“Az qala dizlərim tutulacaqdı…

"Az qala dizlərim tutulacaqdı…”
Onun hətta müəllim adından da uca vəzifəsi var idi … insanlıq
Sokrat yazıbmış ki, müəllim adından, vəzifəsindən yüksək olan bircə vəzifə var: insanlıq. Çünki kamil insanlar bizə bəzən peşəkar müəllimdən də üstün yol göstərə bilirlər. Mən ilk dəfə 1977-ci ilin yayında görüşüb salamlaşdığım, oxuduğum Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rektoru olmuş, sonralar - Dövlət Radiosunda çalışdığım illərdə bir neçə dəfə müəyyən məsələlərə münasibətini öyrənmək məqsədilə görüşdüyüm professor Aslan Aslanovun hər iki vəzifənin - müəllimliyin də, insanlığın da öhdəsindən məharətlə, ustalıqla gəldiyinin canlı şahidiyəm.
Onun müxtəlif illərdə çalışdığı Azərbaycan Dövlət Universitetinin Es-tetika və etika kafedrasının müdiri, Azərbaycan Dövlət İncəsənət Universitetinin rektoru, Azərbaycan Elmlər Akademiyasının vitse-pezidenti, akademiyanın Fəlsəfə və Hüquq İnstitutunun direktoru vəzifələri nə qədər məsul olsa da, nə qədər təm-təraqlı səslənsə də, müəllimliyi və insanlığı daha üstün qiymətləndirirdi. Özü həmin vəzifələrini üstün tutduğuna görə xalq da onun həmin keyfiyyətlərinə daha çox önəm verirdi.
…O zamankı Azərbaycan Dövlət Universitetinə iki dəfə imtahan versəm də, tələbə adını qazana bilməmişdim. Buna baxmayaraq, 1977-ci ildə növbəti dəfə sənədlərimi həmin ali məktəbin Filologiya fakültəsinə verdim. İşdən gələndən sonra günümün böyük hissəsi kirayə qaldığımız kiçik otağın kitablar qalaqlanmış küncündə keçirdi. Bir gün universitetin Tarix fakültəsində oxuyan əmim oğlu Qabil Qaçayev hələ iş günü başa çatmamış bir az sevincli, bir az da həyəcanlı şəkildə "evə” qayıtdı və mənə dedi ki, get universitetdən sənədlərini geri götür. Soruşdum ki, nə məsələdir? Dedi, Heydər Əliyev bizim universitetin "partkomunu” İncəsənət İnstitutuna rektor göndərdi. Aslan müəllim olduqca ədalətli və obyektiv adamdır. Orada qəbul imtahanlarının Mərkəzi Komitə işçilərinin nəzarəti altında keçiriləcəyini söyləyirlər.
Xatırladım ki, məni Qutqaşendən (indi Qəbələdir) Bakıya Qabil əmioğlu gətirmiş və atamı inandırmışdı ki, İttifaq mütləq imtahan verib ali məktəbə qəbul oluna bilər. İki dəfə onun sözünü doğrulda bilmədiyimə görə çox narahat idi. Ona görə də israr etdi ki, mütləq sənədlərimi universitetdən götürüb İncəsənət İnstitutuna verim. Sən demə elə bir qayda var imiş və əmioğlunun dediyini elədim.
İncəsənət İnstitutunun o zamankı binasının darısqal həyətində ilk salamlaşdığım abituriyentlər sonradan qrup yoldaşımız olan İsgəndər Namazov (uzun illər paytaxtın böyük mədəniyyət ocaqlarından birinə rəhbərlik etmişdir) və indi Şirvanşahlar Sarayı Muzey Mərkəzində direktor müavini vəzifəsində çalışan Təranə Balayeva (Xalq artisti Rasim Balayevin bacısıdır) oldu. Sənədlərimizi qəbul komissiyasına verəndə yaşı o qədər çox olmasa da, saçı xeyli ağarmış, üz - gözündən müəllimlik yağan bir nəfər abituriyentlərə və valideynlərə yaxınlaşdı, salamlaşandan sonra bir neçə adama sual verdi ki, vəziyyət necədir, nə probleminiz var? Sonra komissiya üzvlərinə də bəzi tapşırıqlar verdi.
İsgəndərdən soruşdum ki, bu kimdir?
-Yeni rektorumuz.
-Necə yəni, rektorumuz, məgər biz tələbəyik ki? - deyə soruşdum.
-Əgər Mərkəzi Komitə onu bu instituta rector göndəribsə, deməli, biz tələbə olacağıq, - deyə İsgəndər qeyri-adi bir əminlik ifadə etdi.
Təranə isə - Aslan müəllim, sizinlə şəkil çəkdirmək olar? - deyə rektordan soruşdu və bizi də göstərdi ki, yəni abituriyentlərin arzusudur. Az qala dizlərim tutulacaqdı. Kənddən cəmi iki il qabaq gəlmiş, üç-dörd il kolxozda işləmiş bir adam hələ qəbul oluna bilmədiyi institutun rektoru ilə şəkil çəkdirəcəkdi. Aslan müəllim gülümsündü və elə bildim ki, bu təbəssümlə də bizi başından edəcək. Açığı, razı olmayacağına sevindim. Ancaq sevincim uzun çəkmədi. Rektor maraqla soruşdu ki, indi bu dar-macalda foto aparatı haradan alacaqsınız? Təranə abituriyentlərdən kimisə göstərib dedi ki, onda var. " nda tez olun”, - deyə rektor bizi tələsdirdi. Beləliklə, biz rektorla şəkil çəkdirən abituriyent, həmin "fotoqraf” isə hələ qəbul olunmadığı institutun rektorunun fotosunu çəkən abituriyent kimi tarixçə yaratdıq.
…Qəbul imtahanlarında şahidi olduğum faktlar həm Qabil əmioğlunun, həm də İsgəndərin proqnozlarını doğruldurdu. Biz mədəni-maarif fakültəsinə imtahan verirdik. Həm ədəbiyyat, həm də tarix imtahanlarını Azərbaycan Dövlət Universitetlərinin müəllimləri götürürdülər. Mən o müəllimlərə universitetdə imtahan vermişdim. İncəsənət və mədəni-maariflə bağlı olan imtahanları da institutun öz müəllimləri deyil, bilavasitə mədəniyyət sahəsində çalışan adamlar götürürdülər. Yəni qəbul imtahanlarının astanasında instituta rektor göndərilən Aslan Aslanov sözün həqiqi mənasında qəbul prosesində bir inqilab eləmişdi və biz o inqilabın nəticəsində … tələbə adını qazandıq.
…Dərslər başlanandan sonra qrup yoldaşlarımızla tanışlığın sonrakı günü Təranə Balayeva yeni rektorla bizim şəkillərimizi qoydu stolun üstünə. Uşaqlar mat qaldılar. Hamı bizə həsədlə baxırdı. Fənn müəllimlərimizin adlarını öyrənəndə də məlum oldu ki, Aslan müəllimin ürəyində Azərbaycan Dövlət Universitetinin professor-müəllim heyətinə nə qədər hörmət və ehtiram var. Çünki əksər mühazirələri məhz universitetin müəllimləri oxuyurdu. Onun özünün estetika fənnindən söylədiyi mühazirələr, xüsusən, Aristotelin "Poetika” əsəri ətrafındakı söhbətləri yüz il bundan sonra da yadımdan çıxmaz.
Sonralar – Akademiyada çalışdığı illərdə onunla jurnalist kimi bir neçə dəfə görüşmüşdüm. Görüşlərimizin hər birində (mən mədəni-maarif fakültəsini bitirsəm də, bir gün də olsa, həmin ixtisasla işləməmişəm) həmin faktları xatırladırdım. Həmişə də deyirdi ki, biz müəllimin qarşısında duran vəzifələri yerinə yetirmişik, başqa heç nə etməmişik. Halbuki, o, çox böyük işlər görmüşdü. Onun təhsil təşkilatçılığı və elmi yaradıcılığı ayrıca bir məktəb idi və həmin mövzu alimlərimiz tərəfindən daim yüksək səviyyədə qiymətləndirilib. Təbii ki, yenə də qiymətləndiriləcək.
Bir dəfə professor Əsədulla Qurbanov (o da Aslan Aslanovun dəvəti ilə universitetdən gəlib İncəsənət İnstitutunda mühazirələr oxuyurdu) dedi ki, Aslan müəllimin yazdığı "Lalələr” şeiri ( məşhur mahnının mətni) adi təbiət lövhəsi deyil. Həmin şeir 1918-ci ildə Azərbaycanı xilas etmək üçün gələn qırmızı papaqlı, yaşıl geyimli Türk əsgərlərinə həsr olunub. "Nə vaxtdır Bakının gözü yoldadır…” məhz həmin qardaş gözləntisinin ifadəsi idi. Əsədulla müəllim bunları danışsa da, biz, yəni tələbələr inanmamışdıq. Aradan on illər keçəndən sonra Türkiyə mətbuatında bu barədə dəfələrlə yazılandan sonra… inandıq. Allah rəhmət eləsin!
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist