QARABAĞDA YAŞAMIŞ ERMƏNİLƏR BU GÜN DƏ İSTƏYİRLƏR Kİ, AZƏRBAYCANLILARLA BİRGƏ YAŞASINLAR

{title

Müsahibimiz Şuşa İcra Hakimiyyətinin

Başçısı, Qarabağ icmanın sədri Bayram Səfərovdur

 

- Bayram müəllim, Şuşa icra hakimiyyətinin başçısı kimi bu şəhərdən olan vətəndaşların problemlərinin həlli ilə bağlı nə kimi işlər görürsünüz?

Respublikamızda bu gün abadlıq, tikinti, quruculuq işləri yüksək sürətlə gedir. Təhsilə, mədəniyyətə və sənətə cənab prezidentimizin necə yüksək səviyyədə qayğı və diqqət göstərməsi göz önündədir. Biz də qanuna müvafiq olaraq üzərimizə düşən bütün vəzifələri can-başla yerinə yetirməyə çalışırıq.

- Şuşa işğal altındadır, işğal altında olan şəhərin icra hakimi kimi özünüzü necə hiss edirsiniz?

Çox pis, hər gün istəyirəm kı, doğma vətənimə qayıdım, Şuşamda olum və Şuşamda işləyim.

- Ölkədə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində kompleks tədbirlər görülür. Şuşa şəhərindən olan vətəndaşlarımız bunlardan hansı səviyyədə yararlanır?

Bütün rayonlardan olan məcburi köçkünlər və qaçqınlar üçün dövlət proqramı var. Həmin dövlət proqramına uyğun olaraq Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən qaçqın və məcburi köçkünlər mənzil ilə təmin olunurlar. Ümumiyyətlə, Dağlıq Qarabağın məcburi köçkün düşmüş əhalisinə göstərilən diqqət və qayğı həmişə Şuşa rayonunun əhalisini də əhatə edir. Biz dövlətimiz tərəfindən məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan çox razıyıq və buna görə də dövlətimizə, onu idarə edən hökumətə təşəkkürümüzü bildiririk. Ulu Öndər tərəfindən yaradılmış Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu gün qaçqın və məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılmasından tutmuş, kommunal xərclərinin ödənilməsinə, məktəb, bağça, kitabxana və tibb müəssisələrinə olan ehtiyaclarına qədər bütün tələbatlarını yüksək səviyyədə təmin edir. Bununla belə, hər ay müntəzəm olaraq eşidirik ki, məcburi köçkünlər üçün yeni iş yerləri açırlar. Belə tədbirlər eyni zamanda bütün məcburi köçkünlər kimi Şuşa əhalisini də əhatə edir.

- Siz həm də Dağlıq Qarabağ İcmasının rəhbərisiniz. Necə düşünürsünüz, münaqişənin həllinin uzanmasının səbəbi nədir?

Bilirsiniz, münaqişənin uzanmasının əsas səbəbkarı bu günki halda Ermənistan Respublikasının rəhbərliyidir. Onlar bilərəkdən münaqişənin həllini uzadırlar. Çünki hazırkı status-kvo Ermənistan tərəfini qane edir. Amma mən deyərdim ki, münaqişənin həllinə təsir göstərə bilən güclü dövlətlər də var. Onların da bu münaqişəyə təsir qüvvələri zəifdir. Mən bilirəm ki, ermənilərin də içində bizimlə dostluq şəraitində yaşamaq istəyən sadə adamlar var, lakin erməni hakimiyyəti bu istəklərə məhəl qoymur. Hər il yüz min Ermənistan əhalisi öz ölkəsini tərk edərək yaşamaq üçün başqa ölkələri seçirlər. Bunun səbəbi isə ondan ibarətdir ki, Ermənistanda əhalinin yaşayış səviyyəsi çox aşağıdır. Orada əhalinin yaşayış səviyyəsi Azərbaycanla müqayisə olunmaz dərəcədə aşağıdır, bunu həm statistika, həm də elə Ermənistan əhalisi və hökumətinin özü də təsdiqləyir. Nə Dağlıq Qarabağda, nə də Ermənistanda hökumətin göstərdiyi statistika qədər erməni yaşamır. Mən sizi inandırım ki, xain düşmənlərimiz hazırda çörək tapmırlar. Əslində, onların çoxu istəyir ki, azərbaycanlılarla birgə yaşasın. Bəli, orada da sadə ermənilər var. Məsələn, Qarabağda yaşamış ermənilər bu gün də istəyirlər ki, azərbaycanlılarla birgə yaşasınlar. Çünki, onlar həmişə biz tərəfdən yaxşılıqdan başqa heç nə görməyiblər. Onları müəyyən qüvvələr zorla yoldan çıxartdı, zəif nöqtələrindən istifadə etdilər. O zamanlar 1988-1992-ci illər tamam başqa dövr idi. O zamanki rəhbərlik də başqa idi. İndi Azərbaycanın Ali Baş komandanı, möhtərəm prezidentimizin apardığı işlər xarici, istərsə və daxili siyasət bütün dünya ictimaiyyəti tərəfindən qəbul edilir. Hamı istəyir ki, Azərbaycanla qardaşlıq, əməkdaşlıq etsin. Mən bir qarabağlı kimi bilirəm ki, ayrılıqda götürülmüş şəkildə Qarabağın hansı iqtisadiyyatı ola bilər ki? Demək olar ki, Qarabağın Azərbaycansız - istər müstəqil, istərsə də Ermənistanın tərkibində - yaşaması iqtisadi baxımdan da mümkünsüzdür. Burada onlar üçün bizsiz yaşamaq çox çətin olar. Hazırda Ermənistanın öz əhalisi zülm içərisində yaşayır, belə bir dövlət əlavə olaraq Dağlıq Qarabağı necə saxlaya bilər? Yəni erməni dövləti oranın təminatını ödəyə bilməz. Çünki, onların bütün sərhəd yolları bağlı, nə Azərbaycanla, nə də Türkiyə ilə münasibətləri yoxdur, iqtisadi blokadadadırlar, kifayət qədərdə çətinlikləri var. Ona görə də Ermənistan iqtisadiyyatdan məhrumdur. Bəllidir ki, Ermənistanın özündən və Dağlıq Qarabağdan ermənilərin Rusiyaya, Avropa dövlətlərinə və Amerikaya köçü sürətlənməkdədir. Onlar yaşayış üçün seçdikləri ölkələrdə özlərini məzlum, əzilmiş xalq kimi göstərirlər ki, həm onlara sığınacaq versinlər, həm də bizə qarşı əks-təbliğat aparsınlar. Erməni gənclər isə doğru olaraq düşünürlər ki, biz nə vaxtsa öz torpaqlarımıza qayıdacağıq və bu onlar üçün ciddi problemlər yarada bilər. Bu səbəbdən gənclər də Ermənistanı tərk edir.

- Yetişməkdə olan gənc şuşalılar nə zamansa o doğma torpaqlarında firavan yaşaya biləcəklərmi?

Bilirsiniz, bizim qarşıda görüləsi çox işlərimiz var, bu hamımızdan asılı olan işdir. Amma mən ümid edirəm ki, möhtərəm prezidentimizin siyasətin nəticəsi olaraq torpaqlarımızı azad edəcəyik. Azərbaycan Ordusu nəyinki təkcə Dağlıq Qarabağı azad etmək, hətta bütün Ermənistanı da almaq iqtidarındadır. Bu qüdrətli ordunun şəxsi heyyətini təşkil edən əsgərlər də Azərbaycan gənclərindən ibarətdir. Ancaq cənab prezidentimiz sülh yolunu seçib. Sülh danışıqları zamanı isə Azərbaycanın ərazi bütövlüyü heç zaman müzakirə mövzusu olmayıb və heç vaxt da olmayacaq. Yəni Azərbaycanın ərazi bütövlüyündən söhbət gedə bilməz, Azərbaycanın üç rəngli bayrağı hansı yolla olur-olsun, gec-tez Şuşada və Xankəndində dalğalanacaqdır. Möhtərəm prezidentimizin sözü ilə desək, biz bir metr də olsa torpağımızı heç kimə güzəştə getməyəcəyik. Bizim torpaqlar mütləq azad olunmalıdır və biz torpaqlarımızı azad edəcəyik. Mən inanıram ki, möhtərəm prezidentimizin hər hansı bir çağırışı ilə, xalq ayağa qalxıb torpaqlarını azad edə bilər. Xalq da, müasir gənclik də vətənini çox sevir, doğma torpaqlarımıza qayıtmağı çox istəyirlər. Mən sizi inandırım ki, möhtərəm prezidentimizin çağırışı istər gənc nəsli, istərsə də yaşlı nəsil ayağa qalxmağa qadirdir, xalq öz torpaqlarını azad etməyə hazırdır, Ali Baş komandanın əmrini gözləyir.

- Şuşada Azərbaycanın tarixinə, mədəniyyətinə və digər sahələrinə töhfə verən dahi sənətkarlar yetişib. Bu insanların yubileyləri hansı səviyyədə təşkil olunur?

Onların hamısının yubileyi mütəmadi olaraq yüksək səviyyədə keçirilir. Şuşa Azərbaycan mədəniyyətinə çoxlu dahilər bəxş edib. Bəli, Azərbaycan mədəniyyəti ilə Şuşanın adı bərabər çəkilir. Biz mütəmadi olaraq bütün dahi şəxsiyyətlərin, mədəniyyət xadimlərinin, şairlərimizin, bəstəkarlarımızın hamısının yubileyi keçirilik. Hətta, bir çoxları indi adi dövlət səviyyəsində də anılır. Bu yaxınlarda Şuşa mədəniyyəti şuşalılardan ibarət qruppa ilə Macarıstanda bir folklor festivalında təmsil edilib. Şuşalı uşaqlar da orada iştirak ediblər.

- Şuşadan çoxyanıqlı danışırsınız,bu da təbiidir, hamımızınyaralı yeridir.Şuşaya qayıdandailk addımınız olacaq?

İlk növbədə atamın, anamın qəbrini ziyarət edəcəm. Mənim bu gün hər şeyim var, lakin mən bu gün uşaqlarımı götürüb onları ziyarətə gedə bilmirəm. Çox ağırdır. Buna isə mənim gücüm çatmır. Bu gün dünyanın hər yerinə gedə bilirəm, amma valideynlərimin qəbrini ziyarət edə bilmirəm. Allah bizə səbr versin, ona da nail olacağıq. Mən orada anadan olmuşam, orada təhsil almışam, ona görə də mənim üçün çox çətindir Şuşasız yaşamaq. Oranın hər daşının tanıyıram. Amma ürəkdən inanıram ki, mən oraya qayıdacamda. Onu da deyim ki, müharibə başlayanda Ulu Öndərimiz rəhbər olsaydı, Azərbaycan torpaqlarımız işğal olunmazdı.

Mehriban Məmmədzadə