Kasıb və imkansız tələbələrin “ata”sı idi

Mən o xoşbəxtlərdənəm ki, Aslan müəllim insitutda rektor olan dövrdə
oxumuşam. Aslan müəllim dərs oxuyan, nizam-intizama riayət edən, kasıb və
imkansız tələbələrin "ata”sı idi. Tələbələri otağına çağırıb, maraqlanardı ki, valideynləri
varmı, atası harada işləyir, ailədə neçə uşaqdırlar?
Bir sözlə hər şeylə maraqlanardı. İmkansızlara kömək edərdi. Hətta imkansız tələbələrə ya insitut daxılındə, ya da kənarda işləməyə şərait yaradardı. Tələbəyə aşağı qiymət yazan müəllimlərə qarşı çox sərt olardı. Təqaüd alsınlar deyə müəllimlərə tapşırırdı ki, tələbələrə yüksək qiymət yazsınlar. Həmişə deyərdi ki, uşarqlara bütün fənləri öyrədin, amma əsas ixtisas fənlərinə fikir verin, çünki mən aktyor hazırlayıram, filosof, tarixçi, ədəbiyyatçı yox.Tez-tez insitutun yeməkxanansına gələrdi və təmizliklə, yeməklərin keyfiyyətin ilə, qiymətləri ilə maraqlanıb, tələbələrin təklif və istəklərinə qulaq asardı.
O məni çox istəyirdi, bunu bütün insitut bilirdi və mənə Qazıməmmədli balası deyərdi. O vaxt SSRİ məkanından tez-tez onun alim dostları qonaq gələrdi. Hər dəfə də onlar üçün Aslan məllimin kabinetində tələbələrin ifasında kiçik konsert təşkil olunardı. Həmişə Aslan müəllim mənə deyərdi : - " Ə, Qazıməmmədli balası, səsinlə mənim qonaqlarımı təccübləndir.” Mənim səsim bas bariton idi. Hər dəfə oxuyandan sonra da dostları ona diyirdi ki, bu konservatoriyada oxuyub, operaya getmələdir. Elə də oldu, insitutu bitirdikdən sonra hərbi xidmətimi başa vurub Vətənə qayıdanda Aslan müəllim mənim təyinatımı operaya verdirdi.
Aslan müəllimlə bağlı xatirələrimiz çoxdur. O dəfələrlə mənə və tələbə dostlarıma maddi köməklik göstərib. Hər yay tələbələri Azərbaycan ərazisindəki sanatoriyalara göndərirdi. Şəxsən mən Aslan müəllimin göstərişi ilə təzyiqdən müalicə üçün 3 il Mərdəkandakı” Günəşli” sanatoriyasına göndərilmişəm.
Aslan müəllim haqqında çox danışmaq olar, amma qısaca desək :
Böyük İnsan, böyük şəxsiyyət, akademik, şair, mahir tar ifaçısı-Aslan Məmməd oğlu Aslanov.
Allah rəhmət eləsin! Əzizov Əzizağa
Azərbaycan aktyoru, əməkdar artist