ETİK-ESTETİK ÇALARLI MEHRİBANLIQ

1976-cı ilin orta məktəb məzunlarından biri kimi Bakıya üz tutmuşdum. Arzularımın qanadında, istəyimin şirin xəyallarında ovaxtkı M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun qapısını döymüşdüm, bir az qorxa-qorxa, bir az sıxıla-sıxıla… Bax onda həyatımın ən ağır zərbələrindən birini aldım. İstedad və bacarığım Dram və kino aktyorluğu şöbəsinin qabliyyət imtahanında qeyri müvəffəq qiymətləndirilmişdi. Rayona qayıtmağa üzüm yox idi. Bakıda qaldım. Tikintidə işə girdim. Həm işləyir, həm də instituta qəbul olmaq üçün yenidən ciddi surətdə hazırlaşırdım.
Bu ərəfədə eşitdim ki, İncəsənət İnstitutunda ciddi kadr dəyişikliyi baş verib və tanınmış elm adamı, filosof Aslan Aslanov rektor təyin edilib. İndiki Xətai mədəniyyət sarayında fəaliyyət göstərən və mənim də üzv olduğum xalq teatrının rəhbəri rejissor Məmmədkamal Kazımovdan öyrəndim ki, bu adam məşhur "Lalələr” mahnısının sözlərinin müəllifidir. Aha, bu bir az ümidimi artırdı. Deməli şair təbiətlidir…
Əlqərəz qabliyyət imtahanından kifayət qədər müvəffəq qiymət aldım. Bax bu məqamda Aslan müəllimin bir rektor kimi atdığı məntiqli bir addımın xeyrini gördüm. O tapşırıq vermişdi ki, qabliyyətdən müvəffəq qiymət alanlara digər imtahanlarda müəyyən dərəcədə mehribanlıq göstərılsın.
Mən bu mehribanlığı sonralar öz taleyimdə dəfələrlə hiss elədim. Təhsil aldığım 1977\81-ci illərdə də, 1984-cü ilin payızında İnstitutun Tədris teatrına aktyor kimi qəbul ediləndə də…
Rayondan gələn gənclərin əksəriyyəti kimi mən də tələbəlik illərində İnstitutumuzun Yasamalıdakı yataqxanasında yaşayırdım. Yaxşı yadımdadır V mərtəbə 83 saylı otaqda. Aslan müəllim bizim yaşayışımızla şəxsən özü maraqlanar, vaxt tapan kimi yataqxanaya gələr və hətta otaqları bir-bir gəzər, tələbələrlə çox mehriban söhbət edərdi. Özü də bu gəlişlərdən heç kəs qabaqcadan xəbər tutmazdı, yəni bu əvvəlcədəz hazırlanmayan, qəfil gəlişlər olardı. Biz belə qeyri rəsmi görüşlər zamanı ona az qala dogma adam kimi hər bir dərdimizi danışir, bu və ya digər problemlərimiz haqqında məlumat vermək imkanı qazanırdıq. Etiraf edim ki, Aslan müəllim də, ən azından bir böyük kimi bizim problemlərimizə yuxarıda qeyd elədiyim özünəməxsus bir mehribanlıqla yanaşardı. Özü də onun bu münasibətində qəribə bir etik-estetik çalarlarin mövcudluğunu sezmək çətin deyildi. Təsadüfi deyil ki, "Ölkənin ən möhtəşəm alı təhsil ocağı olan universitetin fəlsəfə kafedrasında müəllim kimi pedaqoji fəaliyyətə başlayanda belə bir ideya inamını əsas götürdü: gənclərdə, habelə müxtəlif nəsildən olan insanlarda etik-estetik mədəniyyətin inkişafı problemi xüsusi tədqiqat obyektinə çevrilməlidir.” (Pedaqogika üzrə elmlər doktoru, professor Vidadi Xəlilov. "Görkəmli alim,pedaqoq, şair” məqaləsi. Xalq qəzeti, 24 iyul 2016-cı il)
Bu məqamda mənim diqqətimi çəkən bir məsələni qeyd etmək istərdim. Hamının bildiyi kimi, Aslan müəllim bədii yaradıcılıqla məşqul olur, şeir yazırdı. Mən nə tələbə olanda, nə də onun rektor olduğu vaxtlarda institutda işlərkən rast gəlmədim ki, istər tələbələr, istərsə də institutda dərs deyən teatr və kino aktyorları, ya da elə bədii qiraətlə məşqul olan müəllimlərdən kim isə onun yazdığı şerlərə müraciət eləsin. Mən bunu boyuk ürəkli alimin, əzəmətli bir pedaqoqun təvazökarlığına söykənən yaradıcı adamların mehriban, səmimi münasibətinin nəticəsi hesab edirəm. Özü də Aslan müəllimin kifayət qədər uğurlu bədii qiraət nümunəsi ola biləcək şeirləri var idi. Bunun üçün onun poeziya yaradıcılığının nümunəsi olan "Səni düşünürəm” (Baki, 1958), "Qızlar və bənövşələr” (Bakı,1961) və "Nəğməli günlərim” (Bakı,1985) kitablarına müraciət etmək kifayət idi.
Mənim xatirəmdə Aslan müəllim mehriban, həlim xasiyyəti ilə yanaşı eyni zamanda ciddi, bəzən barışmaz, hətta bir az da sərt, günahkarı cəzalandırmaqdan çəkinməyən, hər kəsə qarşı obyektiv və prinsipial münasibət bəsləyən bir rəhbər kimi qalıb. Qoy Uca Tanrı onun qəbrini nurla doldursun.
Azad Şükür
Respublikanın əməkdar artisti, dosent.
Mehriban Məmmədzadə