Görkəmli alim, xeyirxah insan

{title


 1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun konkret sosioloji tədqiqatlar şöbəsinin əyani aspiranturasına qəbul olmuşam. Əyani aspirantura müddətim qurtardıqdan sonra da həmin şöbədə kiçik elmi işçi kimi çalışmışam. Həmin vaxtlardan professor Aslan Aslanovu tanıyırdım. Aslan Aslanov hələ o vaxtlar Azərbaycanda tanınmış alim idi. Sonra tale elə gətirdi ki, mən, dekabr 1978 – iyul 1980-ci il müddətində Sverdlovsk (indiki Yekaterinburq) şəhərində SSRİ Elmlər Akademiyasının Ural Elmi Mərkəzinin "Sosiologiya” şöbəsində o vaxt Sovet İttifaqında tanınmış filosof, sosioloq, professor Lev Naumoviç Koqanın rəhbərlik etdiyi şöbədə təkmilləşmədə oldum. Sverdlovskda olarkən L.N.Koqanın vasitəsilə o vaxtlar Sovet İttifaqında fəlsəfə və sosiologiya sahəsində tanınmış bir çox alimlərlə tanış oldum. Tanış olduğum həmin alimlərdən biri də o vaxtlar estetika sahəsində çox tanınmış filosof f.e.d., professor Moisey Salamonoviç Kaqan idi. M.S.Kaqan mənim Bakıdan olduğumu bilən kimi professor Aslan Aslanovu tanıyıb-tanımadığımı soruşdu və onunla yaxın dost olduğunu mənə bildirdi. Sonra M.S.Kaqan üzünü Lev Naumoviçə tutaraq A.Aslanovun həm yaxşı alim, həm də səmimi və xeyirxah insan olduğunu vurğulayaraq Moskvada bir neçə elmi konfransda birlikdə olduqları vaxtlarda Aslan müəllimin xeyirxahlığı haqqında maraqlı hadisələr danışdı. Bundan sonra Moisey Salamonoviç özünün yeni çapdan çıxmış kitabını mənə verdi ki, Bakıya gedəndə Aslan müəllimə çatdırım. Doğrusu uzaq Uralda SSRİ-də M.S.Kaqan kimi tanınmış bir alimin Aslan müəllim haqda belə xoş sözlər deməsi, onunla dostluq etməsi məni çox qürurlandırdı. Bu hadisədən sonra Aslan müəllimə mənim rəğbət və ehtiramım daha çoxaldı. Bakıya gələndən sonra mən, bu hadisəni dost-tanışlarıma danışdım. Təbii ki, Mən Bakıya qayıdan kimi M.S.Kaqanın Aslan müəllimə hədiyyə kimi göndərdiyi kitabı ona verdim və Aslan müəllim haqqında dedikləri xoş sözləri də ona danışdım. Bu hadisədən sonra Aslan müəllimlə aramızda daha isti münasibətlər yarandı. Buna görə də, Aslan müəllim indiyə kimi mənim xatirimdə mehriban, səmimi və qayğıkeş bir alim kimi qalmaqdadır.                                                                                                        AMEA-nın Fəlsəfə İnstitutunun "Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Sakit Hüseynov
 
 Mehriban M.