Yeni Azərbaycan Partiyasının parlaq qələbəsinə inanırıq

{title

 

Müsahibimiz: Millət Vəkili, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyev


-Məlum olduğu kimi, 1 noyabr tarixində ölkəmizdə Milli Məclisə seçkilər keçirildi. Namizədlərin siyahısında diqqət çəkən yerdəyişmələr oldu. Məsələn, Şəmsəddin müəllim,ötən seçkilərdə Göyçaydan millət vəkilliyinə namizədliyinizi vermişdiniz, bu seçkilərdə isə Səbail rayonundan, səbəbi nə oldu?

İlk öncə qeyd edim ki, 1 noyabr tarixində ölkəmizdə seçki qanunvericiliyinin bütün tələblərinə uyğun olaraq tam obyektiv, şəffaf və demokratik qaydada parlament seçkilərinin keçirilməsi Azərbaycanda yüksək seçki mədəniyyətinin formalaşmasından və demokratik ənənələrin ildən-ilə daha da zənginləşməsindən xəbər verir. Bildiyiniz kimi, Milli Məclisə seçkilərdə deputatlığa namizədliyim üzvü olduğum Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdür.Bundan əvvəl isə, Milli Məclisə 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən millət vəkili seçilmişəm. Beşinci çağırış Milli Məclisə seçkilərdə də partiyamız mənə bir daha böyük etimad göstərmiş və bu dəfə namizədliyimin başqa dairədən - 29 saylı Səbail seçki dairəsindən irəli sürülməsini məqsədəuyğun hesab etmişdir. Fikrimcə, bunun əsas səbəbləri sırasında bu il YAP Səbail rayon təşkilatının sədri vəzifəsinə seçilməyim də mühüm rol oynamışdır. Məlum olduğu kimi, Səbail rayonu paytaxtımızın mərkəzi rayonlarından biri olmaqla yanaşı, ölkəmizin ictimai-siyasi həyatında hər zaman özünəməxsus fəallığı ilə seçilir. Mən bunun məsuliyyətini tam şəkildə dərk edirəm və əgər növbəti dəfə millət vəkili olmağa layiq görülərəmsə, həmişə olduğu kimi, gələcək deputatlıq fəaliyyətimdə də seçicilərimin və partiyamızın böyük etimadını öz əməli işlərimlə doğrultmağa çalışacağam.

Ümumiyyətlə, dairələr üzrə namizədlərin siyahısında baş verən yerdəyişmələrə texniki dəyişikliklər kimi yanaşmaq lazımdır. Çünki mahiyyətcə, hər bir dairənin seçiciləri, sakinləri Azərbaycan vətəndaşıdır və buradan seçilən millət vəkilləri də Milli Məclisdə Azərbaycan vətəndaşlarının hüquqlarını, mənafelərini təmsil edirlər.

-5 ildə rəhbəri olduğunuz Elm və Təhsil Komitəsi hansı qanunlar hazırlayıb?

Elm və təhsil sahəsində qanun layihələrinin hazırlanması komitəmizin başlıca fəaliyyət istiqamətini təşkil edir. Bildiyiniz kimi, bundan əvvəlki çağırış Milli Məclisin fəaliyyəti dövrü ərzində komitəmiz tərəfindən Azərbaycan Respublikasının "Təhsil haqqında” Qanun layihəsi işlənib hazırlanmış, Milli Məclisdə qəbul edilmiş və Cənab Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilərək qüvvəyə minmişdir. Müstəqillik əldə etdikdən təqribən 17 il sonra belə bir Qanunun qəbul edilməsi Azərbaycanda təhsil sahəsində mövcud olan bütün münasibətlər sisteminin müasir tələblər səviyyəsinə uyğunlaşdırılmasına hüquqi təminat yaratdı. Bununla yanaşı, ölkə qanunvericiliyində ilk dəfə olaraq, "Elm haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanaraq, bu il Milli Məclisin plenar iclasında birinci oxunuşdan keçmişdir. Bu da o deməkdir ki, sözügedən qanun layihəsi artıq konseptual cəhətdən bəyənilmişdir. Birinci oxunuş zamanı səsləndirilmiş rəy və təkliflərin üzərində iş aparılmışdır və yaxın günlərdə qanun layihəsi ikinci oxunuşa təqdim ediləcəkdir. Paralel olaraq, komitədə yaradılmış işçi qrupları tərəfindən "Məktəbəqədər təhsil”, "Ümumi orta təhsil”, "Ali təhsil”, "Təhsil kreditləri” haqqında və digər qanun layihələrinin ilkin variantları işlənib hazırlanır və bunlardan bəzilərinin payız sessiyasında ictimaiyyətin diqqətinə çatdırılacağı gözlənilir. Ümumiyyətlə, qanun yaradıcılığı prosesi çox mürəkkəb, mərhələli, elmtutumlu bir prosesdir. Xüsusilə qeyd edim ki, komitəmiz hər hansı bir qanun layihəsinin hazırlanmasını əlaqədar nazirlik və dövlət idarələri, elm və təhsil müəssisələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri, ictimai birliklər və digər aidiyyəti qurumlarla sıx əməkdaşlıq şəraitində həyata keçirir. Bundan əlavə, komitəmizin üzvləri Milli Məclisə daxil olan digər bütün qanun layihələrinin müzakirəsində fəal iştirak edirlər.

Bununla yanaşı, komitəmizin üzvləri parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının tərkibində təmsil olunaraq müxtəlif ölkələrin parlament nümayəndələri ilə görüşlər keçirirlər, qarşılıqlı əhəmiyyətə malik məsələlərlə bağlı fikir mübadiləsi aparırlar ki, bu da parlamentlərarası əlaqələrin möhkəmlənməsi prosesinə öz töhfəsini verir.

Komitəmizin əsas fəaliyyət istiqamətlərindən birini də komitə üzvlərinin seçicilərlə işi təşkil edir. Komitəmizi təmsil edən millət vəkilləri hər ay müəyyən edilmiş günlərdə seçiciləri qəbul edir, rayonlara səfər edir, onlara ünvanlanmış məktublarla tanış olur, seçicilərin problemlərini araşdırır və həlli istiqamətində müvafiq addımlar atırlar.

-Orta və ail təhsil ocaqlarında dini marifləndirmə kontekstində fənlərin keçirlməsinin vaxtı çatmayıbmı, sizcə? Bilirsiniz ki, bir sıra Avropa ölkələrində bu praktika uğurla həyata keçirlirir.

Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətdir. Konstitusiyamıza əsasən, din dövlətdən ayrıdır və dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda da qeyd edilir ki, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı оlmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yоl verilməməsinə təminat verir. Lakin təhsil müəssisəsində, təhsili idarəetmə və digər təhsil оrqanlarında siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yоl verilmir.

Bununla yanaşı, ölkəmizdə demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun şəkildə dövlət və din münasibətləri formalaşmışdır. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin etiqad və vicdan azadlığı təmin edilmişdir. Siz sualınızda Avropa ölkələrini misal çəkdiniz. Lakin vəziyyət bunun tam əksinədir. Azərbaycan bu məsələdə Avropanı üstələyir və dini tolerantlıqdan, dini dözümlülükdən danışarkən, Avropada Azərbaycan modelini misal çəkirlər. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsi istiqamətində misilsiz işlər görülmüşdür və ölkəmiz dünyada tolerantlığın nümunəsinə çevrilmişdir. Hazırda tolerantlıq dedikdə, dünya ictimaiyyətinin gözü qarşısında ilk növbədə Azərbaycan canlanır.

Bu gün də, ölkəmizdə nəinki dini maarifləndirmə, ümumiyyətlə milli mənəvi və ümumbəşəri dəyərlərin təbliği işləri uğurla davam etməkdədir. Bu prosesə ölkəmizin təhsil sistemi də fəal surətdə qoşulmuşdur. Bildiyiniz kimi, Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil sisteminin başlıca vəzifələrindən biri hazırlanan kadrların milli mənəvi və ümumbəşəri dəyərləri qoruya və inkişaf etdirə bilməsidir, geniş dünyagörüşünə malik olmasıdır və s. Bunun üçün təhsil müəssisələrində hər hansı bir dini fənnin tədris edilməsi əsas şərt deyildir. Yəni dini fənlər tədris olunmadan da bu işləri uğurla həyata keçirmək mümkündür və keçirilir də. Məsələn, məndə olan məlumatlara görə, müntəzəm olaraq təhsil müəssisələrində uşaqların və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması istiqamətində dini mövzular da daxil olmaqla müxtəlif konfranslar, seminarlar, müzakirələr, məruzələr və s. tədbirlər həyata keçirilir. Bu baxımdan dini təhsil müəssisələri və ixtisaslar istisna olmaqla, ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinin tədris planına və ya kurikulumuna dini fənlərin daxil edilməməsini neqativ tendensiya kimi qiymətləndirmək düzgün olmaz.

-Uzun müddət SSRİ-nin Neft Akedemiyası adlanandırlan ADNA-ya(Azərbaycan Dövlət Neft Akademiyası) alternativ neft məktəbinin yaradılmasına səbəb nədir?

Düzdür, SSRİ zamanında neft sahəsi üzrə vahid ali təhsil müəssisəsi fəaliyyət göstərirdi və bu o zamanki iqtisadi sistemin tələblərinə uyğun gəlirdi. Lakin müstəqillik qazandıqdan sonra, bazar iqtisadiyyatı şəraitində bir çox sahələrdə olduğu kimi təhsil sahəsində də rəqabət mühitinə ciddi ehtiyac yarandı. Hazırda təkcə neft deyil, digər sahələr üzrə də ixtisaslı kadr hazırlığı prosesi bir neçə universitetdə həyata keçirilir. Məsələn, iqtisadiyyat, hüquq, pedaqogika, menecment, mühəndislik və s. kimi çoxlu sayda ixtisasları misal göstərmək olar ki, onların müxtəlif universitetlərdə təhsilinin təşkil olunması ali təhsil müəssisələri arasında sağlam rəqabət mühiti formalaşdırır və təhsil xidmətlərinin keyfiyyətinin yüksəlməsinə səbəb olur. Bu baxımdan, Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Bakı Ali Neft Məktəbinin yaradılması məhz ölkə iqtisadiyyatının aparıcı sahəsi olan neft-qaz sektorunda yüksək keyfiyyətli, beynəlxalq standartların tələblərinə uyğun mütəxəssislərin hazırlanması işinə böyük töhfə oldu. Bununla yanaşı, Möhtərəm Prezidentin sentyabr ayında imzaladığı sərəncama əsasən, Azərbaycan Dövlət Neft Akademiyasının Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılması ali təhsil ocağının təkcə neft sənayesində deyil, eləcə də sənayenin digər sahələrində də yüksək rəqabətqabiliyyətli kadr hazırlığını həyata keçirə bilməsinə geniş imkanlar yaradacaqdır.

-Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı vəziyyət nə yerdədir və bu yaxınlarda məsələ ilə bağlı hər hansı qərarın açıqlanacağıgözlənilirmi?

Bildiyiniz kimi, dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair konsepsiya layihəsinin hazırlanması barəsində sərəncam ölkə başçısı Cənab İlham Əliyev tərəfindən 2011-ci ilin aprel ayında verilmişdir. Sərəncamda bu işin mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hesab edirəm ki, işin gedişatı ilə bağlı ətraflı məlumatı sərəncamın icrası ilə məşğul olan aidiyyəti qurumlardan əldə etsəniz daha məqsədəuyğun olardı. Bununla yanaşı, qeyd edim ki, bu sahədə komitəmizdə müəyyən araşdırmalar aparmışıq. Belə qənaətə gəlmişik ki, dövlət qulluğunun bütünlükdə deyil, yalnız iki-üç komponentinin müəllimlərə şamil edilməsi mümkündür, qalan məsələlər isə xüsusi statusların müəyyən edilməsi ilə öz həllini tapa bilər. Gördüyünüz kimi, sərəncamda da söhbət dövlət qulluğunun xüsusi növündən gedir.

-Milli Məclisəyenidən üzv seçiləcəyiniz təqdirdə(biz buna inanırıq) komitənin işini necə görürsünüz? Hansı işlərin görülməsi daha vacibdir?

Biz də Yeni Azərbaycan Partiyasının parlaq qələbəsinə inanırıq. Çünki seçicilərimiz Yeni Azərbaycan Partiyasına, onun lideri cənab İlham Əliyevin milli mənafelərimizin təmin edilməsinə istiqamətlənən müstəqil, uzaqgörən, müdrik, məqsədyönlü, mütərəqqi siyasətinə, onun güclü siyasi iradəsinə, tükənməz intellektinə inanır və bu siyasətin alternativsizliyini aydın şəkildə görürlər. Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulan və ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən yeni məzmunda uğurla davam etdirilən inkişaf strategiyası sayəsində bu gün Azərbaycan dünyada dinamik inkişaf edən, siyasi və iqtisadi sabitlik nümayiş etdirən, müstəqil siyasət yürüdən qüdrətli bir dövlətə çevrilmiş və qarşıya daha əzəmətli hədəflər qoyulmuşdur. Əldə olunmuş misilsiz nailiyyətlər deməyə əsas verir ki, qısa bir zamanda Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olacaqdır. Bununla bağlı, ölkədə yeni prioritetlər müəyyən edilmiş, çoxlu sayda strateji inkişaf proqramları qəbul edilmiş və icra edilməkdədir. Təbii ki, partiyamız bundan sonra da gələcək fəaliyyətini Azərbaycanın parlaq gələcəyini təmin edən yeni vəzifələr və hədəflərə uyğun olaraq quracaqdır. O cümlədən də, deputatlığa namizəd kimi, mən də, əgər seçicilərim etimad göstərərlərsə, gələcək parlament fəaliyyətimi Yeni Azərbaycan Partiyasının irəli sürdüyü yeni platformaya, yeni hədəflərə uyğun şəkildə davam etdirəcəyəm.

                                                                                                                                              Mehriban Məmmədzadə