Aslan bir xanımın evində kirayəçi idi. Xörəyi ağız ləzzəti ilə yedik. Bir az da şərab içdik. Anası iki corab göndərmişdi. Biri naxışlı, qotazlı, biri də dümağ. Göstərdi: "Hansını istiyirsən götür” - dedi. Təkidlə naxışlı corabı mənə verdi...
Aslan universitetin partiya təşkilat katibi idi. Çox hörmətli, sözü keçən, hamıya əl tutan, hətta bəzən universitetin rektoruna ədalət naminə sözünü yeridən, həyata keçirən idi. Təsadüfən görüşdük. Qoluma girdi, kabinetinə apardı. Katibəyə: "Heç kəsi buraxma. Teymurla söhbətim var”- dedi. Ay Teymur, bir fikrə düşmüşəm. İstiyirəm səni tarix fakültəsinə dekan gətirək. Bəzi təşkilatlarla da razılaşmışam. Ağlın nə kəsir?. Dedim: "Ay Aslan, orda əjdahalar var. Özündən müştəbehlər var. Qoyarlarmı işdiyim? Necə yəni qoyarlarmı? Sən yəni o qədər yazıqsan? Birdə ki, mən burda deyiləm? Kimin ağzıdı sənin sözünə əməl etməsin?”.
Bir az fikirləşəndən sonra: "Aslan, bəs mənim elmi işlərim necə olsun, axı mən akdemiyanın göstərişi ilə Moskvaya aspiranturaya getmişəm. Nə deyərlər? Yaxşı səslənərmi?” O isə: "Kimdi sənə mane olan? Elmi işini də apar, verilən tapşırıqları da yerinə yetir. Burda da işini davam elətdir” - dedi. Razılaşdıq. O vaxt tarix fakültəsinin dekanı olmaq həm məsul, həm də şərəfli iş idi. Nigarançılıqla düz bir həftə gözlədim. Sonra getdim yanına. Salamlaşdıq, üzümə baxdı. Aslan pərişan halda dedi: "Dərdiş, onsuzda əskimiz tüstülüdü, yerlibaz deyirlər. Sənə də, mənə də yaxşı olmaz. Sağlıq olsun, baxarıq”.
Aslan universitetdə fəlsəfədən daha çox estetikadan dərs deyirdi. Bacarıqlı partiya təşkilatçısı olduğu kimi, həm də tələbələrin sevimlisi, əzizi, doğması idi. Bu yerdə 2500 il bundan əvvəl yaşamış yunan yazarı Platon qeyd edir ki: " Valideynim məni göydən yerə endirdi, müəllimim məni yerdən göyə qaldırdı”. Bir kəlam da yadıma düşdü. Şərqin böyük mütəfəkkiri Sədi Şirazi yazır: " Bir gün şah oğlunun əlindən tutub mədrəsəyə apardı. Gümüş lövhənin üzərinə qızıl hərflərlə yazdı : "Valideynimin nəvazişindən çox müəllimimim tələbkarlığına borcluyam”. Aslan bu hikmətə, bu heyrətə layiq müəllim idi. Hamının sevimlisi, doğması, əzizi. Aslan müəllim uzun illər İncəsənət İnstitutununun rektoru olmuşdu. Bu mədəniyyət ocağının inkişafında əvəzsiz xidmət göstərmişdi.
Həyat yoldaşım Zivər xanım Aslan müəllimin tələbəsi idi. Bir gün zəng çaldı. "Sabah günorta sizdə olacam, denən bir plov bişirsin”. Zivər süfrə açdı. Aslan gəldi. Çay süzüldü. Aslan zoğal mürəbbəsindən iki dənə götürüb çaya saldı. Heç yarısını içməmiş ütələnmiş, nəyisə itirmiş kimi hər şeyi yarımçıq qoydu. Tələsiyirəm deyib getdi. "Boyat plov dadlı olur” deyirlər. Sabah gələcəm, mənim payımı saxlayın”- dedi. Dediyi vaxtda da gəldi.
Aslanovla bir binada olurduq. Zəng çaldı. "Dərdiş, hazırlaş. Sabah saat 10-da binanın qabağında səni gözləyirik. Sabirabada gedəcəyik. Səhər binanın qabağında 3 maşın dalbadal dayanmışdı. Bizə rəhbərlik eləyən sabirabadlı gözəl insan, gökəmli, maliyyə işçisi iqtisad alimləri doktoru, professor Beybulla müəllim idi. Sabirabadda bizi yaxşı qarşıladılar. Aslan həmin rayondan deputat olmaq üçün seçki komissiyasına müraciət eləmişdi. Hər gün camaatla görüşür, hal-əhval tutur. Gəlişimizin məqsəd məramını söyləyirdik. Hamı bizi ehtiramla qarşılayırdı.
Bir dəfə tibb işçilərimizlə görüş oldu. Hamı ağ xalatda görüşümüzə gəlmişdilər. Çıxış elədik. Aslan haqqında sözümüzü dedik. Gözlənilmədən bir xanım Aslana müraciət edərək "Aslan müəllim, siz Qazaxdansız. Niyə Qazaxda deputatlığa ərizə vermirsiniz? Məgər bizim Sabirabadda deputatlığa layiq adamımız yoxdumu? Aslan: "Xanım, mən həyat yoldaşımı itirmişəm. Bir nəfər sabirabadlı qızı alaram. Olaram Sabirabadlı”- dedi. Bütün qadınlar bizi tərk etdilər. Pis vəziyyətdə qaldıq. Sabirabaddan qəzetin redaktoru da ərizə vermişdi. O da deputat seçildi...
Aylar ötdü, illər keçdi. Aslan akademik seçildi. İctimai elmlər bölməsinin akademik katibi oldu. Qızğın fəaliyyətə başladı. Hardasa bu sahədə bir dönüş yarandı.
Böyük alimimiz, Sovet İttifaqı qəhrəmanı qeyri-adi vətənpərvər, mənim unudulmazım, əzizim Ziya Bünyadovla kabinetlərimiz yanaşı idi. Bir gün əsəbi halda yanıma gəldi. "Sənin bu qardaşın Aslan dəlidi ki, danışığını bilmir, ağzına gələni söyləyir. O gün az qala məni təhqir elədi. "Ay Ziya, axı sən Aslanla çox yaxşısan, qardaş kimisən. Sizin bu münasibətinizin paxıllığın çəkənlər var. Noldu yenə? Aranızdan su keçdi.
Zəng elədim, Aslanın yanına getdim. Görüşdük. O da tutduğundan peşman kimi əsəbi idi. Dedim: "Ay Aslan, bu nə işdi sən eləmisən? Ziya bir atmacalı söz atdı. Özümdən çıxdım. O, dəlidisə, mən cinliyəm. Sonra dedi peşmanam, bərk peşmanam. Heç özümə bağışlaya bilmirəm, şeytan ağlımı aldatdı. Dedim ki, sizi barışdırmaq lazımdı, öz də tezliklə, səs-küy yayılmamış. Çox yaxşı olar, peşmançılığımdan yata bilmirəm. Amma bir şey fikirləşirəm. İki gündən sonra görüşək, sənə deyərəm.
Görüşdük. "İşlər düzəldi” dedi. Anam-bacım olsun Tahirə xanım ikimizdən də ağıllıdı. Kübar xanımdı. Əsli-kökü var. Yusif Vəzir Çəmənzəminlinin tayfasındandı. Ona zəng çaldım, üzrxahlıq elədim. Bizi barışdırdı. Getdim onlara, barışdıq, opüşdük, heçnə olmamış kimi..
İnsan təbiətin tacı, yer üzünün əşrəfidi. Aslan əşrəf insan idi. Daxilən nurlu,işıqlı, zəngin mənəviyyatı var idi. Görkəmcə yaraşıqlı, boylu-buxunlu. Sadə, səmimi. Özü bütöv, sözü bütöv. İstiqanlı, vətəncanlı. "Dost yolunda boran olar, qar olar” inamını yaşayırdı. Düşmənə qənimdi. Sıyrılmış qılınc şimşək çaxarlı idi. Xoşrəftar, bir qədər yumşaq, bir qədər sərt. Dövlət adamı idi. Tapşırıqları yüksək səviyyədə yerinə yetirəndi. Məhəmməd peyğəmbər buyurub ki: "Peyğəmbərlərdən sonra şairlər gəlir. Nə böyük qiymət, nə böyük hikmət. Nə böyük heyrət, İlahi. Aslan bu şərəfə layiq şair idi. Sevgi, məhəbbət şairi, gözəlliklər, gözəllər şairi. Şeirlərinin hamısı qəlbə nüfuz edici, dillərdə, ağızlarda əzbərdi. Yeri gəlmişkən, yayın ortasında Gəncə çölündə şeiri Aslanla bərabər böyük müğənnimiz Rəşid Behbudovun oxusunda dünyaya səs salmışdı.
Aslan təhsilin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. Görkəmli alim idi. Ensiklopedik biliyə, geniş erudisiyaya, güclü məntiqə, dərin müşahidə qabiliyyətinə malik alim. Onun bizlə və əmanət qoyduğu əsərlər hazırda da öz yüksək qiymətini saxlamaqdadır.
Ölüm haqdı, alın yazısıdı, qaçılmazdı, bir gün gələn, bir gün dünyadan köçəndi. Əzizim, qardaşım Aslanın qəbri nurla dolsun. Ruhu şad olsun.
Teymur Bünyadov Mehriban Məmmədzadə
akademik