İNSANIN ÇƏKDİYİ ZƏHMƏT MÜTLƏQ ÖZ BƏHRƏSİNİ VERİR

-Cənab səfir, Azərbaycan Respublikasının Qars şəhərində, sonradan İstanbul şəhərində Baş konsulu vəzifəsində çalışmısınız. Qardaş ölkədə diplomatik fəaliyyətiniz dövründə Azərbaycanla Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi yönündə göstərdiyiniz fəaliyyət təqdirəlayiqdir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2015-ci il tarixli sərəncamı ilə ölkəmizin Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmusunuz. Azərbaycan Respublikası ilə Türkmənistan arasında əlaqələrin indiki durumu və gələcək perspektivləri barədə, ölkəmizin Türkmənistandakı Səfirliyinin bu istiqamətdə gördüyü tədbirlər haqda fikirlərinizi bilmək istərdik.
-Azərbaycan Respublikası ilə Türkmənistanı yaxın edən bir çox amillər mövcuddur. Bu amillərin sırasında coğrafi yaxınlıq və xalqlarımızın eyni etnik kökə mənsub olmasını, eləcə də ortaq dini və mədəni dəyərləri bölüşməsini qeyd etmək olar. Sadalananlar əlaqələrimizin genişləndirilməsinə əlverişli zəmin yaratmışdır.
Hazırda, ticarət, nəqliyyat, enerji, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün tədbirlər davam etdirilir. Bildiyiniz kimi, Qədim İpək Yolunun üzərində yerləşən hər iki ölkədən transkontinental enerji və nəqliyyat dəhlizləri keçir. Həmin dəhlizlər Asiyanı Avropa ilə birləşdirən ən qısa və iqtisadi baxımdan səmərəli marşrut hesab olunurlar. Qeyd edək ki, son dövrdə iki ölkə arasında və ümumiyyətlə regionda nəqliyyat sahəsində tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində müəyyən addımlar atılmışdır. 29 fevral 2016-cı ildə Türkmənbaşı şəhərində Azərbaycan, Qazaxıstan, İran, Gürcüstan və Türkmənistanın dəmir yolu təşkilatları rəhbərlərinin toplantısı keçirilmiş və əməkdaşlığa dair protokol imzalanmışdır. Digər mühüm tədbir kimi, 1 sentyabr 2016-cı ildə Azərbaycan, Türkiyə və Türkmənistanın nəqliyyat qurumları rəhbərlərinin Aşqabad şəhərində keçirilmiş ilk üç tərəfli görüşünü göstərmək olar. Bu görüşün nəticəsi üzrə də müvafiq bəyanat imzalanmışdır. Qeyd olunan görüşlərdə əldə olunmuş razılaşmaların icrası məqsədilə əlaqədar təşkilatlar tərəfindən zəruri addımlar atılmaqdadır. Eyni zamanda, yaxın perspektivdə Əfqanıstan - Türkmənistan - Azərbaycan – Gürcüstan - Türkiyə nəqliyyat və ticarət dəhlizinin işə düşməsi gözlənilir. Sözügedən dəhlizlə bağlı iştirakçı tərəflər arasında artıq razılıq mövcuddur və yaxın zamanda hökumətlərarası sazişin imzalanması nəzərdə tutulmuşdur. Həmçinin, Ələt və Türkmənbaşı şəhərlərində müasir dəniz limanlarının tikintisinin davam etməsi və digər infrastruktura layihələri Şərq-Qərb istiqamətində yük daşımalarının əhəmiyyətli bir hissəsinin Azərbaycan və Türkmənistan vasitəsilə daşınmasına şərait yaradacaqdır.
Qeyd etmək istərdim ki, əlaqələrin inkişaf etdirilməsində Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya mühüm yer tutur. Ticarət-iqtisadi, informasiya-kommunikasiya texnologiyaları, sənaye, kənd təsərrüfatı, turizm, humanitar və digər sahələrdə əməkdaşlıq, o cümlədən iş adamları arasında təmasların qurulması və qarşılıqlı sərmayə qoyuluşu məsələlərində Komissiyanın rolu böyükdür.
Bir məqama toxunmaq istərdim ki, dövlətlər arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi, istər sadə vətəndaşlar, istərsə də işgüzar dairələr arasında sıx təmasların qurulmasında sadələşdirilmiş viza rejimi və birbaşa hava reysinin mövcudluğu önəmli amillərdən hesab olunur. Biz indiyədək bu istiqamətdə də zəruri tədbirlər görmüşük və tədbirlərimiz davam edir. Son bir ildə ölkəmizə səfər edən Türkmənistan vətəndaşları, eləcə də digər xarici vətəndaşlar üçün Səfirlikdə vizaların rəsmiləşdirilməsi işi xeyli sadələşdirilmişdir. Müraciət edən vətəndaşlara Səfirlikdə rahat şərait yaradılmışdır. Onlar müvafiq sənədləri təqdim etməklə qısa zamanda vizalarını əldə edə bilərlər. Həmçinin, digər konsulluq-hüquq məsələləri ilə bağlı müraciətlərə operativ şəkildə baxılaraq həll edilir. Eyni zamanda, bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış "Asan viza” sistemi xarici vətəndaşların rahat və qısa zamanda, evlərində oturmaqla viza əldə etmələrinə şərait yaratmışdır.
İki ölkə arasında birbaşa hava reysinin fəaliyyət göstərməsi də vacib şərtlərdən hesab olunur. Qeyd etməliyəm ki, hazırda mövcud olan hava reysini o qədər də qənaətbəxş hesab etmək olmaz. Belə ki, uçuş biletinin onun real dəyərindən qat-qat baha satılması və satış şərtlərinin ağırlığı səbəbindən çox az sayda insan təyyarə ilə səfər edir. Türkmənistandan Azərbaycana səfər edənlərin əksəriyyətini soydaşlarımız təşkil etdiyindən, bundan daha çox onlar əziyyət çəkir və beləliklə, bərə vasitəsilə vətənimizə səfər etmək məcburiyyətində qalırlar. Bununla əlaqədar, hava uçuşlarının Azərbaycanın, yaxud Türkmənistanın milli aviaşirkətləri vasitəsilə təşkili həm bilet qiymətlərinin münasibliyi, həm də rahatlıq baxımından daha məqsədəuyğun olardı. Biz bu istiqamətdə də fəaliyyətimizi davam etdiririk və ümidvarıq ki, yaxın gələcəkdə sərnişin daşınması məhz milli aviaşirkətlər vasitəsilə həyata keçiriləcəkdir.
Ölkələr arasında əlaqələrin inkişafında dövlət başçılarının görüşü müstəsna əhəmiyyətə malikdir. Bunu nəzərə alaraq, Azərbaycan və Türkmənistan dövlət başçılarının görüşünün təşkili üçün müvafiq təmas və məsləhətləşmələr davam etməkdədir. Bu görüşün əlaqələrin inkişafına güclü təkan verəcəyinə əmin olduğumu bildirmək istərdim.
Qeyd olunanlardan savayı, 5 Xəzəryanı ölkə arasında əməkdaşlıq formatı mövcuddur. İndiyədək, Xəzər dənizində ətraf mühitin və bioloji resursların qorunması, hidrometeorologiya, təhlükəsizlik sahələrində əməkdaşlıq haqqında sazişlər imzalanmışdır və həmin hüquqi sənədlər çərçivəsində əməkdaşlıq edilir. Bununla yanaşı, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə xarici işlər nazirlərinin müavinləri səviyyəsində yaradılmış xüsusi işçi qrup öz işini davam etdirir, qrupun müntəzəm şəkildə görüşləri keçirilir və yaxın gələcəkdə bu məsələ üzrə də razılığın əldə olunacağına ümidlər böyükdür.
Ölkələrimiz arasında beynəlxalq səviyyədə də uğurlu əməkdaşlıq edilir. BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində tərəflər arasında qarşılıqlı anlaşma və dəstək mövcuddur.
Gördüyünüz kimi, hazırda əməkdaşlığın gündəliyində xeyli məsələ vardır. Səfirliyimiz, əlaqədar qurumlarla birlikdə Azərbaycan Respublikası ilə Türkmənistan arasında mövcud əməkdaşlığın inkişafı istiqamətində səylərini davam etdirir. Beləliklə, Türkmənistanla əlaqələrin inkişafı etdirilməsi Azərbaycan Respublikasının xarici siyasət vektorunun mühüm istiqamətlərindən birini təşkil etməkdədir.
Fürsətdən istifadə edərək 12 fevralda Türkmənistanda keçirilmiş prezident seçkilərinə toxunmaq istərdim. Türkmən xalqı öz seçimini etdi və cənab Qurbanqulu Berdiməhəmmədov yenidən Türkmənistanın prezidenti seçildi. Onu ilk təbrik edənlərdən biri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmuş, cənab Prezident ən xoş arzularını Türkmənistanın lideri və xalqına çatdırmışdır. Bu seçkiləri izləmək üçün Türkmənistana səfər edən beynəlxalq müşahidəçilər sırasında Azərbaycanın millət vəkili Rüstəm Xəlilov da olmuşdur.
-Həsən müəllim, bəllidir ki, Türkmənistan da dost və qardaş ölkələrdən biridir. Etnik-mədəni yaxınlığımızı da nəzərə alsaq, ermənilərin antitürk siyasətinə, o cümlədən "Dağlıq Qarabağ problemi”nə münasibət necədir?
Bildiyiniz kimi, Türkmənistan müstəqilliyinin ilk illərində özünü bitərəf ölkə elan etmiş və bu məsələ müvafiq BMT qətnamələrində öz əksini tapmışdır. Bu səbəbdən, Türkmənistan beynəlxalq məsələlərdə əsasən bitərəflik statusunu rəhbər tutaraq iştirak edir. Eyni zamanda qeyd etməliyəm ki, Türkmənistan Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır.
-Türkmənistanla ölkəmiz arasında hansısa elmi-mədəni tərəfdaşlıq layihələri həyata keçirilirmi?
-Yuxarıda sadaladığım sahələrlə yanaşı, ölkələrimiz arasında elm, mədəniyyət və humanitar sahələrdə də əməkdaşlıq edilir. Hər iki ölkənin ali məktəbləri və elmlər akademiyaları arasında işgüzar təmaslar mövcuddur. 2016-cı ildə ölkəmizdə keçirilən müxtəlif mədəni-humanitar tədbirlərdə, o cümlədən Bakı Humanitar Forumu, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, IV Bakı Beynəlxalq Teatr Konfransı və digər beynəlxalq tədbirlərdə Türkmənistan nümayəndələri yaxından iştirak etmişlər. Yeri gəlmişkən qeyd edim ki, yaxın keçmişdə böyük türkmən şairi Məhtimqulu Fəraqinin nadir əlyazması Azərbaycan Respublikasında tapılmış, bu əlyazma Türkmən mütəxəssisləri ilə birlikdə və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəylinin elmi redaktəsi ilə azərbaycan, türkmən və ərəb dillərində nəfis şəkildə nəşr olunmuşdur. 2016-cı ilin aprel ayında Bakıda kitabın təqdimatı keçirilmiş və bu mərasimdə Türkmənistan Elmlər Akademiyasının prezidenti iştirak etmişdir. Bu hadisəni eyni mədəni dəyərləri bölüşən Azərbaycan və Türkmən xalqları arasında əlaqələrin inkişafının təzahürü kimi səciyyələndirmək olar.
Eyni zamanda, ölkəmizin nümayəndələri Türkmənistanda keçirilən müxtəlif mədəni tədbirlərdə iştirak edirlər.
Vurğulamaq istərdim ki, iki dövlət arasında əməkdaşlığın inkişaf etdirilməsi, xüsusən bu ölkələrin xalqlarını bir-birinə tanıtmaq, onları daha da yaxın etmək məsələlərində mədəniyyət günlərinin təşkilinin əhəmiyyəti böyükdür. Bu xüsusda, ölkəmizin Türkmənistanda mədəniyyət günlərinin təşkili istiqamətində müvafiq tədbirləri həyata keçiririk. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə danışıqlarımız davam edir və əminik ki, 2017-ci ildə Azərbaycanın Türkmənistanda mədəniyyət günlərinin keçirilməsinə nail olacağıq.
-Azərbaycanın bir sıra nüfuzlu təhsil mərkəzləri ilə Türkmənistan universitetləri arasında tələbə mübadiləsi həyata keçirilir. Azərbaycanlı gənc tələbələrin hansısa müəyyən problemləri həll olunurmu?
-Bildirim ki, əsasən Türkmənistanlı tələblərin Azərbaycanın ali məktəblərində təhsil alma halları mövcuddur. Türkmənistanlı tələbələrə Azərbaycana səfər üçün vaxtı-vaxtında vizanın rəsmiləşdirilməsi, onlara ölkəmizlə bağlı faydalı məlumat və tövsiyələrin verilməsi işi Səfirlik tərəfindən təşkil olunmuşdur. Eyni zamanda, Azərbaycanın ali məktəblərinə dair, ölkəmizin təhsil imkanları barədə məlumatlar vaxtaşırı olaraq Türkmənistanın ali təhsil qurumları arasında yayılır, bu istiqamətdə müvafiq təbliğat işləri aparılır.
-Həsən müəllim, fəaliyyətinizlə bağlı bütün yazıları araşdırmışıq, ölkəmizin müxtəlif media orqanları sizin haqqınızda yüksək fikirdədirlər. Bu baxımdan adı qalma-qallarda tez-tez hallanan bəzi məmurlar haqqında nə deyə bilərsiz?
-Mənə belə gəlir ki, hər bir dövlət məmuru tutduğu vəzifədən asılı olmayaraq ancaq öz işi ilə məşğul olmalı, işinin qayəsini yalnız vətənə xidmət təşkil etməli və üzərinə düşən məsuliyyətin yükünü anlamalıdır. Qeyd etdiklərim yüksək vəzifə tutan məmurlara daha çox aiddir. Fikrimcə, belə olarsa əlavə söz-söhbətlərə də yer qalmaz.
-Həsən müəllim, həyat yolunuza nəzər saldıqda çox sadə bir ailədən gəldiyinizi və ilk işinizin də hətta fəhlə olduğunu görürük. Hal-hazırda ruh düşkünlü yaşayan gənclərimizə nələri tövsiyyə edərdiniz?
-Tövsiyəm odur ki, zəhmətdən çəkinməsinlər və vaxtlarını səmərəli şəkildə istifadə etsinlər. Çünki, insanın gənc yaşlarında qazandığı bilik və savad ona bütün həyatı boyu lazım olur. Buna görə də vaxtlarını mənasız işlərə sərf etməmələrini, öz üzərlərində daim çalışmalarını, bilik və savad qazanmalarını arzu edirəm. Belə olarsa, onlar cəmiyyətdə layiq olduqları mövqeni tutacaqlar. Əminliklə söyləyirəm ki, insanın çəkdiyi zəhmət mütləq öz bəhrəsini verir.
Mehriban Məmmədzadə
.