“Dağıstan bizim üçün Rusiya regionları arasında ən əziz diyardır”

{title

Azərbaycanın çoxplanlı dövlətlərarası münasibətlərində Dağıstanla əməkdaşlıq xüsusi yer tutur.

42-CiParalel.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

 

Dövlətimizin başçısı qeyd edib: "Hörmətli Ramazan Hacımuradoviç! Bu il Siz yubileyinizi qeyd etmisiniz. Azərbaycan xalqı adından bu əlamətdar tarix münasibətilə Sizi təbrik etmək istəyirəm. Azərbaycan Sizi təcrübəli, müdrik siyasətçi kimi, gözəl Dağıstanın rəhbəri kimi, Dağıstan və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün çox işlər görən insan kimi çox yüksək qiymətləndirir. Yubileyiniz münasibətilə və qardaşlıq əlaqələrimizin möhkəmləndirilməsi işində böyük xidmətlərinizi nəzərə alaraq, Siz Azərbaycanın ali ordeni - "Dostluq" ordeni ilə təltif olunursunuz”.

 

İlham Əliyev bildirib ki, Azərbaycanda Ramazan Abdulatipovu xeyirxah və yaxşı dost kimi tanıyırlar:

"Azərbaycanda Sizi bizim xeyirxah və yaxşı dostumuz kimi tanıyırlar. Siz Azərbaycanda tez-tez olursunuz. Azərbaycanı və Azərbaycan xalqını yaxşı tanıyırsınız və münasibətlərimizin möhkəmləndirilməsi üçün çox işlər görürsünüz. Mən bilirəm və görürəm ki, Siz Azərbaycanla Dağıstan arasında tarixi əlaqələrin inkişafının və möhkəmləndirilməsinin səmimi və qəti tərəfdarısınız.

Azərbaycan xalqı Sizə həm də bizim görkəmli şəxsiyyətlərimizin xatirəsinə göstərdiyiniz münasibətə görə çox minnətdardır. Sizin təşəbbüsünüzlə Dağıstandakı küçələrin biri bizim dahi lider Heydər Əliyevin adını daşıyır. Həmçinin sizin təşəbbüsünüzlə bir qədər əvvəl Mahaçqalada Böyük Vətən müharibəsi illərində dağıstanlıları normal həyatla təmin etmək üçün böyük işlər görmüş Əziz Əliyevin abidəsinin açılışı olub. Biz hamımız gözəl bilirik ki, deportasiya olunma təhlükəsi var idi və dağıstanlıları səmimi sevən insan, bu sevgini həyatı boyu yaşadan insan kimi Əziz Əliyev o dövrün ağır repressiyalarının Dağıstanda kütləvi hal almaması üçün əlindən gələni edirdi. Mənim üçün bunun xüsusi mənası var, çünki mənim babam və atamın xatirəsi qardaş Dağıstanda əbədiləşdirilib. Gənc nəslin bu barədə bilməsi çox vacibdir. Sizin tərəfinizdən atılan bu addımlar həm onların xatirəsinə ehtiram əlamətidir, həm də gənclərin bizim ənənə və köklərimizi bilməsinə istiqamətləndirilib. Əlbəttə, yaşlı nəsil bunun hamısını gözəl bilir. Lakin biz Dağıstan və Azərbaycan gənclərinin bu qardaşlıq tellərinin möhkəmləndirilməsinə səy göstərməliyik.

 

Sizin rəhbərliyiniz altında Dağıstanın inkişafından çox məmnunuq. Respublikada genişmiqyaslı dəyişikliklər həyata keçirilir, sosial-iqtisadi inkişaf çox sürətlə gedir. Həmçinin Siz Dağıstanda millətlərarası anlaşmaya, təhlükəsizliyin möhkəmlənməsinə böyük diqqət ayırırsınız və bu bizim üçün çox vacibdir və Sizin uğurlarınız bizi sevindirir. Onu da bilirəm ki, Sizin respublika rəhbəri kimi fəaliyyətiniz Rusiya rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilir. Qonşu kimi biz də görürük ki, Sizin rəhbərliyiniz altında respublika Rusiya Federasiyasının regionları arasında qabaqcıl yerə çıxır”.

Prezident əlavə edib: "Əlbəttə, bizim münasibətlər - Dağıstanla Azərbaycan arasındakı münasibətlər Rusiya ilə Azərbaycan arasında sürətlə inkişaf edən və artıq çoxdandır strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dövlətlərarası əlaqələrin vacib faktorudur. İki gün əvvəl mən Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışdım. Bir daha fikir mübadiləsi apardıq və əlaqələrin inkişafından məmnunluğumuzu bildirdik. Rusiya Prezidenti son üç ildə üç dəfə Azərbaycanda olub. Bu, öz-özlüyündə bir göstəricidir.

 

Bizim müxtəlif sahələri əhatə edən və çoxplanlı dövlətlərarası münasibətlərimizdə Dağıstanla əməkdaşlıq həmişə xüsusi yer tutur. Bizim üçün Dağıstan Rusiyanın bütün regionları arasında ən yaxın, ən əziz diyardır. Mən bir daha Sizi yubiley münasibətiilə təbrik etmək, və Azərbaycan dövlətinin ali mükafatı – "Dostluq" ordenini şəxsən təqdim etmək istəyirəm”.